Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2022 12:00

“Sərhədlərimizi qorumaq nə qədər məsuliyyətlidirsə, bir o qədər də qürurludur”

Qış fəslinin son günlərini yaşayırıq. Hər fəsildə başqa don geyinən təbiət ağ libasda daha gözəl olur. Ağ örtüklü təbiəti duvaqlı gəlinə də bənzədirlər. Qışın özünəməxsus gözəlliyi və fərqliliyi də məhz bu fəsildə hər tərəfin ağ örpəyə bürünməsidir. Sərt soyuğu, şaxtası, çətin qayğıları olan bu fəsli fərqləndirən və sevdirən cəhətlərdən biri də təqvim ilinin yenilənməsidir. Hər insan yeni ilə yeni ümidlərlə, yeni arzularla qədəm qoyur. Bütün bu xüsusiyyətləri ilə qış ən çox  da uşaqların sevimli fəslidir. Onlar qarın yağmağına bütün şıltaqlıqları ilə sevinir, qartopu oynayır, qardan adam düzəldirlər. Şaxta babanın gəlişini gözləyir, alınan yeni il hədiyyələrinə həvəslənirlər. Bu fəsildən sonra gül-çiçək ətirli baharın gəlişi də qışı gözəlləşdirən cəhətlərdəndir...
Qışın gözəlliklərindən çox danışmaq olar. Lakin yüz dəfə danışmaqdansa, bir dəfə görmək yaxşıdır. Təəssüf ki,  bu il paytaxtımızda qışın həm qarından, həm də əsrarəngiz mənzərəsindən məhrum qaldıq. Düzü mən qış fəslini elə də sevmirəm, çünki gözəlliyi ilə bərabər sazağı, şaxtası da var. İsti evində oturub pəncərədən yağan qar dənəciklərini, ağ örpəyə bürünən ağacları, damları ağaran tikililəri izləyənlər üçün, bəli, qış ən gözəl fəsildir. Belə deyim, yalnız gözəl tərəflərini yaşayanlar üçün gözəldir bu fəsil. Lakin bu gözəlliklər bizi nə qədər ağuşuna alıb ovsunlasa da, gözlərimizi qamaşdırsa da, bu şaxtalı havalarda Vətənin keşiyində dayanan igidlərimizi, soyuq, sazaq bilmədən uca zirvələrdə qartal olan ərənlərimizi unutmuruq.
Xidmətin təşkilinə hava şəraitinin yaratdığı çətinliklərə görə bu fəsli sevmirəm. Lakin onu da əminliklə deyim ki, əsgərlərimiz bütün çətinliyə sinə gərir, sərhədlərimizi göz bəbəyi kimi qoruyurlar. İgidlərimizin mənəviyyatı elə böyük Vətən sevgisi ilə qidalanır ki, onlar bu ülvi hissdən soyuqda istilik tapırlar, istidə sərinlik...
Bu sevginin istiliyində biz də qızınmaq üçün işğaldan azad olunan Kəlbəcər rayonuna yollanırıq. Kəlbəcər rayonu İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan əsgərinin rəşadəti ilə bir güllə belə atılmadan düşməndən azad olundu. Kəlbəcər mürəkkəb relyefli, ən yüksək dağ rayonudur. Bu dağların zirvələrinə Azərbaycan əsgərlərinin hakim olması çox qürurverici, sevindiricidir. Bu sevinc 30 ilə yaxın həsrətin, ağrı-acının sevincidir. Bu qürur şanlı qələbənin qürurudur. Uzun illər qisas alovunu dindirən, işğala son qoyan Zəfərin qürurudur. Artıq bu ərazilərin daimi sakinləri Azərbaycan zabitləri,  əsgərləridir. Biz də onların görüşünə tələsirik. Öz dəyanətləri ilə dövlətinə və xalqına güvənc verən igidlərin yanına gedirik...
Avtomobilimiz "Ömər aşırımı" adlanan yolla  irəliləyir. Maşının pəncərəsindən baxanda gözlərim qarşısında təsvirəgəlməz dərəcədə gözəl mənzərə canlanır. Hər yer dümağ parıldayan ipəyə oxşayır. Uca dağları seyr etdikcə görüşünə getdiyimiz əsgərlərimizi də bu vüqarlı dağlara bənzədirəm. Uzun sürən həsrətdən sonra bizi əzəli torpaqlarımıza qovuşduran onların cəsarəti və şücaəti oldu. Rəşadətli Azərbaycan əsgərləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən qüvvələrini məhv edərək ərazi bütövlüyümüzü təmin etdilər. Bu gün də igid oğullarımız dövlət sərhədlərimizin keşiyində qətiyyətlə dayanırlar...
"Ömər aşırımı"nın ən hündür yerində dayanırıq. Avtomobildən düşəndə ağappaq qardan gözlərimiz qamaşır. Bir az keçdikdən sonra ilk qarı görən uşaq kimi sevinirik. Göydən ələnən narın, ağ mirvariyə bənzəyən dənəcikləri seyr edirəm. Qar dənəciklərinə diqqətlə baxanda  rast gəldiyim naxışlar təbiət adlı rəssamın fırçasının gücünün göstəricisi olur. Bu naxışları təsvir etməyə başqa heç bir rəssamın fırçasının gücü çatmaz.  Necə ki, rəşadətli ordumuzu məğlub etməyə düşmənin və onun havadarlarının gücü çatmadı. Dünyanın ən güclü ordularından biri olduğumuzu döyüş meydanında tarixi Zəfərimizlə sübut etdik...
Bu fəsildə günün qısa olmasını nəzərə alaraq çox ləngimədən yolumuza davam edirik. Ordumuzun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə qar örtüyündən təmizlədiyi yolla sürücünün maşını ustalıqla idarə etməsi nəticəsində rahatlıqla mənzil başına çatırıq. Zabit Murad Dadaşov bizi salamlayaraq, "xoş gəldiniz" deyir, mobil tipli yataqxanaya  dəvət edir. Hal-əhval tutduqdan sonra burada xidmət aparan digər şəxsi heyətlə tanış olur, düşüncələrini öyrənirəm. Murad onların hər birindən razılıq edir. Məsuliyyətli, bacarıqlı olduqlarını bildirir. "Seçdiyim peşə ilə həmişə qürur duymuşam. Bu gün qürurum ikiqatdır. Qalib və yenilməz ordunun zabitiyəm. İşğaldan azad olunan torpaqlarımızda xidmət edirəm. Dövlətimizin diqqət və qayğısı ilə tam əhatə olunmuşuq. Əsgərlər də yüksək əhval-ruhiyyədə xidmət aparırlar. Verilən tapşırıqları dəqiq yerinə yetirir, döyüş növbətçiliyində inamla dayanırlar".
Zabit tabediyindəki əsgərlərdən ağızdolusu danışdıqca "El igidləri ilə tanınar" atalar sözünü xatırlayıram. Qəhrəmanlıq salnamələri ilə zəngin tarixi olan elimiz də məhz igidlər oylağıdır. Azərbaycan əsgərinin döyüş ruhu, qətiyyəti, sərhədlərimizə keçilməz qala olması, əslində, vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və bu qəbildən olan atalar sözlərinin, aforizmlərin sübutudur.
Ətrafa göz gəzdirirəm. Ağ örpəyə bürünən əzəmətli dağlar, başımızın üstündə dalğalanan üçrəngli bayrağımız, döyüş növbətçiliyində dayanan dağ vüqarlı əsgərlərimiz və onların Vətən sevgilərindən, yüksək döyüş ruhundan bəhrələnən məğrur duruşları ovsunlayıcı, fərəhləndirici görüntüdür. Rəssam olub bu mənzərəni çəkmək, şair olub sətirlərin yaddaşına köçürmək istəyirsən. Belə xüsusi qabiliyyətlərim olmadığı üçün mənzərənin əsas qəhrəmanları ilə həmsöhbət olmaqla istəyimə su səpirəm.  Onlarla birgə stol arxasında əyləşir, səmimi ortamda düşüncələrini qeyd edirəm.
Çavuş Əkbər Məmmədov xidmətin uğurlu təşkilindən, təminatlarından, gündəlik fəaliyyətlərindən danışır. Hərb peşəsinin çətin, amma şərəfli olduğunu bildirir. "Asan iş yoxdur. Əsas odur seçdiyin peşəyə bağlı olasan, işini sevgi ilə görəsən. Bu peşə isə nəinki bizim, bütün xalqımızın rəğbət bəslədiyi, sevdiyi peşədir. Hərbi mundir daşımaq, sərhədlərimizi qorumaq nə qədər məsuliyyətlidirsə,  bir o qədər də qürurludur. Dövlətimiz də xidmətimizi uğurla aparmağımız üçün hər cür şərait yaradıb. Bütün qayğılarımız və təminatlarımız qaydasındadır. Yüksək əhval-ruhiyyədə xidmətimizi davam etdiririk. Qarşı tərəfin istənilən təxribatının qarşısını almağa hər an hazırıq", - çavuş Əkbər Məmmədov deyir.
Əsgərlər də söhbətə qoşulurlar. Hərbi xidmətin üstünlüklərindən, aşıladığı müsbət keyfiyyətlərdən, yadda qalan günlərindən danışırlar. Əziz Heybətli hərbi xidmətin övladlıq borcu olduğunu bildirir. "Əvvəlcə onu deyim ki, torpaq həsrəti ilə böyüyən Azərbaycan gənci kimi, işğaldan azad olunan ərazilərimizdə xidmət aparmaq ifadə edilməyəcək qədər sevinclidir. Biz Vətəni anamız bilir, anamız qədər sevirik. Əsgəri xidmət keçmək, Vətənimizin keşiyində dayanmaq hər birimizin müqəddəs övladlıq borcudur. Qardaşlarımızın canı bahasına azad olunan torpaqlarımızı göz bəbəyi kimi qoruyuruq", - Əziz deyir.
“Bu haqq savaşımızda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin deyən”, - Rəşad Əliyev söhbətə qoşulur. Hərbi xidmətdə cəmiyyətə yararlı vətəndaş kimi formalaşdığını qeyd edir. "Əsgərlikdə hərbi bilik və vərdişlərə yiyələnməklə yanaşı, dözümlülüyümüz, iradəmiz güclənir. Vətənə bağlılığımız daha da möhkəmlənir. Müqəddəs vəzifələrimizin öhdəsindən layiqincə gəlməyi qarşımıza məqsəd qoyuruq. Vətənimizin keşiyində mətin dayanırıq. Qürur duyuruq ki, qalib ordunun əsgərləriyik".
Əziz və Rəşadın könül xoşluğu bəxş edən düşüncələri bu gün ordumuzda xidmət edən hər bir əsgərimizin sözləridir. Onların vətənpərvərliyi, nümunəvi xidmətləri onun göstəricisidir ki, Azərbaycan gənclərinin qarşısında dayanan əsas vəzifələrdən birincisi Vətən qarşısında əsgəri borcu layiqincə yerinə yetirməkdir. Ordu sıralarında xidmətdə olan gənclərimiz müddətli həqiqi hərbi xidmət dövründə Vətənimizi qorumağa qadir olan hazırlıqlı əsgərlər kimi formalaşmaqla yanaşı, gələcəkdə müstəqil yaşamağın sirlərinə də alışırlar. Məhz bu baxımdan hərbi xidmət həm də həyat məktəbidir. Əsgərlər Elton Əhmədov, Seyidəli Ağazadə və Zamin Hüseynli də bu məktəbin tələbələridir. Onlar da qüdrətli dağlarımızın mətin keşikçilərindəndirlər. Hər biri yüksək əhval-ruhiyyədə xidmətlərini davam etdirir. Onların xoş təəssürat bağışlayan səbatlı sözləri bir nöqtədə kəsişir - Rəşadətli Azərbaycan Ordusunun əsgəri kimi Vətənimizin keşiyində dayanmaqdan qürurluyuq.
...Artıq döyüş növbətçiliyinin dəyişilmə vaxtı çatır. Zabit Murad Dadaşovun tapşırığına əsasən çavuş Əkbər Məmmədov döyüş növbətçiliyinə gedəcək heyəti hazırlayır, silah-sursatını yoxlayır. Zabit sıraya düzülən heyətə təhlükəsizlik qaydalarını və döyüş təlimatını çatdırır. Vətəni qorumaq kimi müqəddəs vəzifəni yerinə yetirən igidlərimizə uğurlar arzulayır, xudahafizləşirik.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"