Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Mart 2022 16:17

“Yeri müəyyən edilən snayper özü hədəfdir və ölü snayperdir”

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında "Snayper hazırlığı" kursu keçirilir. Kurs müddətində snayperlər istənilən hava şəraitində, fərdi və cütlük şəklində hərəkət edərək müxtəlif məsafələrdə yerləşən hədəflərə atəşaçma tapşırıqlarını uğurla yerinə yetirirlər. Həmçinin atəş mövqeyinin seçilərək hazırlanması, maskalanma, təlim-döyüş tapşırığının yerinə yetirilməsi üçün təyin olunan obyektlərə gizli yaxınlaşma, əlverişsiz vəziyyətlərdən atəşaçma, aşkar edildikdə mövqeni tərketmə və digər vərdişlər təkmilləşdirilir.
Kursda iştirak edənlər arasında qadın hərbi qulluqçu da var ki, Vətən sevgisi, nizam-intizamı, atəş bacarığı ilə heç də kişilərdən geri qalmır.
Gizir Aniel Azər qızı Abbasova - 10 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olub, orta təhsillidir, 3 övladı var. 2015-ci ildən hərbi xidmətdədir.
- 1800-1891-ci illərdə yaşamış alman marşal Helmuth von Moltke “Döyüşdə ən ağıllı davranış, ən cəsur qərarı vermək olar” demişdi. Zərif cinsin nümayəndəsi olaraq, döyüşə girmədən cəsur qərarı verərək hərb sənətini seçmisiniz.
- 30 ilə yaxın tarixi torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin əsarətində olması hər bir vətənpərvər azərbaycanlı kimi məni də hiddətləndirirdi. Bu səbəbdən torpaqlarımızın azad edilməsində iştirak etmək üçün hər zaman hərbçi olmaq istəmişəm.
Hərbçi olmaq qərarını gənc yaşlarımdan almışam. Səbəbini də sizə deyim. Hər kəsin həyat hekayəsinin yazıldığı bir an olur. Bir gün Azərbaycan Dövlət Televiziyasının efirində xalqımızın ümummilli lideri Heydər Əliyevin məşhur xalq şairimiz Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirdiyi süjet yayımlanırdı. Əbədiyaşar Komandanın şeiri fəxarətlə əzbərdən söyləməsi hər kəsdə olduğu kimi, məndə də müsbət duyğular oyatdı. Lakin Ulu Öndərin şeirin son misralarını deyərkən qəhərlənməsi məni də kövrəltdi. Həmin an Vətənin, Vətən sevgisinin insan bədənini, ruhunu necə sardığını hiss etdim. Hərbçi olacağıma qərar verdim. Vətənimizin keşiyində dayanmağı qarşıma məqsəd qoydum. Atam həmişə məqsədinin dalınca getməyi və ona nail olmaq üçün əlindən gələni etməyi, çətinliklərə sinə gərməyi tövsiyə edirdi. Bu vaxta qədər bütün məqsədlərimə nail ola bilmişəm. Elə bu arzuma da atamın dəstəyi ilə çatdım.
- Hərb sənəti çətin peşədir. Snayper olmaq isə ikiqat məsuliyyətli və çətindir. Niyə məhz snayper olmaq istədiniz?
- Evimiz hərbi hissənin yaxınlığındaydı. Uşaqlıqdan hərbi geyimli zabitləri gördükdə söhbətləşər, gələcək arzularımı dilə gətirərdim. Arzularıma qovuşmaq üçün araşdırmalar etməyə başladım. Bu araşdırmalar silahlara maraq oyatdı. Əsasən də snayper tüfəngləri xüsusi diqqətimi çəkdi. Bu haqda kitablar oxuyar, filmlər izləyərdim. Bu maraq mənimlə birgə böyüdü. Nəticədə snayper kimi ordu sıralarında xidmətdəyəm.
- Öz təcrübənizdən bəhrələnərək snayperin xüsusiyyətlərini bizə izah edə bilərsiniz?
- Snayper gizlicə düşmənin dərinliyinə qədər sızıb, ən vacib hədəfləri tamamilə məhv edən şəxsdir. Yüksək dəqiqlik, səbir və dözümə malik bu insanlar hər an, hər yerdə ola bilərlər. Onu ciddiyə almamaq və bu faktorla hesablaşmamaq ölüm deməkdir. Çünki o, döyüşün gedişatını kökündən dəyişə bilən sərrast atıcıdır. Snayper düşmənin canlı qüvvəsinin ovçusudur. Məqsədinə çatmaq üçün uzun müddət istənilən hava şəraitində sakit, səssiz qalaraq, təbiət və ətraf mühitlə harmoniyaya girərək görünməz olur. Tapşırıq verildikdən sonra hədəfin hansı şəraitdə və necə vurulması haqqında özü qərar verir. Döyüşlər zamanı isə fasiləsiz olaraq hədəf axtarır. Snayper fiziki hazırlıqlı olmaqla yanaşı, psixoloji sağlam olmalı, güclü intuisiya, yaxşı eşitmə və iti görmə qabiliyyətini özündə birləşdirməlidir. Bu keyfiyyətlər uzun zaman düşməni gizli müşayiət etməyə kömək edir. Sağ qalmaq üçün snayper aşkar edilmədən, düşmənin yerini müəyyən edərək, məhv etməlidir. Yaxşı maskalanan snayper ərazini səbirlə müşahidə etməli, düşmənin canlı qüvvəsini sərrast atəşlə məhv etməlidir. Bunun üçün isə diqqətlə təbiətin yaratdığı yaşıllıqların qeyri-adi dəyişməsinə, heyvan və quşların narahatlığına, ağac və kolların titrəyişinə, otluqlarda addım səslərinə, sakit havada qeyri-təbii qoxulara fikir verməyi bacarmalıdır.
- Snayperin əsas xüsusiyyətləri nədən ibarətdir?
- Snayperin ən əsas xüsusiyyəti adi insanlardan qat-qat üstün olan səbiri və dözümüdür. Məhz bu zaman o, hədəfini uzun vaxt ərzində gözləyə və zamanı çatdıqda bir göz qırpımında məhv edə bilər. Snayperin hədəfdən yayınaraq bir gülləni də boş buraxmağa ixtiyarı yoxdur. Çünki eyni mövqedən ikinci atəş açıldığı zaman snayperin mövqeyi müəyyənləşdirilə bilər. Yeri müəyyən edilən snayper özü hədəfdir və ölü snayperdir. Onun üzərinə düşən vəzifə ağır olduğu kimi, həm də çox məsuliyyətlidir. Buna görə o, tutduğu mövqenin relyefinə və mövcud şəraitinə uyğun maskalanmalıdır. Yaxşı maskalanmaq və düşmənə görüntü verməmək ən vacib şərtlərdəndir. Həmçinin hər atəşdən sonra yaxşı olar ki, snayper tez zamanda yerini dəyişsin. Başlıca və ən önəmli vəzifəmiz isə düşmənin canlı qüvvəsini məhv etməkdir. Əlavə olaraq snayper həm psixoloji, həm də fiziki cəhətdən hər şeyə hazır, möhkəm və dözümlü olmalıdır. Bilik səviyyəsi yüksək olmalıdır. Snayperin işi hesablamalardan ibarətdir. O, ən qısa zamanda hesablamalar apararaq qərar qəbul etməli, ən sərfəli anda və ən düzgün mövqedən verilən tapşırığı uğurla icra etməlidir.
- Hesablamalardan danışdınız. Düşünürəm ki, orduda elə bir sahə yoxdur ki, hesabsız nəyəsə nail olunsun. Napoleon Bonapartın belə bir deyimi var: “Hərb elmi elə bir sahədir ki, onda hesab edilməyən və düşünülməyən bir nəticəyə müvəffəq ola bilməz. Snayperlər də bu qəbildən üstün xüsusiyyətlərə malikdirlər. Niyə məhz snayper qadınlara üstünlük verilir?
- Snayper üçün sadəcə fiziki güc və atəş açmaq bacarığı yetərli deyildir. Elə keyfiyyətlər var ki, onlar snayperdə ən üstün həddə olmalıdır. Gizlənməyi, saatlarla hərəkətsiz qalmağı bacarmalısan. Snayper duelində birinci hərəkət edən, maskalanmanı pozan ölümə məhkumdur. Snayperin əsas keyfiyyətləri sərhədsiz səbir, gözə görünməmək qabiliyyəti və hadisələri intuisiyanın köməyi ilə öncədən təxmin etmək bacarığıdır. İntuisiya isə qadınlarda kişilərdən daha güclü olur. Yəqin ki, bu fikirlərimə görə kişilər məndən inciməzlər.
Hərbçi qadınlar, əsasən də qadın snayperlər psixofizioloji planda kişilərdən dayanıqlıdırlar, ona görə də ekstremal vəziyyətdə daha yaxşı işləyirlər. Qadınlar yüksək özünümüdafiə instinktinə malik olduqlarına görə onlarda pusquda qalmaq daha yaxşı alınır. Heç kim üçün qadınların həddən artıq güclü müşahidə etmə bacarığının olduğu sirr deyil. Həmçinin biz, yəni, qadınlar, daha həssas və daha ehtiyatlıyıq. Məhz bütün bu keyfiyyətlərə görə qadın snayperlərə üstünlük verilir.
- Ordu sıralarında bir qadın snayper kimi xidmət etmək çətindirmi?
- Əsla. Əksinə, rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət etmək hər bir hərbi qulluqçu kimi məni də qürurlandırır. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında güclü ordumuz illərdir sürən düşmən işğalına son qoydu. Tarixi torpaqlarımızdan erməni ordusunu qovdu. Mətin addımlarla irəliləyən cəsur oğullarımız şəhidlərimizin qisasını aldılar. Cəmi 44 gün ərzində haqq-ədalət bərqərar olundu. Doğma Qarabağımız gerçək sahibinə geri döndü. Düşünürəm ki, belə bir orduda xidmət etmək hamının arzusudur.
Həmçinin hansı peşə olduğundan asılı olmayaraq, ilk növbədə onu sevib və dəyər verməlisən. Bu peşə əgər Vətənə xidmətdirsə, o zaman tək sevgiylə bitməz. Canını ortaya qoymalı, bütün gücünü səfərbər etməlisən. Əgər nankor düşmən çirkin əllərini Vətənimizə uzadarsa, mən, o əli hansı məsafədən olursa-olsun, bir güllə ilə paramparça etməyə hazıram.
- Kurs zamanı proqrama uyğun olaraq dərslər keçirilir. Bu haqda daha ətraflı danışa bilərsinizmi?
- Bizə düşmənin dərinliyinə qədər gedib, qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirib, sağ-salamat geri qayıtmaq üçün gərəkən bütün təlimlər keçirilir. Buna görə üzərimizdə əziyyəti və əməyi olan bütün müəllimlərimizə dərin təşəkkürümü bildirirəm.
Onlar sayəsində hər birimiz professional snayper kimi formalaşırıq. Əminəm ki, kursu müvəffəqiyyətlə başa vuracaq və gələcəkdə verilən bütün tapşırıqların öhdəsindən bacarıqla gələcəyik.
- Qadın hərbi qulluqçusu və snayper olaraq sonda nə demək istərdiniz?
- Tariximizin səhifələrini vərəqləsək, ora təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Onların arasında hökmdarlar, sərkərdələr, döyüşçülər və diplomatlar belə olub. Massaget hökmdarı Tomris Vətəni Azərbaycanı qorumaq üçün böyük hünər, ağıl və mətanət göstərib. Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əlində silah 25 ildən artıq at belində zülmə qarşı döyüşüb. Qəhrəman Azərbaycan qadınlarını saymaqla bitməz. Onları özümə örnək bilərək Vətənimə, xalqıma, torpağıma şərəflə xidmət etmək borcumdur.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"