Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Mart 2022 16:17

Bayramınız mübarək, əziz qadınlar!

Azərbaycan xanımı öz fəallığı ilə seçilir, tutduğu vəzifənin öhdəsindən bacarıqla gəlir. Ordu sıralarında da vətənpərvərliyi, bilik və bacarığı ilə seçilən qadın hərbi qulluqçularımız çoxdur. Dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatçılarından biri də Azərbaycan qadınının ictimai-siyasi həyatdakı tutduğu mövqedir. Ölkəmizdə mövcud olan demokratik mühit qadınların bütün sahələrdə uğur qazanmaları üçün zəmin yaradır. Dövlətimizin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq gender bərabərliyini təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Tibb xidməti baş leytenantı Pərvanə Rüstəmova: - Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində dünyaya göz açmışam. 9 yaşım olanda digər soydaşlarım kimi qaçqın həyatını yaşamağa məcbur oldum. Bakıda 270 saylı tam orta məktəbdə təhsil aldım. Daha sonra isə Azərbaycan Tibb Universitetini bitirdim.
2013-cü ildən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında çalışıram. 2016-cı ildə isə zabit hazırlığı kursunu bitirdim və ömür yolumu hərbi xidmətə bağladım.
Azərbaycan əsgərinin sağlamlığı üçün əlimdən gələni edirəm. İkinci Qarabağ müharibəsi dövründə yaralı hərbi qulluqçulara vaxtında, təxirəsalınmaz tibbi yardım göstərərək onların həyatı təhlükəsini aradan qaldırmağa çalışmışam.
Bu gün də tibb xidməti baş leytenantı olaraq çalışdığım kollektivdən, yaradılan şəraitdən razıyam. Hərbi həkim kimi səhhəti ilə bağlı mənə müraciət edən hər bir hərbi qulluqçunu müayinə edir, onun sağlamlığı üçün əlimdən gələni əsirgəmirəm.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ən böyük təbriki 2020-ci il noyabrın 8-də aldım. Doğma Qarabağımızı erməni işğalından azad edən oğullarımızın ən böyük təbriki biz xanımlar üçün bu olub. Mən də öz növbəmdə bütün xanımlarımızı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Heç vaxt müharibə olmasın, oğullarımız şəhid olmasın, analarımız göz yaşları tökməsin istəyirəm.
Gizir Günay Qasımova:   - 2015-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmət edirəm. Hər zaman hərbçi olmağımla, hərbi musiqimizi, marşlarımızı ifa etməkdən, onu təbliğ etməkdən qürur duymuşam. Düşünmüşəm ki, Azərbaycan qadını bütün peşələrdə yüksək iş bacarığını, qabiliyyətini necə təsdiq edibsə, hərbçi kimi də özünü təsdiq etməlidir. Daim öz üzərimdə çalışaraq, Azərbaycan hərbi musiqisini keçirilən beynəlxalq müsabiqələrdə, yarışlarda önə çıxarmağa, sevdirməyə çalışmışam. Üç dəfə Rusiya Federasiyasının Moskva şəhərində 41 dövlətin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq hərbi musiqi müsabiqələrində 4-cü, 2-ci və 1-ci yerləri qazanmışam. Bütün bunlar Azərbaycan hərbi musiqimizin dünyada təbliğ olunmasına xidmət edən addımlardır. Çıxışlarımda daha çox milli marşlarımız, vətənpərvərlik mahnıları yer alır. Onu da deyim ki, bizim hərbi musiqilərimiz, marşlarımız, ümumiyyətlə, ifalarımız alqışlarla qarşılanır. Ölkəmizi, ordumuzu təmsil etmək, doğrudan da, şərəfdir. Daima cəbhə bölgələrində əsgər və zabitlərimizin döyüş ruhunun yüksəlməsi üçün onların qarşısında vətənpərvərlik mahnılarından ibarət konsert proqramları ilə çıxışlar etmişik. Artıq bu gün biz düşməndən azad olunmuş torpaqlarımızda yaradılan hərbi hissələrin şəxsi heyəti üçün  konsertlər təşkil edirik. Keçirdiyimiz hər bir konsert proqramının hərbçilərimizdə yüksək əhval-ruhiyyə yaratmasının şahidi olmuşuq. Ötən il 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestrinin heyətinin tərkibində qardaş Türkiyə Respublikasındakı çıxışlarımız mənə unudulmaz anlar yaşatdı. Vətən müharibəsində qazanılan Zəfərimizin birinci ildönümündə  qələbə ruhlu mahnılar ifa etmək çox qürurverici idi. Azərbaycan Ordusunun bütün hərbçi qadınlarını və mülki işlərdə çalışan xanımlarımızı Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara cansağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayıram.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Gülnarə Məmmədəliyeva: - Hərbçilər Vətənin, həkimlər insan taleyinin keşiyini çəkirlər. Hər ikisinin məsuliyyəti böyükdür, hər ikisi cəmiyyət üçün çox dəyərlidir" fikrini həyatımın axarı kimi  müəyyənləşdirərək ordu sıralarına qatılmışam. Orta məktəbi bitirdikdən sonra 2 saylı tibb texnikumunda təhsil almışam. Həyatımın müəyyən dönəmində həm Vətənin, həm də insanların taleyinin keşiyini çəkmək üçün hərbçi olmağa qərar verdim. Hazırda tibb bacısı kimi hospitalda xidmətimi davam etdirirəm. Həm hərbçi, həm də tibb işçisi kimi dövlətimizə xidmət etmək şərəflidir. Dövlət başçımız bütün sahələrdə qadınların hərtərəfli fəaliyyətinə geniş yer verib. Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Bu gün demək olar ki, elə bir sahə yoxdur ki, orada qadın mütəxəssis olmasın. Orduda mərd kişilərimizlə bərabər çiyin-çiyinə qadınlarımız da xidmət edirlər. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə mən də bütün qadınlarımızı səmimi qəlbdən təbrik edirəm. Onlara milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətlərində davamlı uğurlar arzulayıram. Bu gün ən böyük təbrikə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan oğullarımızı dünyaya gətirən şəhid anaları layiqdirlər. Azərbaycan qadınının vətənpərvərlik hissi ilə böyütdüyü igid oğullarımızın sayəsində torpaq həsrətinə son qoyuldu. Azərbaycan qadını olmağımla və qalib orduda xidmət etməyimlə qürur duyuram.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Səadət Məmmədova: - Artıq 8 ildir ki, ordu sıralarında xidmət edirəm. Vətənimizin dar günündə onun müdafiəsində dayananların sırasında olmağımla fəxr edirəm. İllərdir həsrətində olduğumuz qələbəni bizə yaşadanlar döyüş meydanında Vətəni, milləti üçün şəhadət şərbətini içənlərdir. Bu bayram bu cür qəhrəman oğulları dünyaya gətirən analarındır. Bayram münasibətilə hər birinin analarını, bacılarını, həyat yoldaşlarını səmimi qəlbdən təbrik edirəm. Hər bir Azərbaycan xanımına əsl qadın xoşbəxtliyi arzulayıram. Hər zaman gözəl, təravətli, sevgi dolu olmalarını diləyirəm. Üzlərindən gülüş, qəlblərindən məhəbbət əskik olmasın. Cəmiyyətimizdə zərif cinsin nümayəndələri hər zaman diqqət mərkəzində olublar. Qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsidir. Bu cəhətdən Azərbaycan qadını şanslı və xoşbəxtdir ki, ona hər an dəyər verildiyini hiss edir. Cəmiyyətimizdə qadına, anaya, bacıya olan rəğbət bizləri hər zaman sevindirir, könül xoşluğu aşılayır. Xanımlara belə yüksək hörmət qoyulan bir ölkənin vətəndaşı olan hər bir qadın üçün təkcə 8 mart yox, elə hər gün bayramdı".
Xatirə Qurbanova: - Artıq neçə illərdir ki, "N" hərbi hissəsində aşpaz vəzifəsində çalışıram. İlk gündən hərbi hissədə xidmət edən əsgərlərə ana qayğısı ilə dadlı və keyfiyyətli təamlar hazırlayıram. Qızğın döyüşlərin getdiyi zaman da Tərtər rayonu istiqamətində olan hərbi qulluqçular üçün yeməklər hazırlamışam. Əsgər balalarımız torpaqlarımızı qoruyurlar, xalqımız firavan, düşmən təhlükəsi olmadan rahat yaşasın deyə gecə-gündüz Vətənin müdafiəsində dayanırlar. Əsgərlərimizlə çiyin-çiyinə Vətənimizə xidmət etməyimlə qürur duyuram. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ana və bacılarımızı təbrik edirəm. Əziz, mehriban xanımlarımız, bu gün bizim günümüzdür. Tanrıdan sizlərə uzun ömür, cansağlığı arzulayıram. Tək bu gün deyil, yaşadığınız hər bir gün üzünüzdən təbəssüm əskik olmasın. Çünki hər bir Azərbaycan xanımı buna layiqdir. Unutmayın ki, biz qalib xalqın nümayəndəsiyik.
Çavuş Məlakə Nəcəfova: - Hərbi mundiri daşımaq qürurverici olduğu kimi, bir o qədər də məsuliyyətlidir. Bunu anlamaq üçün gərək o hissləri yaşayasan. Hərbi qulluqçuların sırasına qatıldığım zaman torpaqlarımızın bir qismi işğalda idi. Torpaqlarımızın işğalda olması mənim də ürəyimi sızıldadırdı. Xidmətdə olduğum illər ərzində dövlətimizin orduya diqqət və qayğısının şahidiyəm. Ali Baş Komandanımızın tapşırığına əsasən  hərb sahəsində uğurlu islahatlar nəticəsində ordumuz güclənərək ərazi bütövlüyümüzü bərpa etdi. Rəşadətli ordumuzun günbəgün irəliləməsi hər birimizi fərəhləndirirdi. Döyüşlər zamanı keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Ordumuzun qələbə müjdəsi hər birimizdə ruh yüksəkliyi yaratdı. Qələbə günü sevincimi bütün sevdiklərimlə, dostlarımla paylaşdım.
Dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Bu bayramı, hər bir Azərbaycan xanımı qalib xalqın nümayəndəsi kimi qeyd edir. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə analarımızı və bacılarımızı səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, cansağlığı və qadın xoşbəxtliyi arzulayıram. Hər zaman tər güllər kimi təravətli və gözəl olasınız. Həyatınız hər zaman sevgi ilə dolu olsun, məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasın.

"Azərbaycan Ordusu"