Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Mart 2022 16:17

“Biz tarixin qəhrəmanları olmağı bacardıq”

Vətən müharibəsində ordu və xalq olaraq qazandığımız Zəfər heç də təsadüf deyildi. Bu, keçirilən təlimlərin hesabına əldə olunan böyük təcrübənin, əzmin nəticəsi idi. Həmin əzmdir ki, 30 ilə yaxın həsrəti sonlandırıb yeni dövrün - quruculuğun, bərpanın, işğaldan azad olunan torpaqlara qayıdışın təməlini qoydu. Vətən müharibəsində şəhidlər verdik. Onlar torpaq üçün canından keçən fədakar, qorxmaz şəhidlər oldular. Yaxşı deyiblər ki,  bayrağı yüksəklərdə tutan dirək deyil, insanların qürurudur; dalğalandırıb nazlı-gözəl kimi cilvələndirən rüzgar deyil, insanların sevgisi və fədakarlığıdır.
İkinci Qarabağ müharibəsində Qələbə, Zəfər naminə ləyaqətlə vuruşan mərd oğullardan biri də leytenant Həmzə Yaqub oğlu Əliyevdir. Zabitimizi daha yaxından tanımaq üçün onunla həmsöhbət olduq. Həmzə 1991-ci ildə Zərdab rayonunun Lələağacı kəndində dünyaya göz açıb. Təhsilini kənddəki natamam orta məktəbdə aldıqdan sonra 10 və 11-ci sinifləri Yarməmmədbağı kəndinin İ.Nəsimi adına tam orta məktəbində oxuyub. 2008-ci ildə Təfəkkür Universitetinə qəbul olub. 2012-ci ildə təhsilini başa vurduqdan sonra ordu sıralarına yollanıb. Cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət edib. 2013-cü ildə xidmətini başa vuraraq tərxis olunub. Hərbi sahəyə olan sevgi onu yenidən ordu sıralarına gətirib. 2019-cu ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabitlik kursuna qəbul olub,  motoatıcı ixtisasına yiyələnib.
Sentyabrın 27-də başlayan Vətən müharibəsindən hər kəs qələbə gözləyirdi. Həmzə də döyüşənlərin və inananların sırasındaydı. Müharibədə Murovdağ istiqamətindəydi. O da verilən tapşırığın öhdəsindən uğurla gəlməyi bacarır, qələbə üçün canını belə əsirgəmirdi. Həmzə Murovdağ, Ömər aşırımı, Xocavənd rayonunun Azıx, Tuğ, Yuxarı Veysəlli kəndləri istiqamətində döyüşdü. Oktyabrın 24-də döyüş tapşırığını yerinə yetirərkən yaralandı.
Leytenant Həmzə Əliyev deyir ki, 30 ilə yaxın həsrətin bitməsi mənim ən böyük arzum idi. Həmişə vuruşub xalqın qalib əsgəri olmağımı xəyal edərdim. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qorxu bilmədən, beynəlxalq norma və prinsipləri pozmadan ləyaqətlə savaşdıq,  tarix yazdıq. Biz bu tarixin baş qəhrəmanları olmağı bacardıq. Azərbaycan Ordusunun zabiti olduğum üçün qürurluyam.
Vətən müharibəsində göstərdiyi igidliyə və mərdliyə görə Həmzə Yaqub oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Şücaətə görə" medalına layiq görülüb.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"