Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Mart 2022 13:45

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Dövlətçilik tariximiz. Azərbaycan Atabəylər və Səfəvilər dövləti.

Suallar:
1. Dövlətçilik tariximizdən.  
2. Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı.
3. Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun yeri.

 

Dövlətçilik tariximizdən



VI əsrin əvvəllərində Azərbaycanda feodal münasibətləri inkişaf edirdi. Kənd icmalarının torpaqları feodalların əlinə keçir, əkilib becərilməsi çətinlik törədən torpaqlar isə sahibsiz qalırdı. Torpaqsız qalan icma üzvləri asılı kəndlilərə çevrilirdilər. Azərbaycanın Cənub torpaqlarında - Atropatenada feodal münasibətlərinin inkişafına Sasani şahı I Xosrov Ənuşirəvanın islahatları da təsir göstərdi. O, sahibsiz torpaqları hərbçilərə paylamaqla vergi yığan məmurların özbaşınalığına son qoydu. Uşaqlar, qadınlar, kahinlər, məmurlar can vergisindən azad edildilər.
VII əsrin əvvəllərində Azərbaycanın Şimalında - Albaniyanın Girdiman vilayətində mərkəzi Partav şəhəri (indiki Bərdə şəhəri) olmuş Mehranilər sülaləsinin (sabirlər adlı türk tayfaları) hökmranlığı başlandı. VII əsrin 60-cı illərində Xilafətdə Əməvilər sülaləsinin nümayəndələri hakimiyyətə gəldikdən sonra müharibələri gücləndirdilər. Şimaldan xəzərlərin yürüşü, Cənubdan isə İran feodallarının hücumu Cavanşirin (642-681-ci illər Girdiman vilayəti) Xilafətə qarşı münasibətini dəyişdi. Cavanşir uzaqgörən xarici siyasəti ilə Azərbaycanın Şimal torpaqlarını - Albaniyanı Ərəb xilafətinin, Bizansın, Sasanilərin və xəzərlərin işğallarından xilas etdi. Lakin müstəqilliyə can atan bizanspərəst feodallar sui-qəsd təşkil edərək Cavanşiri 681-ci ildə qətlə yetirdilər. 705-ci ildə ərəblərin hücumu nəticəsində Albaniyanın daxili müstəqilliyi ləğv edildi.
Sasani imperiyası dağıldıqdan sonra ərəblər Azərbaycanın işğalını genişləndirdilər. Xilafətə tabe olan ölkələrdə azadlıq müharibələri genişlənir, mərkəzə tabe olmaq istəməyən qüvvələrin sayı artır. Azərbaycan Xilafətə qarşı azadlıq hərəkatının başlıca mərkəzlərindən biri idi. Xilafətə qarşı mübarizə bu imperiyanı zəiflətdi və Azərbaycanda bir sıra yerli feodal dövlətləri - Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətləri yarandı. Azərbaycanın qədim dövlətçilik ənənələri dirçəldi. Bu dövlətlərlə yanaşı, Şəki hakimliyi və Dərbənd əmirliyi kimi nisbətən kiçik dövlətlər də yaranmışdı. Bu dövlətlərin hamısında İslam dini rəsmi din olmuş, Azərbaycan xalqının təşəkkülü üçün vacib olan vahid türk dili və türk-islam mədəniyyəti formalaşmışdı.
XI əsrin ortalarında Azərbaycanda fəaliyyət göstərən Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövləti arasında siyasi və iqtisadi əlaqələr zəif idi. XII əsrin 20-30-cu illərində Səlcuq sultanları arasında hakimiyyət uğrunda mübarizə nəticəsində mərkəzi hakimiyyət zəiflədi və nəticədə XII əsrin 30-cu illərində xalqımızın etnik-siyasi tarixində xüsusi çəkiyə malik olan Azərbaycan Atabəylər dövləti yarandı.
XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil dövlətin daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, onun hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, xalqın maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirərək paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövlətini yaratdı. Şah İsmayıl, Şah Təhmasib və digər Səfəvi hökmdarlarının fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Səfəvi dövləti qısa müddətdən sonra Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

 

Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı



Azərbaycan Atabəylərinin idarə etdiyi Eldəgizlər dövləti (1136-1225) Azərbaycan tarixində İldənizlər və ya Eldəgəzlər dövləti kimi də tanınır. Atabəy Şəmsəddin Eldənizin adı ilə bağlı olan Atabəylər dövlətinin ərazisi İraqı, İranı və Kür çayından Cənubdakı Azərbaycan torpaqları da daxil olmaqla cənubi Qafqazın bir hissəsini əhatə edirdi. Səlcuq sultanı II Toğrul (1132-1134) Şəmsəddin Eldənizə "əmir" titulu verdi və onu öz oğlu Arslan şahın atabəyi təyin etdi. 1136-cı ildə o, Arran hakimi təyin olundu və Bərdəyə göndərildi. Bununla müstəqil Azərbaycan Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu.
Səlcuq Sultanı III Toğrulun (1176-1194) atabəyi olan Məhəmməd Cahan Pəhləvan (Şəmsəddinin oğlu) hakimiyyətə gəldikdən sonra (1175-1186) paytaxtı Naxçıvandan Həmədana köçürdü (1175), həmin ili Təbrizi Ağsunqurilərdən azad edərək mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə keçən qardaşı Qızıl Arslan (1186-1191) uzun müddət taxt-tacı ələ keçirməyə cəhd edən saray müxalifətinə və iri feodallara qarşı mübarizə apardı. Mərkəzi hakimiyyətin qüvvətlənməsindən narazı qalan iri feodallar və İnanc Xatın Qızıl Arslanı sui-qəsdlə (1191) öldürdülər. Azərbaycanda hakimiyyəti Əbu Bəkr (1191-1210) ələ keçirdi. Məhəmməd Cahan Pələvanın digər oğulları Qutluq İnanc və Əmir Əmiran Ömərin idarə etdikləri İsfahan, Rey vilayətləri və İraqın bir hissəsi Eldənizlər dövlətindən ayrıldı. Parçalanmalar dövlətin tənəzzülünü sürətləndirdi. Vəziyyətdən istifadə edən Xarəzmşahlar, Əyyubilər, Abbasilər, Şirvanşahlar, gürcü çarları fəallaşdılar. Gürcü qoşunları 1203 və 1210-1211-ci illərdə Azərbaycan torpaqlarına dağıdıcı basqınlar etdilər. Onlar Qərbi Azərbaycanı və Naxçıvanı mühasirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə aldılar. Şəhər hakimi Zahidə Xatın (Məhəmməd Cahan Pəhləvanın arvadı) çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri dağıntıdan qurtardı. Özbəyin (1210-1225) hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi. Beləliklə, monqolların hücumu ərəfəsində Azərbaycan dövlətlərindən heç biri nə Eldənizlər, nə də Şirvanşahlar ölkəni xarici təhlükədən qorumağa qadir deyildilər. 1206-cı ildə Çingiz xan tərəfindən Mərkəzi Asiyada yaradılmış Monqol dövləti hərbi yürüşlərə başladı. 1220-ci ildə monqol qoşunu Cəbə və Subutayın rəhbərliyi ilə Azərbaycan torpaqlarına daxil oldu və Təbrizə çatdı. Şəhər möhkəm qala divarları ilə əhatə olunduğundan monqollar danışığa girməyə üstünlük verdilər.
1221-ci ilin əvvəllərində Marağaya və 1222-ci ildə Şamaxıya hücum edən monqollar şəhərləri talan etdilər. Bu hadisədən sonra monqollar şimala üz tutdular. Dərbəndi tuta bilməyəcəklərini anlayıb Azərbaycanı tərk etdilər. Yeni torpaqlarda möhkəmlənmək istəyən Xarəzmşah şahzadəsi Cəlaləddin 1225-ci ildə Azərbaycana hücum etdi. Atabəylərin sonuncu hökmdarı Özbək Naxçıvana, Əlincə qalasına yollandı. Başsız qalan Təbriz əhalisi bir həftə döyüşdü və Cəlaləddin qələbə qazandı. Təbriz, daha sonra isə Gəncə zəbt edildi və bununla da Atabəylər dövləti süquta uğradı.

 

Səfəvilər dövlətinin yaranması və onun Azərbaycan tarixində yeri



Azərbaycan dövlətçiliyi tarixində Səfəvilər dövlətinin özünəməxsus yeri vardır. Bu tarixi mübarizə Şeyx Səfiəddindən sonra sülalənin görkəmli başçıları, o cümlədən Şah İsmayılın (1487-1524) dövründə kəskin xarakter aldı. Beləliklə, Səfəvilərin Ərdəbil hakimliyindən sonrakı dövrünü onların Azərbaycanın siyasi həyatında mühüm rol oynaması, bütün Azərbaycanda hakimiyyətin yaranması və möhkəmlənməsi dövrü kimi qiymətləndirmək olardı. Məhz Səfəvilərin Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılması yolunda başlanğıc rolunu oynamışdır. XV əsrin ortalarından etibarən Səfəvilər daha fəal siyasət yeritməyə başladılar. Onlar uğurlu hərbi yürüşlər keçirərək böyük qənimətlər əldə edir və öz mövqelərini möhkəmləndirirdilər. Əsrin II yarısında artıq Muğanın bir hissəsi, Qarabağ və Azərbaycanın Talış dağlarına qədər olan Şərq torpaqları onların təsiri altına düşmüşdü. Həm də  Səfəvilərin ayrı-ayrı nümayəndələri tarix səhnəsində daha ruhani başçısı kimi yox, siyasi xadim kimi çıxış edirdilər. Səfəvilərin hakimiyyəti Ərdəbil dövründən (1501) başlanır və 1736-cı ilə qədər (Nadir şah elan olunur və Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyulur) davam edir.
Səfəvilərin hakimiyyəti Şah İsmayılın dövründə daha da gücləndi. Səfəvilər birinci zərbəni Şirvanşahlara vurmaq qərarına gəldilər. 1500-cü ilin payızında qızılbaşlar (səfəvilər) Kürü keçib Şirvan ərazisinə daxil oldular. Şirvanşahlar dövləti məğlub edildikdən sonra İsmayıl Bakı üzərinə hücuma keçərək onu ələ keçirdi. 1501-ci ilin ortalarında Naxçıvan  ərazisində Ağqoyunlular və Səfəvilər arasında həlledici döyüş baş verdi. Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti göstərərək qələbə qazandı. Həmin qələbədən sonra, 1501-ci ilin payızında İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan etdi. Beləliklə, paytaxt Təbriz olmaqla, Səfəvilər dövlətinin əsası qoyuldu. Azərbaycan Səfəvilər dövlətinin özəyi idi. 1503-cü ildə Ağqoyunlu dövlətinin varlığına son qoyan Şah İsmayıl Əlvənd üzərində qələbə ilə İran və Əcəm İraqının xeyli hissəsinə yiyələndi. Bu dövlətdə əhalinin etnik və mədəni birliyə malik çoxluğunu Azərbaycan türkləri təşkil edirdilər. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. XVI əsrin ortalarına yaxın dövlətin 74 əmirindən 69-u Azərbaycan türkü idi. Ordu da əsasən Azərbaycan tayfalarından təşkil olunurdu. Şahın sarayında, qoşun içərisində və qismən diplomatik yazışmalarda Azərbaycan türkcəsindən istifadə olunurdu.
Səfəvilər dövlətinin yaranması Azərbaycan tarixində mühüm hadisə idi. Bu, ölkənin təsərrüfat həyatı üçün şərait yaratdı, yadellilərə qarşı xalqın mübarizəsini asanlaşdırdı.
Səfəvilər dövlətinin meydana çıxması və onun qüdrətinin artması Osmanlı İmperiyasını narahat edirdi. Osmanlı İmperiyasının sultanı II Bəyazit Şah İsmayıla qarşı müharibəyə başlamaqdan imtina edərək, 1504-cü ildə bu dövləti tanıdı. Bununla belə, Osmanlı İmperiyası ilə Səfəvilər dövləti arasındakı müharibənin başlanmasına maraqlı olan xristian dövlətləri Almaniya, Fransa, Portuqaliya, İspaniya, Skandinaviya dövlətləri, eləcə də Roma Papası çox istəyirdilər və bunu "Allahın xristian dünyası üçün yaratdığı bir fürsət" kimi qiymətləndirmiş bundan da dərhal istifadə etməyə çalışmışdılar. 1514-cü il avqustun 24-də Çaldıran düzündə tarixin ən qanlı qardaş qırğını, türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə qələbəsi oldu. Bu döyüşdə Səfəvilər məğlub olaraq Ərzurum şəhəri ilə birlikdə Şərqi Anadolunu və Şimali İraqı itirdilər.
Şah İsmayılın ölümündən sonra onun oğlu I Təhmasib taxta çıxdı (1524-1576). Süleyman Qanuninin (1520-1566) vaxtında Osmanlı ali təbəqəsi öz nüfuz dairələrini Şərq istiqamətində genişləndirir, qarşılıqlı hücumlar ara vermir, illərlə davam edirdi. Nəhayət, 1555-ci il mayın 29-da Amasiyada Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsini başa çatdıran sülh müqaviləsi imzalandı.
XVI əsrin 70-ci illərindən etibarən Osmanlı işğalının yeni dövrü başlandı. 1586-1589-cu illərdə bütün Azərbaycan Sultan II Muradın ordusu tərəfindən zəbt olundu. 1590-cı ildə imzalanan İstanbul sülh müqaviləsinə görə, Azərbaycandan əlavə indiki Ermənistan, Gürcüstan, habelə İranın Qərb vilayətləri Türkiyəyə verildi. Səfəvilər dövləti süquta uğradı.
1639-cu il mayın 17-də Qəsri-Şirində imzalanmış sazişə görə Səfəvi-Osmanlı müharibəsinə son qoyuldu. Ərəb İraqı osmanlılara, Zəncir qalasından Şərqdəki torpaqlar Səfəvilərə verildi. Səfəvilər Van və Qars qalalarına, həmçinin Ahalsixa hücum etməyəcəklərinə dair təminat verdilər. Səfəvilər dövlətinin süqutundan sonra Azərbaycan torpaqları parçalandı və ayrı-ayrı ərazilərdə xanlıqlar yaranmağa başladı.
Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə amili vətənpərvərliyi şərtləndirir. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Azərbaycanda dövlətçilik ənənələrinin məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən bərpa edilməsi və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi və dönməz xarakter alması, beynəlxalq nüfuzunun sürətlə artması, mümkün olub.
 
İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi