Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Mart 2022 13:45

Xalqımıza Qələbə sevincini yaşadanlar

Xalqımızın ümummilli lideri Heydər Əliyevin formalaşdırdığı müasir ordumuz Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünyanın ən güclü orduları sırasındadır. Hərbi qüdrətimizin təməlində orduda aparılan islahatlar dayanır. Hərbi qulluqçuların döyüş hazırlığının daima yüksək səviyyədə olması üçün mütəmadi olaraq mühüm addımlar atılır. Bu istiqamətdə aparılan islahatların nəticəsidir ki, ordumuz 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısını qətiyyətlə aldı, əks-hücum əməliyyatına keçdi, Vətən müharibəsində Zəfər qazandı.
Qazanılan Qələbə ordumuzun güclənməsi naminə görülən işlərin sürətlənməsi üçün təkan oldu. Döyüşlərdən sonra Ali Baş Komandanın göstərişinə əsasən, müasir tələblərə cavab verən yeni müasir silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Belə birləşmələrdən biri də komando hərbi hissələridir.  Komandolar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar.
Təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, mütəmadi olaraq komando hərbi hissələrində məşğələlər və təlimlər keçirilir. Keçirilən dərslərin keyfiyyəti hərbi qulluqçuların döyüş vərdişlərinin və bacarıqlarının təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.
"N" hərbi hissəsində döyüş hazırlığı məşğələsində hərbi qulluqçularla tanış oluruq. Kapitan Hüseyn Həsənov tədris prosesi və təlimlərdən söz açaraq bildirir ki, şəxsi heyət ilə mütəmadi olaraq təlim məşqləri keçirilir. "Plana əsasən, komandolar təxribat hazırlığında olan şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi tapşırığını icra edirlər. Onlar silahlanmaya yeni qəbul olunan tırtıllı və xizəkli texnikalardan istifadə edərək, çətin əraziləri keçib qarşıya qoyulan tapşırığın öhdəsindən gəlirlər. Həmçinin, düşmənin diversiya-kəşfiyyat qruplarının aşkarlanması, mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetirirlər. Hərbi qulluqçuların relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilir".
Vətən müharibəsindən danışan zabit deyir ki, biz rəşadətli ordumuzla və onun sıralarında xidmət edən hərbi qulluqçularla qürur duyuruq. “Bu gün dünya dövlətləri tərəfindən tanınan sərhədlərimizi bərpa etmişik. Xalqımıza qələbə sevincini yaşatmışıq. Bunun üçün Azərbaycan əsgəri Vətənimizin müdafiəsinə qalxdı. Qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gələrək illərin həsrətinə son qoydu. Döyüş meydanında düşməndən illər öncə törətdikləri vəhşiliyin qisasını aldı”.
Öyrənirik ki, zabit Vətən müharibəsində göstərdiyi igidliyə və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bir neçə medal ilə təltif edilib.
Vətən müharibəsi hərbi qulluqçuların qəhrəmanlığı ilə deyil, həm də vətənpərvərliyini əks etdirən səhnələrlə də doludur. Belə oğullarımızdan biri də gizir İmran Mürsəlovdur. O, ordu sıralarına qatıldığı gündən praktiki vərdişlərini təkmilləşdirmək üçün bir sıra hərbi ədəbiyyatlardan istifadə edib. Xidmət müddətində mənimsədiklərini tabeliyində olanlara aşılayan hərbi qulluqçu bildirir ki, keçirilən məşğələlər və təlimlər ekstremal şəraitdə düzgün qərar qəbul etmə vərdişini də gücləndirir.
"Bunun üçün də xidmət etdiyimiz ərazidə həyəcan siqnalı ilə qalxma və basqının qarşısının alınması tapşırıqlarını icra edirik. Bu zaman düzgün istiqamətin və mövqelərin seçilməsinə diqqət yetiririk. Təlimlər zamanı döyüş meydanında itki vermədən təxribat törədən düşmənin zərərsizləşdirilməsinə üstünlük veririk. Döyüş əmrinə hər an hazırıq", - gizir deyir.  
- Hərbi xidmətə gəldiyim gündən manqada olan bütün silahlardan istifadə etməyə və hər an döyüşə hazır olmağa çalışmışam, - deyə çavuş Hüseyn Zeynalov söhbətə qoşulur. - İşğaldan azad edilmiş ərazilərdə xidmət etmək qürurverici olduğu qədər hər birimizdən böyük məsuliyyət də tələb edir. Bu şərəfli vəzifə hər kəsə nəsib olmur. Sevincliyəm ki, Böyük Qələbə uğrunda döyüşənlərin sayəsində işğaldan  azad edilmiş torpaqlarımızda xidmət edirəm. Kəlbəcər rayonu gözəlliyi ilə yanaşı, sərt iqlimi ilə tanınır. Ancaq hava şəraiti xidmətimizə mane ola bilməz. Azərbaycan əsgəri Azərbaycan dövlətçiliyini şərtləndirən ərazi bütövlüyü üçün hər çətinliyin öhdəsindən gəlməyə hazırdır.
Ali Baş Komandanın rəhbərliyi altında hamı Vətən torpaqlarını azad etmək üçün mərdliklə mübarizə apardı. Bu haqq savaşında igid oğulların göstərdikləri qəhrəmanlıq hərb tariximizdə əbədi qalacaq.
Kiçik çavuş Yaqub Abdullayev də Vətənimizin keşiyində mətinliklə dayananlardandır. O, mütəmadi olaraq hərbi biliklərini, vərdişlərini artırmağa çalışır. Məşğələlər zamanı mənimsədiklərini təlimlərdə təkmilləşdirir.
- Bölməmizdə xidmət edənlər öyrədilənləri məsuliyyətlə mənimsəyirlər. Komandirlərimiz də mütəmadi olaraq məşğələlərdə fərqlənənləri  mükafatlandırırlar. Günün nizam qaydalarına uyğun olaraq, məşğələlər keçirilir. Dərsdən sonra mövzu ilə bağlı yaranan suallarımızı komandirlərimiz cavablandırırlar. Savadlı və bacarıqlı zabitlərimizlə xidmət etmək bizi daha da ruhlandırır. Hərbi hissəmizdə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün də hər cür sosial-məişət şəraiti yaradılıb, - deyə kiçik çavuş bildirir.
Ölkənin hərbi qüdrəti ordu quruculuğu sahəsində aparılan islahatlardan asılıdır. Birləşmələrdə təsdiq edilmiş hazırlıq planına əsasən keçirilən təlimlər və müxtəlif müsabiqələr ordunun döyüş qabiliyyətinin güclənməsinə təkan verir. Vətən müharibəsində Azərbaycan Ordusu bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan əsgəri dövlətin, xalqın və ordu rəhbərliyinin etimadını layiqincə doğrultmağa tam qadirdir.

Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"