Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2022 17:00

Xocalım - can yandıran acım...

Ağappaq, lopa-lopa yağan gözoxşayan qar... Elə aramla, sakit-sakit yağırdı ki... Əlində isti çay pəncərədən təbiətin bu gözəlliyini seyr edən üçün möhtəşəm mənzərə idi... Amma lopa-lopa yağan qarda düşmənlərdən ailəsini xilas etməyə çalışarkən itirdiyi beş yaşlı qızını axtaran ata üçün bu qar sadəcə dəhşət saçırdı. Axtarmadığı yer qalmamışdı, axı bu qarda, soyuqda hara gedə bilərdi qızcığaz.
Düşündükcə dəhşətə gəlirdi ata. Yoxsa körpəsi düşmən əlinəmi keçmişdi? Yox, yox... Bunu düşünmək belə atanın ağlını başından çıxarırdı, çarəsizlikdən nə edəcəyini bilmir, sığınacaqda qızını həyəcanla gözləyən anasına nə deyəcəyini düşünürdü yazıq ata... Birdən qarşıda bir qızartı diqqətini çəkdi, yaxınlaşanda yerindəcə donub qaldı... Bu onun qızı idi, qanına qəltan edilmiş körpə qızı. Bütün güllə darağı qarnına boşaldılmışdı qızın, beş yaşlı bir qızcığazdan bu qədərmi qorxmuşdu mənfur düşmən, bir atəş səsi yetərdi o körpənin ölməsinə, bütöv bir güllə darağı nə idi, belə dəhşət olardımı, bu dərdə dözmək olardımı?.. Axı qızı həmişə deyərdi ki, mənim atam hamıdan güclüdür. Bəs hara getmişdi atasının gücü, qüvvəti, niyə əlini uzadıb qızına toxunacaq qədər gücü yox idi, necə olmuşdu ki, körpəsini qoruya bilməmişdi?.. Var gücü ilə haray çəkmək istədi ata, amma səsi çıxmadı. Ehtiyatla əyilib qızının donmuş nəşini qollarına aldı...
Otuz il bundan öncə şaxtalı bir qış günündə - fevralın 26-da yaşanmış minlərlə dəhşətli hadisələrdən sadəcə biri idi bu.
Həmin gün yer üzündə tayı-bərabəri olmayan dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, 30 il keçməsinə baxmayaraq  nə yaramız qaysaq bağlayır, nə ağrımız azalır.
Tarixin künc-bucağında sığıntı kimi yaşayan mənfur düşmən "dənizdən-dənizə böyük Ermənistan" qurmaq üçün hər cür vəhşiliyə heç fikirləşmədən  "hə" deyirdilər. Hələ 1905-ci ildə Azərbaycan xalqının görkəmli ədiblərindən biri olan Ö.F.Nemanzadə "İrşad" qəzetində yazırdı: "Ermənilər bizi İrəvandan, Qarabağdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar".
Tarix göstərdi ki, dahi insanlar, həqiqətən, uzaqgörən olurlar, ədibin dedikləri sözbəsöz özünü doğrultdu. Öz xam xəyallarını həyata keçirmək üçün ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalıda elə cinayətlər törətdilər ki, sözlər aciz qalır bu dəhşəti anlatmağa, izah etməyə... Ata-ananın gözü qarşısında övladının başını kəsmək, hamilə qadının qarnını yarıb uşağı çıxartmaq, körpələri süngüyə keçirtmək, qocaların əlini, ayağını kəsmək, diri-diri insanların dərisini soymaq... Bunlar sadəcə həmin gün törədilən vəhşiliyin bir qismidir, insanlığa sığmayan qəddarlıq, ağılın, düşüncənin dərk etməyə qadir olmadığı murdarlıqdır. Düşünürəm ki, tarix də utanır səhifələrində belə qəddarlığı əks etdirdiyi üçün, gələcək nəsillərə belə dəhşətləri çatdırdığı üçün. Amma mənfur düşmən etdiklərindən nə utandı, nə üzr istədi, işin qəribə tərəfi bu idi ki, caniliklərini dilə gətirməkdən də çəkinmədi...
Qarabağ müharibəsində imzası olanlardan biri, hadisələrin iştirakçısı və icraçılarından olan Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında yazır:  "Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik, Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarladı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım, düz yeddi dəqiqədən sonra uşaq öldü. Ruhum sevinclə qürrələndi. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək".
Bəli, milli mənliyi olmayan, heç bir mənəvi dəyərə malik olmayan ermənilər ancaq belə murdar cinayətlərlə fəxr edə bilər, gələcək nəsillərinə ancaq belə alçaq əməllər "ərməğan" edib gedə bilərlər.
Xocalı hadisəsindən 28 il sonra - 7 oktyabr 2020-ci ildə bütün Azərbaycan xalqının ürəyinin cəbhədəkilərlə bir vurduğu anda Ali Baş Komandandan belə bir tweet gəldi: "Müzəffər Azərbaycan Ordusu Xocalının Qarabulaq, Moşxmaat kəndlərini işğaldan azad etmişdir! Eşq olsun, Azərbaycan Ordusuna, Qarabağ Azərbaycandır".
İllər keçsə də, yaddaşımızın itməsinə izn verməyəcək, gələcək nəsillərə həqiqəti olduğu kimi çatdıracaq, dostunu, düşmənini düzgün seçməyi öyrədəcəyik. Canları bahasına Vətən torpaqlarını azad edərək onlara firavan bir gələcək bəxş edən şəhidlərimizin xatirəsini həmişə əziz tutan, mənəvi dəyərlərinə, keçmişinə sadiq, mərd övladlar olmağı onlara aşılayacağıq.

Günel BAĞIROVA Naxçıvan Qarnizonu tam orta məktəbin müəllimi