Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2022 12:20

Qış fəsli, səhər yeli və bir cüt göz yaşı

Vətən müharibəsinin şəhidlərinə

Payız biçimli qışdı...
2020-ci ilin payızında yağış olmadı; təbiət Azərbaycan əsgərinin döyüş yolunu nəmləndirmək istəməmişdi. İstəməmişdi ki, düşməni son nəfəsinə sıxışdıranların ayaqları çöldə-düzdə, yolda-izdə sürüşsün. Bu il də yağışlar yoxdu. Ağacların budaqlarında toxdaya bilməyən yellər yarpaqlardan yapışmaq istəyir. Rənginə sarılıq çökmüş yarpaqlar qopub yerə düşür. Ayaq saxlayıram. Yarpaqlar ağacların gövdəsinə, divarlara çırpıldıqca ürəyim göynəyir. Yarpaqların təntələk vurnuxmasına məhəl qoymadan ötüb-keçənlərə nəsə demək istəyirəm. Neçə il əvvəl şəhidlərə xitabən yazdığım şeiri xatırlayıram: "Yarpaq ömrü yaşamadınız..."...
İkinci Fəxri xiyabanın qənşərində 4-5 yaşlı bir uşağın xırdaca yerişi çəkir diqqətimi. Bilmək olmur, anamı uşağın əlindən tutub, uşaqmı anasının. Xırdaca addımlarla daş baxışların sırasından ötüb keçdilər. Görüm məsafəsində dayandılar. Ana əl dəsmalıyla şəhidin şəklini sildi, uşaq baş daşına sarıldı. Ananın yanaqları boyunca göz yaşları süzüldü. İçin-için ağlayırdı ana. Göz yaşlarını qızının görməsini istəmirdi. Bir ildi beləydi. Hərdən qəhərlənəndə də, dərd üstün gələndə də belə olurdu. Gecələr qızı yatandan sonra şəhid əri ilə səssiz söhbətləşirdi. Ona elə gəlirdi ki, göz yaşlarını özü deyil, Fərid silir...
Hospitalda tibb bacısı işləyirdi. Müalicə olunan xəstələrdən birinin baxışlarından sıxılırdı. Bu sıxıntılar çox çəkmədi. Palatada ikisi qalanda baxışlar sözə döndü:
- Müalicədən sonra bura yenə gələ bilərəmmi? Sizi görməyə...
Sevinc dillənmədi. Bu neçə gündə salam-sağoldan savayı kəlmələşmədiyi zabitdən eşitdikləri düşüncələrini titrətmişdi. Nə deyəydi? Deyəcəkləri haqqında düşünməliydi.
O gecə çox uzun gecəymiş. Bir mətləb iki ürəyin narahatlıq qütbünə dönmüşdü; Fərid üçün də uzun gecəydi, səhəri açılmaz gecəydi - "Görəsən nə deyəcək?", Sevinc üçün də - "Nə deyim?"...
Düşüncələr bir sevdanın işığına döndü. Bu sevda bu işığın dilmanclığıyla dil açdı o gecənin səhərisi.
Evləndilər...
Sevdaları doğuldu. Dörd il əvvəl...
Fərid ezamiyyətə gəlmişdi. Üçlükdə İkinci Fəxri xiyabana da getmişdilər, şəhidlərin ziyarətinə. Fərid bunu vəfa borcu bilirdi. Xırdaca addımlarla məzarların arasıyla keçib irəliləyirdilər, hərdən bir neçə anlığa ayaq saxlayırdılar. Heç biri dillənmirdi. Baxışları şəhidlərin baxışlarıyla pıçıldaşırdı. Fərid birinin yanında dayanmışdı. Baxmışdı, baxmışdı və qolları başdaşına sarılmışdı. Anlar ötüşüncə Sevinc onun qolundan tutmuşdu. Bu təmas təsəlli təmasıydı. Şəhidin kimliyini ötən illərdə Fəridin söhbətlərindən eşitmişdi; Fəridin kursant yoldaşı idi.
Fərid yüngülcə bir ah çəkmişdi. Bayaqdan bəri gözlərini atasından çəkməyən qızını bağrına basmışdı. Üzünü iki damla yaş yandırmışdı...
- Ata, bu əmi kim idi? - handan-hana Sevda qəhərlə soruşmuşdu. Fərid qızının saçlarını oxşamışdı.
- Qəhrəman idi, qızım. Sənin nağıl qəhrəmanlarından da qoçaq, igid, gerçək qəhrəman idi, - demişdi. Sevda maraqla atasına baxmış, sonra istəklərlə ona qısılmışdı:
- Sən də qəhrəman olacaqsanmı, ata? - soruşmuşdu.
Fərid bir anlığa göy üzünə, sonra kursant yoldaşı olmuş şəhid zabitin daşlaşmış baxışlarına baxmışdı. Və "Bilmirəm, qızım, ancaq döyüş olanda qəhrəmanlar kimi vuruşacam..." demişdi. Sevda dillənməmişdi...
Heç biri Sevdanın nələr düşündüyünü bilməmişdi...
Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu Fərid. Burada dəfn edildi. Bir ildi hər ay Fərid şəhid olan gün bura gəlirlər. Sevda atasının baş daşına sarılır. Sevdanın "Ata, mənim qəhrəman atam..." hönkürtüsü Sevincin gözlərindən yaş dərir...
Sevda atasının baş daşını qucaqladı. Ağlamadı. Dönüb anasına baxdı. "Şəhidi ağlamazlar, eləmi, ay ana?" soruşdu. Sevinc qızını bağrına basdı...
Sevdanın saçlarına iki damla göz yaşı düşdü...
Yel səngimişdi...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"