Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2022 12:20

Vətən sənə əmanət, Azərbaycan əsgəri!

"N" hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Təntənəli keçid zamanı əsgərlərin hər birinin üzündə məğrurluq sezilirdi. Qalib ordunun əsgəri olmağın sevincindən doğan məğrurluq olduğunu düşünürəm. Mərasim başa çatdıqdan sonra əsgərlərin arasına qarışır, söhbətləşir, hərbi xidmət haqqında düşüncələrini öyrənirəm. Onların hər birinin dilində Vətən, Qələbə, Zəfər kəlmələri vardı. Maraqlı həmsöhbət olaraq yaddaşıma həkk olunan əsgər Rəvan Nəzirov sözə "Vətən sağlamlığa bənzər, dəyəri itiriləndə bilinər" deyərək başladı. Rəvanla söhbətimiz elə bu məcrada davam etdi. Söz-sözü, kəlmə-kəlməni açdı, Vətəndən, torpaq dedik. Gənc əsgərin hər sözü Vətənə bağlılığından, gözləri düşmənə nifrətindən danışdı.
"Vətəndən, Vətən sevgisindən bəhs edən filmlər çəkilib, unudulmaz dastanlar, şeirlər, hekayələr yazılıb. Lakin bunu dərk etmək üçün hərbi mundiri geyinmək,  "Müsəlləh əsgərəm mən də bu gündən" deyə bilmək mütləqdir. Xalq şairimiz Səməd Vurğunun "Vətən keşiyində" şeirindən götürülən bu misra sanki bu gün üçün yazılıb. Andiçmə mərasiminin mahiyyətini açıqlayır".
Söhbət əsnasında Rəvan ailəsindən, dostlarından da danışmağı unutmadı. Atası Əliheydər kişinin nəsihətlərinə hər zaman əməl edəcəyini bildirdi.
- Əsla unutmayacağam. Uşaq vaxtı dostlarımdan biri ilə dalaşmışdım, - gənc əsgər dedi. - Atam etdiyim əməli öyrəndiyi an üzündəki ifadə məni çox qorxutdu. Çünki hər zaman atamdan sevgi, nəvaziş görmüşdüm. Çox keçmədən atam sözə başlamış, etdiyimin düzgün olmadığını bildirmişdi. O gün verilən nəsihəti, deyilən sözləri heç vaxt unutmaram. "Oğul, gücünü düşmənə saxla, bu gün güc göstərdiyin o uşaq sənə əsgər yoldaşı olacaq. Bəlkə də sinəsini sənə görə düşmən gülləsinə sipər edəcək". Həmin an əsgər olmağı arzuladım. Vətəni qorumaq, lazım gələrsə, əsgər yoldaşım üçün canımdan keçmək istədim. Artıq əsgərəm, gördüyünüz hər bir əsgər canımdan keçə biləcəyim can yoldaşımdır.
Azərbaycan əsgəri gücünü Vətənə bağlılığından, əsgər yoldaşını can yoldaşı adlandırmağından alır. Bunun əsas özəyi “Vətən sənə əmanət,  Azərbaycan əsgəri!” kəlməsidir ki, 44 günlük Vətən müharibəsində əmanəti göz bəbəyi kimi qoruyan igidlərimiz canları, qanları bahasına Qarabağı azad etdilər.

Ceyhun CƏFƏRLİ "Azərbaycan Ordusu"