Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2022 12:20

Bir gəncin həyat hekayəsi

Ailənin ilk övladı olan Abbasəli Tarverdiyev Babək rayonunda dünyaya göz açıb. Onda 1996-cı il idi. O da dünyaya müharibələrdən, düşməndən bixəbər saf, məsum bir uşaq kimi gəlmişdi. Böyüdükcə eşitdikləri, ekrandan izlədikləri, məktəbdə müəllimlərindən öyrəndikləri və müşahidə etdikləri onu tədricən peşə seçiminə istiqamətləndirmişdi. Sənədlərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə verən Abbasəli birinci ili arzusuna nail ola bilmir. Bu müvəffəqiyyətsizlik onu ruhdan salmır, qarşısına qoyduğu məqsədin ardınca gedir. İkinci ili arzusuna çatan Abbasəli fəxrlə kursant forması geyinir. Liseydə yaradılan yüksək tədris şəraitindən bəhrələnən gənc öz üzərində çalışır və təhsilini yaxşı nəticə ilə başa vurur. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirir. "N" hərbi hissəsində xidmətə başlayır. Xidmət etdiyi dövrdə kurs və yarışlarda iştirak edir, bacarıqlarını daha da təkmilləşdirir.
Abbasəli Tarverdiyevin döyüş yolu Füzulidən, Cəbrayıldan, Xocavənddən keçir. Bir sıra hakim yüksəkliklərin və yaşayış məntəqələrinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və hərbi obyektlərinin məhv edilməsində şücaətlər göstərən Abbasəli noyabrın 1-i Xocavəndin Zoğalbulaq kəndində ağır yaralanır. Hərəkətdə olan hərbi avtomobil düşmənin hədəfinə tuş gəlir. Abbasəlinin sayıqlığı ilə avtomobilin içində olan digər hərbçilər də sağ qalır. Yaralı hərbçi yoldaşları ilə birgə ərazidən təxliyə olunur. Abbasəli həmin günləri belə xatırlayır: "Arxada nə baş verdiyini bilmirdik. Ancaq irəli gedirdik. Döyüş yoldaşlarımız gözümüzün qabağında şəhid olurdular. Bu, bizim intiqam hissimizi daha da alovlandırırdı. Yorğunluq, susuzluq bilmədən gücümüzü göstərməliydik. İllərdir bu məqamı gözləyirdik. Ona görə də həmin vaxt şüarımız da, amalımız da bir idi: “Hər şey Vətən üçün!” Sanki torpaq da bizə güc verirdi. O ərazilərə nabələd olsaq da, doğmalıq bizə cığır açırdı. Həmin vaxt yaşadığımız hissləri sözlə ifadə etmək indi çox çətindir. Bizə elə gəlirdi ki, sanki dağ da, daş da, torpaq da düşmənlə savaşır. Xalqımız bizə böyük ümidlər bəsləyirdi. O ümidi qırmağa haqqımız yox idi. Buna görə də illərlə formalaşan rəşadətli ordumuzun şəninə layiq qalib hərbçilər kimi geri döndük".
"Lakin geri dönməyənlərimiz də oldu", - səsi qırılır, gözlərini bizdən qaçırmağa çalışır, adları sadaladıqca qəhər və qürur qarışıq səsi bizi də həyəcanlandırır: "Leytenant Kamal Əbilov, Rauf Qurbanov, Güloğlan Qədimov, Elçin Əsgərov. Hər birinin timsalında bütün şəhidlərimizi ehtiramla anıram. Onlar mənim hərbi liseydəki taqım yoldaşlarım olublar.  İtkiləri ilə barışmaq çətindir. Ən böyük təsəllim odur ki, şəhidlərimizin qisası yerdə qalmadı. Düşmənin layiqli cavabını verdik".
Baş leytenant Abbasəli Tarverdiyev döyüşdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.   
Ötən il dekabrın 24-də şəhid  ailələrinə və qazilərə verilən mənzillərdən birinin sahibi Abbasəli Tarverdiyevin ailəsidir. Babək rayonunda yeni mənzillə təmin olunan Abbasəli dövlətin göstərdiyi bu diqqətə fəal, daha məsuliyyətli xidməti ilə cavab verir: "Ölkəmizdə  şəhid ailələrinə və qazilərə böyük diqqət var. Düzdür, biz döyüşə  qiymətləndirilmək üçün getməmişdik. Bu, bizim Vətən qarşısında borcumuz idi. Dövlətimiz bizi dəyərləndirdi. Mənə verilən bu dəyər daha böyük məsuliyyət yaradıb. Nə qədər ki, canımda can var Vətənə, dövlətə sədaqətlə xidmət edəcəyəm. Mən, eyni zamanda, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinə hərbi rəhbər təyin olunmuşam. Bu isə mənə imkan verir ki, çağırışaqədərki gənclərə ilkin hərbi biliklər aşılayım. Hərbi-idman oyunlarında müvəffəqiyyətli iştiraklarını təmin edim, eləcə də məktəbin vətənpərvərlik tərbiyəsi istiqamətində gördüyü işlərə faydam olsun. Ən böyük məqsədim isə gənclər arasında hərbçi peşəsinə marağı artırmaq, hərbi liseyə yönəltməkdir. Bu gün fiziki imkanlarım orduda xidmət etməyimi məhdudlaşdırsa da, bütün mənəvi imkanlarımı səfərbər edib  hərbi rəhbər kimi böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə sərf edəcəm".
Vətənpərvər bir gəncin qısa həyat hekayəsi onu göstərir ki, məqsəd olan yerdə nəticə mütləqdir. Peşəyə sevgi bəslərsən, bütün əngəlləri aşarsan. O peşə sənə zövq verər. Ehtiyatda olan baş leytenant Abbasəli Tarverdiyev bu gün öz missiyasını digər bir formada həyata keçirir. Bir məktəbin  hərbi rəhbəri kimi gələcəyin əsgərlərinin dünyaduyumunu formalaşdıranların sırasındadır.

Ruhiyyə RƏSULOVA Naxçıvan Televiziyasının baş redaktoru