Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2022 12:20

“Müqəddəs vəzifənin icraçısıyıq”

Qəhrəmanlarla dolu bir tarix yaşayır Vətənimiz. Bu qəhrəmanlar xalq tərəfindən sevilir, yaşayır və yaşadılır. Onların yazdığı tarix unudulmur, əksinə, dastana çevrilir. Əzəldən əlverişli coğrafi şəraitinə, yeraltı və yerüstü təbii sərvətlərinə görə torpaqlarımıza göz dikən düşmənlərimiz çox olub. Lakin onların qarşısına hər zaman igid, mərd, cəsur Vətən oğulları çıxıb. Doğma torpağı üçün canını əsirgəməyəcək cəngavərləri görən düşmən ya qorxudan geri çəkilib, ya da mübariz döyüşçülərimiz tərəfindən darmadağın edilib. Bu gün də əcdadlarımızın qəhrəmanlıq irsini layiqincə davam etdirən oğullarımız ərazi bütövlüyümüzü inamla qoruyurlar. Azərbaycan Ordusunun sıralarında belə mərd oğullara hər addımda rast gəlirik. Onlar seçdikləri şərəfli peşənin müqəddəs vəzifələrinin öhdəsindən layiqincə gəlir, Vətən sevgisindən güc alaraq torpaqlarımızı qətiyyətlə qoruyurlar.
Mütəmadi olaraq Vətən müharibəsində şücaət göstərən və hal-hazırda xidmətini uğurla davam etdirən igidlərimizlə xidməti yerlərində tanış olur, müxtəlif yazılar hazırlayırıq. Onlardan biri də leytenant Elcan İsmayılovdur.
Elcan Mahmud oğlu İsmayılov 1998-ci il fevralın 16-da Ağstafa rayonunun Poylu kəndində dünyaya göz açıb. Kiçik yaşlarından düşmənə nifrət hissi ilə böyüyən Elcan da hər bir azərbaycanlı kimi Şuşanı azad görmək arzusunda olub. Bu səbəbdən də torpaqlarımızın azadlığı uğrunda döyüşəcəyini, hərbçi peşəsinə yiyələnməyi qərara alır. Bu qərar 2013-cü ildə Elcanı Cəmşid Naxçıvanski adına hərbi liseyə gətirir. Təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir. 2020-ci ildə həmin təhsil ocağının məzunu olan leytenant Elcan İsmayılov uşaqlıq arzusuna çatır.
"Böyük bir fəxrdir ki, biz doğma yurdumuzu işğalçılardan təmizlədik”, - deyərək Elcan söhbətə başladı. - Ərazi bütövlüyümüzün bərpası uğrunda gedən haqq savaşımızda iştirak etdim. İndi də müqəddəs vəzifənin icraçısıyıq. Azad edilmiş torpaqlarımızı qoruyuruq.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan "Dəmir yumruq" əks-hücum əməliyyatı zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək, düşmənin məhv edilməsində fərqləndiyinə görə leytenant İsmayılov Elcan Mahmud oğlu Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"