Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2022 12:20

“Peşəkarlığımız artdıqca özümüzü daha da güclü hiss edirik”

Çöl məşğələsinin həlledici anlarıdır. Minaatan heyəti silahı "döyüş" vəziyyətinə gətirərək hədəfə atəş açmağa hazırlaşır. Heyət nəfərləri üzərlərinə düşən tapşırığı bacarıqla yerinə yetirirlər. Minaatan heyəti tələb olunan vaxt çərçivəsində qurğunu "döyüş" vəziyyətinə gətirərək atəş açmağa hazır dayanıb. Komandir əmr verən kimi minaatanlar hədəfləri dəqiq atəşlə məhv edəcəklər.
Fasilə zamanı çöl məşğələsində iştirak edən minaatan heyəti ilə görüşüb tanış oldum. Minaatan komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Səbair Rüstəm oğlu Rüstəmov dedi ki, təlim-məşqlər səmərəli keçir, daim döyüş hazırlığımızı artırırıq. “Budur, yenə də çöl məşğələsində yeni döyüş vərdişlərinə yiyələnirik. Bu bizi uğurlara aparır. Məşğələnin hər dəqiqəsi bizim üçün qiymətlidir. Bu gün döyüş atışlı taktiki-təlim keçirilir. Komanda verilən kimi heyət nəfərləri minaatan qurğusunu "döyüş" vəziyyətinə gətiriblər. İndi komandirlərin növbəti əmrlərini gözləyirik. Koordinatlar müəyyən edilən kimi komandirin əmri ilə hədəflərə atəş açacağıq. Əminlik hissi ilə deyə bilərəm ki, hədəflər dəqiq vurulacaq. İndiyə qədər belə təlimlərdə çox iştirak etdiyimiz üçün təcrübəliyik”.
Səbairlə söhbət edərkən onu da öyrəndim ki, o, Vətən müharibəsinin iştirakçısıdır. Talış və Suqovuşan yaşayış məntəqələrimizin azad edilməsi uğrunda vuruşub. Dəqiq atəş zərbələri ilə erməni qəsbkarlarının mövqelərini və canlı qüvvələrini məhv edib. Əməliyyatların birində başından yaralanıb. Müalicə olunandan sonra yenə də döyüş meydanına qayıdıb. Döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb.
- Ermənistan ordusunun təxribatı nəticəsində Vətən müharibəsi başlanan kimi, bizim batareyanı da döyüş əməliyyatlarına cəlb etdilər, - deyə kiçik çavuş söhbətinə davam etdi. - İlk döyüşlərimiz Suqovuşan və Talış kəndləri istiqamətində oldu. Yağılar geri çəkilmir, müqavimət göstərir, torpaqlarımızdan çıxmaq istəmirdilər. Amma biz nəyin bahasına olursa-olsun, illərdən bəri işğalda qalan torpaqlarımızı azad etməliydik. Ermənilərin ciddi müqavimət göstərdiklərinə görə döyüşlər daha da gərgin xarakter alırdı. Atəş səslərindən yer-göy lərzəyə gəlirdi. Düşmənin geri çəkilməsi bizi yerimizdə çox dayandıra bilməzdi. Hücumlarımızı gücləndirən kimi yağılar qaçmağa başladılar. Torpaqlarımız addım-addım qəsbkarlardan azad olunurdu. Qazandığımız qələbələr, zəfərlər bizi yeni uğurlara ruhlandırırdı. Bu ruhdan güc alaraq erməniləri sıxışdıra-sıxışdıra irəli gedirdik. Heyət nəfərləri ilə birlikdə Suqovuşan və Talış kəndlərinin azad olunmasında yaxından iştirak etdik. Vətən müharibəsi ordumuzun qələbəsi və zəfəri ilə başa çatdı.
Döyüşlər bir daha göstərdi ki, hazırlığımız yüksək səviyyədədir. Amma buna baxmayaraq, hərbi hissə komandirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq təlim keçir, yeni vərdişlərə yiyələnirik.
Səbair Rüstəmov ilə ovqatımıza ovqat qatan söhbətdən ürəyimiz açıldı. Yurdumuzu erməni işğalçılarından azad edən belə bacarıqlı və peşəkar hərbçilərimizlə fəxr etdik.
Heyət nəfərləri İlqar Həsənov, Cəlal Mustafayev və Ziya Əliyev dedilər ki, təlim-məşqlərdə həvəslə iştirak edirik. “Yeni hərbi biliklərə yiyələndikcə, döyüş hazırlığımızı, peşəkarlığımızı artırdıqca özümüzü daha güclü və qüdrətli hiss edirik. Güclü və qüdrətli olmaq isə bizi gələcək xidmətimizdə yalnız və yalnız zəfərlərə, uğurlara qovuşduracaq. Vətən müharibəsində böyük igidlik göstərmiş zabit və əsgərlərimizin qəhrəmanlıq ənənələrini daim yaşadacağıq”.
İnanırıq ki, qəhrəmanlıq ənənələri belə cəsur əsgərlərin igidliyi sayəsində cəmiyyətimizdə daim yaşayacaq. Belə dəyərli ənənələrin yaşaması isə gələcək nəsillərin də vətənpərvərlik ruhunda böyüməsinə güclü təkan verəcək.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"