Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2022 12:00

“Müqəddəs amala xidmət etməkdən qürur duyuruq”

Vətənpərvər olmaq öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə hazır olmaq deməkdir. Vətənə bağlılıq hissi hər bir fərdi hərbi xidmət zamanı daha da mübariz və mətin əsgərə çevirir. Əyninə hərbi mundir geyinən hər kəs, Vətəni göz bəbəyi kimi qoruyacağının və bu yolda canını və qanını əsirgəməyəcəyinin andını içir.
İşğaldan azad edilmiş tarixi torpaqlarımızda zabit Mirsadiq Zeynalovla həmsöhbət olduq. "Tarixən qəhrəman oğullar yetişdirmiş məmləkətimizin bu gün də kifayət qədər vətənpərvər müdafiəçiləri var. İlkin vətənpərvərlik hissi ailədə formalaşsa da, xidməti dövrdə daha da möhkəmlənir. Çünki vətənpərvərlik sözünün kökü olan "Vətən"i qorumaq milli ləyaqətimizi, azadlığımızı, müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır. Ümummilli lider Heydər Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də çıxışlarında gənclərin vətənpərvər ruhda böyüməsinin və yüksək biliklərə malik olmasının vacibliyini hər zaman vurğulayıb. Bunun üçün də bölməmizdə döyüş hazırlığı və mənəvi-psixoloji hazırlıq daim diqqət mərkəzində saxlanılır, keçirilən dərslər Azərbaycan əsgərinin vətənpərvər ruhda xidmətinə zəmin yaradır," - deyə zabit Mirsadiq Zeynalov bildirdi.  
Zabit söhbət əsnasında yüksək mənəvi-psixoloji hazırlığa malik əsgərlərin xidmət zamanı bir-birilərinə dəstək olduqlarını vurğuladı. Bu da qarşılıqlı münasibətlərin formalaşmasında mühüm rol oynayır. Ataların bir sözü var: “Dostla dağı tez aşmaq olar”. Əsgərlərimiz də bunun fərqindədirlər. Hər biri dost, qardaşdırlar. Zabit bölükdə xidmət edən əkiz qardaşlar - Zinhar və Tacirin xidmət yoldaşları ilə mehribanlığını vurğuladı. Fürsətdən istifadə edib Vətənə övladlıq borcunu ödəyən əkizlərlə həmsöhbət oldum. Tacirdən vətənpərvərliyin onun üçün nə demək olduğunu soruşdum. "Vətənpərvərlik - Vətənə olan ülvi məhəbbətdir. O məhəbbət ki, ana sevgisi ilə bir tutulur. Ana hər övlad üçün fərdi olsa da, Ana Vətən vahid anlayışdır. Ana Vətən vahid olmaqla yanaşı, elə ümdə, elə müqəddəs anlayışdır ki, bu günə qədər onun varlığı üçün neçə oğul sinəsini sipər edib. 44 günlük haqq savaşımız zamanı qardaşımla hələ orta məktəbdə oxuyurduq, baş verənləri izlədikcə cəbhədə olmaq, qardaşlarımızla düşmənə qarşı bir amal uğrunda savaşmaq istəyirdik. O günlərdə hamı kimi, biz də Azərbaycan əsgəri ilə bir nəfəs alırdıq, ürəyimiz döyüş meydanında onlarla birlikdə döyünürdü. Bu gün qələbəni bizə yaşadan oğullarımız sayəsində azad olunan Vətən torpaqlarında xidmət etmək qürurvericidir. Adını tarixə yazan, torpağı canı ilə azad edərək şəhadətə yüksələn şəhidlərimizi unutmamalıyıq. Məhz onlar bütün Azərbaycan gəncliyi üçün ən ali vətənpərvərlik nümunəsi göstərmişlər".
Tacirlə söhbəti başa çatdırdıqdan sonra növbəti müsahibim Zinhar oldu. "Hər bir valideyn üçün başucalığıdır ki, övladını əynində hərbi forma, Vətənə xidmət edən görsün", - Zinhar söhbətə başladı. - Anamın bizi xidmətə yola salarkən keçirtdiyi duyğuları sözlə ifadə etməkdə çətinlik çəksəm də, üzündəki məğrurluq və məğrurluqdan yaranan məmnunluq hissini dərindən duyurdum. Qarşımıza qoyduğumuz məqsəd də ondan ibarətdir ki, Vətəni layiqincə qoruyaq, nümunəvi xidmətimizlə valideynlərimizi daim sevindirək və onların yanına əsl Vətən övladı olaraq qayıdaq. Bu gün qardaşım Tacirlə birlikdə Vətənin müdafiəsindəyik və müqəddəs amala xidmət etməkdən qürur duyuruq. Xidmətimizin bir ilinin tamamına az müddət qalmasına baxmayaraq vaxtın necə gəlib keçdiyini heç hiss etmirik. Uşaqlıqdan ailəyə bağlı olmuşuq və bu gün də komandirlərimizin diqqət və qayğısı sayəsində bölməmizdə isti ailə münasibəti mövcuddur.
Bu günə qədər müsahibimiz olan minlərlə Vətən oğullarımızın hər birinin dilində bir fikir dəyişməz olub - Qürur duymaq.... (və ya fəxr etmək). Qürur duymaq hissi hər bir vətənpərvər gəncin içindən gələn bir sözdür və səbəbi də bəllidir - yüksək ləyaqət, milli mənəviyyat və soykökünə bağlılıq. Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbəni xalqına bəxş edən Azərbaycan əsgəri bu gün dünya üçün vətənsevərlik nümunəsidir. Tarixi zəfəri qanı ilə, canı ilə, yuxusuz günləri ilə, kilometrələrcə qət etdiyi məsafələrlə, dəmir iradəsi ilə qazandıran oğullarımız hər birimizin başının tacı, bugünkü firavanlığımızın səbəbkarıdırlar. Budur, əsl vətənpərvərlik, budur, xalqa məhəbbət, Ali Baş Komandanına və Hərbi anda sədaqət. Xalq şairimiz Bəxtiyar Vahabzadənin "Vətəndaş" şeirində dediyi kimi:  

Səni də, məni də böyüdən Vətən,

Sənə də anadır, mənə də ana!

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"