Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2022 12:00

Mühəndis-istehkam bölmələrində praktiki məşğələlər keçirilir

2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin təlim kursları keçirilir. Kurs heyətinin bölük komandiri kapitan Fəzail Əliyev şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərin səmərəli və plana uyğun həyata keçirildiyini bildirdi.
"Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsində azad edilən torpaqlarımızda yolların, yaşayış məntəqələrinin və digər ərazilərin minalardan, partlamayan sursatlardan təmizlənməsi işləri davam etdirilir. Əlavə olaraq nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təşkili üçün yollar qar örtüyündən təmizlənir. Dağlıq və çətin relyefdə yerləşən bölmələrimizə yeni təminat yolları çəkilir. Prosesi sürətləndirmək məqsədilə yeni növ texnika və avadanlıqlardan istifadə edə bilən hərbi qulluqçular hazırlanır".
Zabit təlim haqqında daha ətraflı məlumat verərək bildirdi ki, ixtisasartırma və təkmilləşdirmə kursları Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən keçirilir. "Şəxsi heyət nəzəri və praktiki məşğələlərdən ibarət kompleks dərslərdə iştirak edir, yeni mühəndis texnikaları ilə tanış olur, onların taktiki-texniki xüsusiyyətlərini və istismar qaydalarını öyrənir. Yüksək dağlıq ərazidə və çətin relyefdə hərəkət, manevr, daşınma və təxliyə yollarının hazırlanması, çəkilməsi və lazımi vəziyyətdə qorunub saxlanılması mövzularını mənimsəyirlər. Mühəndis-istehkam təyinatlı tapşırıqların yerinə yetirilməsi üçün bütün bacarıqlarını səfərbər edirlər".
Kapitan Fəzail Əliyevlə söhbətimiz əsnasında ixtisas üzrə müəllim və təlimatçıların fəaliyyətini izlədik. Onlar şəxsi heyətə təlimat verir, təhlükəsizlik qaydalarını diqqətə çatdırır, mühəndis qurğularından istifadə qaydalarını izah edirdilər.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Kamran Səfərli işğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan bölmələrdə hərtərəfli mühəndis təminatı üzrə tədbirlərin icrasının getdiyini bildirdi. "Orada mühəndis işləri davam etdirilir. Kursun məqsədi həmin ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlərin ən yüksək səviyyəyə çatdırılmasıdır. Təhsil prosesi çərçivəsində kursantlara ən yeni texnikalar üzrə dərslər keçirilir, nizam-intizama xüsusi diqqət yetirilir, ekskavator, qreyder, buldozer və digər texnikalar öyrədilir. Kursu bitirdikdən sonra şəxsi heyət bölmələrə geri dönüb, bu istiqamətdə yüksək peşəkarlıqla xidmətini davam etdirəcək", - çavuş Kamran Səfərli dedi.
Təlim kursunda həvəslə iştirak edən kursantlarla da həmsöhbət oldum. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İkram Ələsgərov bildirdi ki, məşğələlər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı döyüş təcrübəsindən yararlanaraq keçirilir. "Müəllim və təlimatçı heyətimiz, komandirlərimiz Vətən müharibəsində iştirak ediblər. Bizə döyüşlər haqqında danışır, öyrəndiyimiz texnikaların müharibədə necə tətbiq edilməsi haqqında məlumat verirlər. Mühəndis texnikaları ilə nəqliyyat üçün yollar çəkilir, döyüş texnikaları üçün dayaqlar düzəldilir və əsgərlərimizin mənfur düşmən gülləsindən müdafiə olunması üçün səngərlər qazılmasından bəhs edirlər. Biz böyük həvəslə onlara qulaq asır, biliklərə yiyələnirik".
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunacaq.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"