Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2022 12:00

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir

Ana bətnində ikən həyatı əlindən alınan körpə ürəyinin yaşamaq istəyirəm döyüntüsü, işgəncələrdən yaşarkən ölən qocanın "ölmək istəyirəm..." fəryadı olan Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sıradadır. Müsəlman sərkərdəsi Əmir Saleh "Qiyamət günü" əsərində yazır: "...İnsanları diri-diri yandıranları, uşaqları, şikəst qocaları, hamilə qadınları əzib məhv edən, öldürən, təhqir edən kəslərin əsil-nəcabətləri olmaz. Belələri ilə yol getmək, süfrələrində çörək kəsmək, onlara yardımçı olmaq... bütün bunları mənsub olduğun millətə xəyanət sayıram".
Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı.
Ümummilli lider Lider Heydər Əliyev qeyd edirdi: "...1992-ci il fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq".
1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşir və 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olunmuş, fevralın ortalarında Qaradağlı kəndini, fevralın 17-də Xocavəndin Qaradağlı kəndini ələ keçirmişdilər. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsilmiş, helikopter yeganə nəqliyyat vasitəsinə çevrilir. 1991-ci il sentyabrın 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi. Hər gecə Xocalı "Alazan" və "Kristall" raket qurğularından atəşə tutulurdu.
Xankəndidən 10 kilometr Cənub-Şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülmüşdü. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı, Qazax rayonunun Bağanis-Ayrım kəndlərinin işğalı zamanı əhalinin bir hissəsi  plana uyğun qəddarlıqla  qətlə yetirilmişdi.
1992-ci il yanvarın 28-də "Azərbaycana məxsus Mİ-8 markalı mülki helikopter Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulmuş, helikopterin sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu. Bundan sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular.
1992-ci ilin yanvarından etibarən şəhərə elektrik təchizatı kəsilmişdi. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə alır.
Güclü artilleriya atəşlərindən sonra erməni hərbi birləşmələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritmiş, ilk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələrini dağıtmış, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törəmişlər. Piyada dəstələr şəhərə fevralın 26-sı gecə saat 01:00-04:00 arası girmişdirlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyitlərin bir qismini minalayıblar. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti (1992 may - 1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri zamanı  1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı ələ keçirir, daha sonra Laçın rayonu, 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edirlər.
Rejissor Yadigari yazır: "...Mən bütün bunlar haqqında, ermənilərin - Şuşada, Xocalıda gəzib-dolaşan, öldürülmüş adamları təhqir edən ermənilərin və rusların "Lur" informasiya Agentliyinə danışdım... Onları unuda bilmirəm. Ölüləri soymaqla, onlara işgəncələr verməklə məşğul idilər. Mən qərara aldım ki, Xocalı və Şuşa haqqında çəkdiyimi heç olmazsa, Türkiyəyə ötürə bilim...".
Professor Kennet Olden 1997-ci ildə Ağ Evə ünvanlanmış hesabat sənədində yazır: "Xocalıda, müharibə baş verən ərazilərdə qızıl torpaqların və nadir bitki və heyvanatın, dərman preparatları üçün çiçəklərin, kolların tələf olması ilə yanaşı, böyük insan nəsillərinin də kökü kəsilib. Bu, Xocalıya müharibənin vurduğu ən eybəcər yaralardan biridir...".
Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Erməni işğalçıları tərəfindən 4.861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü.
Erməni jurnalisti Daud Xeyriyan yazır: "...Martın 2-də ermənilərin "Qaflan" qrupu 100 nəfərdən çox türk meyitini yığıb Xocalıdan təqribən bir kilometr qərb istiqamətində yandırdı.... Sonuncu maşında təqribən 10 yaşında olan bir qız uşağı da gördüm. O, alnından və qollarından yara almışdı. Sir-sifəti göyərmiş bu uşaq hələ ölməmişdi. Aclığa və soyuğa, aldığı yaralara baxmayaraq ölməmişdi. Asta-asta nəfəs alırdı. Ölümlə çarpışan bu uşağın gözlərini unuda bilmirəm... Bir azdan onu da "Qaflançıların səyyar ölüm ocaqları"nda yandıracaqdılar. Heysiz-hərəkətsiz uzanmış, dırnaqlarından qan süzülən bu uşağı Tiqranyan çağırılan bir əsgər qalaqlanmış meyitlərin üstünə atdı...
...Sonra bu insan qalağına od vurdular. Bu zaman elə zənn etdim ki, yanan meyitlərin içərisində kimsə qışqırır. Aman və imdad diləyir..."
1992-ci il mayın 18-də saat 13.50-də Laçın ərazisindəki Qarıqışlaq kəndində səkkiz qız uşağı güllələnir, məlumata görə, bunlar, V.Bennet tərəfindən lentə köçürülür.
İlk dəfə olaraq, erməni silahlılarının törətdiyi qırğın barədə məlumatı fotolarla birgə Rəhbər Bəşiroğlu "Milliyyət" qəzetinə ötürdü. Türkiyənin qəzetinin martın 4-ünə olan manşeti bütövlükdə Xocalı soyqırımına həsr edilmişdi.
1992-ci il 12 iyunda, Rusiyanın "Svoboda" qəzeti “Faciəni törədənlərə haqq qazandırıla bilməz" başlıqlı məqalədə Moskvada yerləşən insan haqları üzrə Memorial qrupunun 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə hərbi birləşmələr tərəfindən Xocalının işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair hesabatına geniş yer ayırmışdı.
28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların kütləvi qətlə yetirildiyi ərazilərə çata bildilər. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və baş dəriləri soyularaq götürülmüşdür. Meyitləri yığan döyüşçülər artıq yüksəklikdə olanda Çingiz Mustafayevin helikopterlə gəlişinin şahidi oldular.
Ermənilər helikopteri atəşə tutur Çingiz döyüş meydanında düşmənlə üz-üzə tək qalmışdı. Çingiz Mustafayevin sözlərinə görə, o, ilk dəfə fevralın 28-i əraziyə helikopterlə gələndə təxminən 500 metr radiusunda havadan cəsədlərlə dolu meydança var idi. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin  qısa müddətli hərbi jurnalist karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə alması, Xocalı soyqırımını işıqlandırması  olmuşdur. Çingiz Mustafayevin dediyi kimi, ölənlər arasında "2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa cəhdin əlaməti yox idi. Bəzilərini kənara çəkib təkbaşına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu, bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi".
Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olmuş Allahverdi Bağırovun üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdi. Cəsədləri Ağdam məscidində kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər.
Polkovnik V.Savelyev yazır: "Mən on addımlığımda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram".
Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmışdı. 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olunur.
Ümummilli lider Heydər Əliyev söyləyirdi: "...Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən də bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, etdiyi cinayətlər nəticəsində və hətta deyə bilərəm, xəyanətləri nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləmək, ermənilərin bu vəhşiliyini dünyada göstərmək, yaymaq, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzün özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik. Bu cinayətlər də, bu xəyanətlər də göz qabağındadır. Bu gün burada danışanların hamısı, xüsusən Xocalının icra hakimiyyəti başçısı çox ətraflı məlumat verdi. Bunlar bu cinayətləri, bizim öz tərəfimizdən, yəni Azərbaycanın ayrı-ayrı dövlət nümayəndələri tərəfindən, xüsusən də dövlət başçısı tərəfindən olan cinayətləri və xəyanətkarlığı bir daha sözsüz sübut edir. Ancaq budörd il müddətində mən hesab edirəm ki, bir günah da, bir böyük qüsur da var. O da ondan ibarətdir ki, bu xəyanətin, bu cinayətin üstünü örtüb-basdırmağa çalışıblar. Mən belə bir qənaətə gəlirəm ki, buna bir çox tərəflərin marağı olubdur. Burada deyildi və mən bu fikirlərlə razıyam ki, məsələn, bu Xocalı faciəsi təkcə o vaxt hakimiyyətdə olanların cinayəti və xəyanətkarlığı nəticəsində deyil, eyni zamanda o vaxt hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin öz xalqına etdiyi xəyanətin və cinayətin nəticəsində olubdur. Ona görə dəbu məsələnin, bu cinayətin, bu xəyanətkarlığın tamamilə açılmasında, aşkar olmasında nə o tərəfin, nə bu tərəfin marağı olmayıbdır.Mən sentyabrın birinci günlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini öz üzərimə götürməli oldum. O vaxt biz çox gərgin işləyirdik və özümüzün dəNaxçıvanda çoxlu problemlərimiz var idi. Ancaq eyni zamanda, o zaman Qarabağın vəziyyəti də məni narahatedirdi".
Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi H 498 qərar nəticəsində, hər il fevralın 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən başlı-başına qalmasına kəskin etiraz bildirərək deyirdi: "Ozamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır".

Günel MƏLİKLİ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru

(Ardı gələn sayımızda)