Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2022 12:00

“Təlimlər döyüş hazırlığımızı yüksək səviyyədə saxlayır”

Şanlı qələbəmizlə tarixləşən İkinci Qarabağ müharibəsində ordumuzun yüksək döyüş hazırlığı və güclü maddi-texniki bazası Zəfərimizi şərtləndirən əsas amillərdən oldu. Bütün dünya gördü ki, Azərbaycan Ordusunun arsenalı ən müasir atıcı silahlarla və döyüş texnikalarıyla zəngindir. Həmçinin istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan komandirləri, döyüş meydanında şücaət və igidlik nümayiş etdirən əsgərləri var. Rəşadətli ordumuzun 44 günə düşməni darmadağın edərək, torpaqlarımızı işğaldan azad etməsi ordu quruculuğuna dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Dünya hərb tarixində silinməz iz qoyan bu möhtəşəm qələbəmiz müstəqil dövlətimizin və rəşadətli ordumuzun banisi olan ulu öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində apardığı uğurlu islahatların bəhrəsi idi.
Ordu quruculuğu istiqamətində bu gün də uğurlu addımlar atılır, döyüş qabiliyyətinin daha da gücləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Vətən müharibəsindən sonra bu istiqamətdə atılan uğurlu addımlardan biri də azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (Komando) hərbi hissələrinin yaradılması oldu.
Komando hərbi hissələrindən birinin  açılışında iştirak edən dövlət başçısının dediyi "Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır" sözləri ordumuza verilən dəyərin və göstərilən etimadın göstəricisidir. Ali Baş Komandanın bu qiymətli sözləri yeni yaradılan Komando heyətinə də böyük ruh yüksəkliyi aşıladı.
Yaradılan Komando bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azərbaycan ilə Türkiyə arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə çərçivəsində hərbçilərimiz mütəmadi olaraq qardaş ölkədə keçirilən "Komando hazırlığı" kurslarını uğurla başa vuraraq, peşəkarlıq səviyyələrini daha da yüksəldirlər.
İşğaldan azad edilmiş ərazilərdə Komando hərbi hissəsinin bölmələrindən birinin təlimlərini izləmək imkanı tapırıq. Ərazi dağlıq reylefi ilə seçilir. Hər tərəf ağ örpəyə bürünüb. Sakit yağan qar dənəcikləri ayaq izlərimizi itirir. Təlim keçən Komandoları görməkdə çətinlik çəkirik. Relyefə uyğun maskalanaraq ərazi ilə həmrəng olan heyəti qayalar elə qoynuna alıb ki, sanki igidlərini 30 ilin həsrəti ilə qucaqlayıb. Hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq şəxsi heyətin təlimdə yüksək peşəkarlıq, çeviklik və bacarıq nümayiş etdirdiyinin şahidi oluruq.
Təlimin gedişatına nəzarət edən, öz təcrübəsini, bilik və bacarıqlarını şəxsi heyətə aşılayan zabit Fuad Qasımov onların Ali Baş Komandanın yeni döyüş tapşırıqlarının icrasına  hər an hazır olduğunu bildirdi. Zabit keçirilən təlimlər haqqında məlumat verdi. "Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Komando hərbi hissələrində mütəmadi olaraq taktiki-xüsusi təlimlər keçirilir. Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsulları icra olunur. Hərəkət zamanı şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən pusquya düşən komandolar çevik qərar qəbul edərək pusqunu dəf etmə və ərazidə kəşfiyyat aparma qaydalarını məşq edirlər. Keçirilən təlimlərin əsas məqsədi şəxsi heyətin atıcı silahlardan istifadəetmə bacarıqlarının və taktiki vərdişlərinin artırılması, Komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir. Komandolar təlimdə yüksək peşəkarlıq nümayiş etdirərək bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər".
Zabit, həmçinin alınan yeni tırtıllı və xizəkli texnikaların köməyi ilə şəxsi heyətin qarla örtülmüş ərazilərdə təlimlərini uğurla davam etdirdiyini vurğuladı. Təlimi izlədikcə zabit F.Qasımovun dediklərinin əyani şahidi oluruq. Bölmə verilən tapşırıqları cəld və çevik yerinə yetirir. Hava şəraitinin yaratdığı çətinlik onlara mane ola bilmir. Hər biri təlim meydanında cəldlik, əzmkarlıq və bacarıq nümayiş etdirir.  
Təcrübə və təlim-məşqlərsiz nəzəriyyəni təsəvvür belə etmək mümkün deyil. Bir işdə uğur qazanmağın açarı nəzəri biliklərin təcrübədə sınaqdan keçirilməsindədir. Məşhur italiyalı rəssam, alim Leonardo Da Vinçinin dediyi "Elm sərkərdə, təcrübə isə onun əsgəridir", kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı, rusiyalı alim D.İ.Mendeleyevin "Nəzəriyyə elmin ruhu, təcrübə bədənidir" və digər bu qəbildən kəlamlar təcrübənin mahiyyətini açıq-aşkar bildirir. Ona görə də mütəmadi keçirilən belə təlim-məşqlər hərbçilərimizin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasında mühüm rol oynayır. Təlimi izlədikcə bu kəlamların nə dərəcə qüdrətli və dəyərli sözlər olduğunu bir daha anlayırıq.  
Təlim başa çatdıqdan sonra komandolardan bir neçəsi ilə həmsöhbət olur, düşüncələrini qeyd edirəm. Leytenant Bəhruz Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Vətən müharibəsinin iştirakçısı olan zabit döyüş hazırlığının artırılmasında keçirilən təlimlərin mahiyyətindən danışır. "Bizim üçün yaradılan şərait və hərtərəfli təminat intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir. Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınmaqla, keçirilən təlimlər döyüş hazırlığımızı yüksək səviyyədə saxlayır və praktiki vərdişlərimizin daha da təkmilləşdirilməsini təmin edir. Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şərtlərlə keçirilən məşğələlərdə müxtəlif yerdəyişmələr icra edirik. Təlimlərdə maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma, eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə və digər tapşırıqları icra edirik. Hər birimiz Komando hərbi hissəsində xidmət etməkdən qürur duyur, keçirilən təlim-məşqlərdə həvəslə iştirak edirik. Plana uyğun olaraq verilən bütün tapşırıqları müvəffəqiyyətlə icra etməyə səy göstəririk".
Gənc zabitimizə şərəfli xidmətində uğurlar arzulayır, 20 ilə yaxındır ordu sıralarında xidmət edən gizir Qasımxan Bəhrəmovla salamlaşıram. Təcrübəli gizir həm Aprel döyüşlərinin, həm də İkinci Qarabağ müharibəsində iştirak edib. Müzəffər Ali Baş Komandan tərəfindən bir neçə medalla təltif olunub. "Hava şəraitindən asılı olmayaraq təlimlərimiz mütəmadi olaraq davam edir. Vətən müharibəsində qazanılan təcrübələri daha da möhkəmləndirir, döyüş hazırlığımızı daim yüksək səviyyədə saxlayırıq. Cənab Prezidentimizin tapşırığı ilə Komando hərbi hissələrinin yaradılmasını eşidəndə, könüllü olaraq burada xidmət etmək istədim. Silahdaşlarımla birlikdə seçimlərdən keçərək qardaş ölkədə keçirilən "Komando hazırlığı" kursunu uğurla başa vurdum. Sevincliyəm ki, şərəfli peşə sahibiyəm, həm də işğaldan azad edilmiş ərazilərimizdə xidmət aparıram. Qarşı tərəf öz xain əməllərindən əl çəkmir. Düşmən bilsin ki, buradayıq, Vətənimizin keşiyindəyik, istənilən təxribatın qarşısını almağa hazırıq. Xidmət yerimizin reylefindən asılı olaraq dağ təlimlərimiz səngimir. Mütəmadi dağlarda hücum, müdafiə, manevr, düşmənin pusquya salınması, terror qruplarının məhv edilməsi və digər tapşırıqlar üzrə fəaliyyətlər icra edərək, bacarıq və təcrübələrimizi artırırıq", - deyə Qasımxan Bəhrəmov bildirir.
Kiçik çavuş Nicat Yusubov, çavuşlar Səbuhi Əliyev, Əli Tağıyev, Nihad Yusifzadə və digərləri də təlimdə uğurla iştirak edirlər. Onlar da həmkarları kimi belə təlimlərin mahiyyətinə vararaq,  istənilən hərbi əməliyyatı uğurla başa vurmaq üçün keçirilən təlim-məşqlərin vacibliyini bir daha vurğulayırlar. Məşğələlərdə yorulmadan,  ruh yüksəkliyi və əzmkarlıqla iştirak etdiklərini bildirirlər. Həmçinin rəşadətli, qalib ordunun komandoları olmaqdan qürurlandıqlarını deyirlər.
İzlədiyimiz təlim-məşqlər və şəxsi heyətin qətiyyətli sözləri könül xoşluğu yaratdı. Döyüş hazırlıqları, peşəkarlıqları ilə yanaşı, mənəvi-psixoloji durumlarının da yüksək olduğu hiss olunur. Şahidi olduqlarım həm də onun göstəricisi olur ki, dövlət başçısının tapşırığına əsasən Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Komando hərbi hissələrinin xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir.

Mahmud MÖHBALIYEV  "Azərbaycan Ordusu"