Qərbdən Alazan, cənubdan Böyükçay çaylarının əhatə etdiyi qədim bir kənddə, Lahıcda Məhəmməd adlı bir kişi yaşayırdı. Kənddə xırda təsərrüfat işləri ilə məşğul olurdu. Halal zəhmətiylə ailəni dolandırırdı.
1990-cı ilin bir yay səhəri idi. Məhəmməd kişinin qızı Vəsilədən sonra oğlu dünyaya gəlmişdi. Adını İsmayıl qoydular. Balaca İsmayılın gəlişi ilə atanın qəlbində yeni arzular, ümidlər, istəklər çiçək açmışdı. Ömür-gün yoldaşı Həlimə xanımla balaca İsmayılı el-obaya, Vətənə layiqli bir övlad kimi böyüdürdülər. İsmayıldan sonra Elvinin dünyaya gəlişi də böyük sevincə səbəb oldu.
İsmayıl böyüyüb Zaqatala rayonunun Lahıc kənd orta məktəbinə gedəndə ən çox sevinən də Həlimə ana olmuşdu. Məktəb ləvazimatları ilə çantanı doldurub balaca İsmayıla yaraşan şagird formasını geyindirib əlindən tutub təhsil ocağına aparan ananın həmin gün sevinci yerə-göyə sığmamışdı.
İsmayılın ilk müəllimi Cəvahir müəllim ona ilk dəfə "Ana", "Vətən" sözlərini yazmağı öyrətmişdi. Cəvahir müəllim də, sinif yoldaşları da İsmayılı iti yaddaşa malik, çalışqan şagird kimi sevirdilər. Fəxrəddin müəllim İsmayılın digər fənlər kimi Azərbaycan dili və ədəbiyyat dərsinə də həmişə hazırlıqlı gəldiyini, yuxarı siniflərdə digər fənləri də daha yaxşı oxuduğunu deyirdi. Təbiət fənlərinə marağı çox olduğunu görən valideynlər İsmayılı həkim görmək arzusundaydılar.
Bir gün Murad (Murad Atayev indi polkovnikdir) dayısıgilə gəlir. Balaca İsmayıl qohumu Muradı ilk dəfəydi ki, kursant formasında görürdü. Böyüyəndə onun da könlündən Murad kimi kursant, sonra zabit olmaq keçmişdi. Murad ona kursant həyatından, təhsildən, idmandan, bir sözlə, hərbi xidmətin maraqlı anlarından danışırdı. İsmayıl onu maraqla dinləyirdi, dinlədikcə də İsmayılda hərbi xidmətə, zabit peşəsinə maraq oyanırdı. Özü-özünə deyirdi:
- Mən də böyüyəndə Murad kimi kursant, daha sonra zabit olacam.
İsmayıl böyüdükcə ölkənin müharibə şəraitində yaşadığını, ərazilərimizin iyirmi faizinin mənfur ermənilərin işğalı altında olduğunu yaxşı dərk edirdi. Vətənə, torpağa, millətə əvəzsiz sevgi daha da güclənirdi.
Doqquzuncu sinfi bitirəndən sonra İsmayıl təhsilini Bakıdakı Kimya Biologiya Təmayüllü Respublika Liseyində davam etdirdi. Liseydə oxuduğu illərdə nizam-intizamıyla, təhsilə böyük marağı ilə müəllim və şagirdlərin rəğbətini qazandı. Liseyi bitirəndən sonra İsmayıl Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə müraciət etmək üçün valideynlərinin razılığını almışdı. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ən yüksək bal toplayanların arasında İsmayıl Səmədov da vardı.
İsmayılın kursant həyatı başladı. Onun illər uzunu qəlbinin dərin guşəsində kök salan arzusu yavaş-yavaş boy atdı.
İsmayıl peşəkar idmançı olmasa da, fiziki cəhətdən möhkəm bir gənc kimi böyümüşdü. O, verilən bütün normativləri vaxtında və peşəkarlıqla yerinə yetirməyə, yüksək hərbi bilik və bacarıqlar əldə etməyə çalışırdı.
Təhsil aldığı illərdə İsmayıl hərbi bilikləri mükəmməl mənimsəyirdi ki, gələcəkdə zabit kimi xidmət edəndə tabeliyində olanlara hərb elminin sirlərini asanlıqla aşılaya bilsin.
Atası Məhəmməd Səmədov deyir ki, İsmayıl heç zaman xidmətin çətinliyini dilinə gətirməyib. Hərbi işlərdən danışmağı xoşlamırdı. Həm kursant olanda, həm də zabit kimi hərbi xidmət edəndə onu peşəsindən razı görürdüm. Məzuniyyətə gələndə soruşdum ki, xidmətdə çətinliklərin varmı? "Mənə görə narahat olmayın, tabeliyimdə neçə-neçə cəngavər oğullar var. Onları döyüşə hazırlayıram. Ona görə də hər an xidmət yerində, əsgərlərimin yanında olmalıyam", - deyirdi.
İsmayılın ilk xidmət yeri ehtiyat hərbi hissəydi. Bu hərbi hissə tez-tez təlim məşqlərində olur, döyüş atışlı çalışmaları həm gecə, həm də gündüz yerinə yetirirdi. Leytenant İ.Səmədov komandiri olduğu taqımın əsgərlərini qısa müddətdə yaxından tanımışdı. Onlarla fərdi söhbət aparmış, ailə vəziyyəti, qayğı və ehtiyaclarını öyrənmişdi. Əsgərlərin vəzifə borclarını əvvəlcə izah edir, daha sonra dərindən mənimsədiyinə əmin olmaq üçün yoxlayırdı. İstənilən ərazidə taktiki gedişləri onlara izah edirdi. Komandanlığın qərarı ilə hərbi hissənin şərəf lövhəsinə leytenant İsmayıl Səmədovun da şəkli vurulmuşdu.
Zabit kimi xidmətə başladığı hərbi hissədə bir ili tamam olmamış - İsmayıl xidmətini xüsusi təyinatlı qüvvələrdə davam etdirməyə müvəffəq oldu. O, xüsusi təyinatlı qüvvələrdə bölmə komandiri təyin olundu. Qısa müddətdə İsmayıl bilik və bacarığı, nizam-intizamı və şəxsi keyfiyyətləri ilə seçilənlərdən oldu. Yuxarı komandanlıq tərəfindən fəxri fərmanlara layiq görüldü.
Gənc zabit ayrı-ayrı vaxtlarda iki dəfə qardaş Türkiyədə və Gürcüstanda keçirilən kurslarda döyüş hazırlığını daha da artırmışdı.
2016-cı il Aprel döyüşlərində İsmayıl Səmədov komandiri olduğu bölmə ilə Lələtəpə istiqamətində irəliləmək tapşırığı alır. Bu döyüşdə düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edirlər.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2018-ci ildə İsmayıl Səmədov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb.
İsmayıl tabeliyində olan şəxsi heyəti yüksək döyüş və mənəvi hazırlığa gətirmək üçün bilik və bacarıqlardan məharətlə istifadə edirdi. O, öz peşəkarlığını döyüş meydanında tətbiq edirdi.
Gizir Cavad Babayev və digər silahdaşları döyüşə cəsur komandirlə getməyi arzulayırlar. Çünki komandirin döyüş meydanında qəbul etdiyi qərarlar düşməni böyük itkilərə məruz qoyurdu.
Vətən müharibəsində iştirak etmək İsmayıla da qismət oldu. Kapitan rütbəsinə qədər yüksələn İsmayılın komandiri olduğu bölmə Füzuli, Cəbrayıl, Xocavənəd yaşayış məntəqələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vurdu, bir neçə döyüş texnikasını və xeyli sayda canlı qüvvəsini məhv etdi.
Oktyabrın 11-də kapitan İsmayıl Səmədova Xocavənd yaxınlığındakı Gorazilli kəndi istiqamətindən düşmənə köməyə gələn silahlı, canlı qüvvə ilə dolu üç maşının məhv edilməsi tapşırığı verildi. Həmin avtomobillər onların yerləşdiyi ərazidən bir qədər aralıdan keçirdi. Cəsur zabit bir avtomobili dəqiq atəşlə məhv edir. Daha iki avtomobil və düşmən əsgərləri dağlara qaçarkən vurulur. Qeyri-bərabər döyüşdə kapitan İsmayıl Səmədov son anda düşmən gülləsindən yayına bilmir. Cəsur komandir canından artıq sevdiyi Vətən torpaqlarının azadlığı yolunda şəhid olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə kapitan İsmayıl Məhəmməd oğlu Səmədov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.
Zaqatala rayonundakı 5 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun adı verilib.
Vətən Müharibəsi Qəhrəmanı kapitan İsmayıl Səmədovun Nurgül və Mehdi adlı övladları bizlərə yadigar qalıb.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"