Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Fevral 2022 16:15

Dəmir qanadlı Azərbaycan şahinləri, bayramınız mübarək!

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin əvvəllərində yenicə formalaşmaqda olan milli ordunun xüsusi qoşun növü hesab edilən Hərbi Hava Qüvvələri yaranmağa başladı. Yaranma tarixi 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürülsə də, hərbi qoşun növü kimi formalaşdırılması 1992-ci ilə təsadüf edir. 30 il öncə Qarabağ səmalarında erməni faşistlərinə qarşı döyüş uçuşları aparan, düşmənə sarsıdıcı zərbələr endirən Azərbaycanın dəmir qanadlı hərbi şahinləri milli hərbi aviasiya tariximizə şanlı səhifələr yazdılar.
Birinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Hərbi Hava Qüvvələrimiz  Xankəndi, Ağdərə, Şuşa, Ağdam, Laçın, Kəlbəcər və digər istiqamətlərdə döyüş uçuşları apararaq, düşmənə havadan zərbə endirməyə, hava məkanını qorumağa və aldadıcı manevrlər edərək üstünlüyü əldə saxlamağa nail olmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın müasir ordu quruculuğunda əhəmiyyətli yeri olan Hərbi Hava Qüvvələrinin möhkəmlənməsinə və maddi-texniki bazasının ən yüksək səviyyəyə çatdırılmasına xüsusi önəm verirdi. Belə ki, 1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin fəaliyyətə başlaması ilə ölkədə təyyarəçi kadrlarının hazırlanması işi reallaşdı. Ulu Öndər Azərbaycanın ilk milli hərbi təyyarəçilərinin buraxılış mərasimində fəxrlə deyirdi: "Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər".
Hazırda hərbi pilotlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq, bu istiqamətdə xüsusi hazırlıqlarını daima artırırlar. Hərbi pilotlarımız Türkiyə, Ukrayna, Pakistan, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.
Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələri NATO standartlarına uyğun qurularaq, bu istiqamətlərin dərindən öyrənilməsini daha da inkişaf etdirir. Qardaş Türkiyə Respublikası ilə hərbi-texniki əməkdaşlığı daha da genişləndirməklə "TurAz Qartalı" təlimlərinin keçirilməsinin əhəmiyyətini artırır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev HHQ-nin S-300 briqadasının bazasının açılışı zamanı çıxışında "Azərbaycan Cənubi Qafqazın lider və dünyada ən sürətli inkişaf tempinə malik ölkələrdən biridir və "Dünya Rəqabətlik Hesabatına" görə 148 dövlət sırasında ilk 30 dövlət arasında olmuşdur. Bunun müqabilində bu gün dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclər təkcə son on il ərzində on dəfədən də çox artırılmış, ölkəmizin müdafiə potensialının güclənməsinə və ordumuzun, o cümlədən Hərbi Hava Qüvvələrinin maddi-texniki bazasının müasirləşməsinə imkan vermişdir" fikri dövlət başçısının Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğısını bir daha təsdiqləyir.
Hərbi Hava Qüvvələrimiz 30 illik zaman kəsiyində şərəfli döyüş yolu keçərək, 44 günlük Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında əhəmiyyətli rol oynadı. Hərbi pilotlarımız qəhrəmanlıqları və şücaətləri ilə gələcək nəsillərə örnək döyüş salnamələri yazdılar.
14 fevral Hərbi Hava Qüvvələrinin yaranması günüdür. Bu əlamətdar gün münasibətilə Vətən müharibəsində qəhrəmanlıq və fədakarlıq nümunələri göstərən bir qrup pilotun bayram təəssüratlarını qələmə aldıq.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Səfər Qurbanov:
- Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Böyük Zəfər xalqımızın dövlətçilik tarixində yeni, ən müasir bir səhifə açdı. 30 ilə yaxın erməni faşistlərinin işğalında qalan Vətən torpaqlarımız cəmi 44 gündə igid, mərd Azərbaycan oğullarının sayəsində azad olundu. Ərazi bütövlüyümüzün bərpa olunmasında Hərbi Hava Qüvvələri də şanlı döyüş yolu keçdi. Döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirərək, Böyük Qələbənin qazanılmasına öz töhfələrini verdi. Əvvəlcə peşəkar pilotlarımız ölkəmizin hava hüdudlarını yüksək sayıqlıqla qorudular və döyüş əməliyyatlarında düşmənə ağır, sarsıdıcı zərbələr endirdilər.
Qələbəmizin əldə olunmasında şəhidlərimizin rolu böyükdür. Vətən torpaqlarımızın bütövlüyü onların qanı, canı bahasına təmin olundu. Allahdan şəhidlərimizə rəhmət, yaralı döyüşçülərimizə şəfa diləyirəm.

Mayor Zakir Əmirov:
- İnsan peşə seçəndə onun sabahları haqqında da düşünür. Seçdiyi peşənin incəliklərini mənimsədikcə özünə inamı da artır, məsuliyyəti də. Mən hərbçi olmağı qərara almışdım. Həm də pilot olmaq istəyirdim. Arzum gerçəkləşdi. Mən həm pilot oldum, həm də hərbçi-pilot. "Səma şahinləri" mahnısını dinlədikcə seçimimə görə özüm özümə minnətdarlıq edirdim.
İndi mayor hərbi rütbəsindəyəm. Vaxtilə təlim uçuşlarında öyrəndiklərimizi döyüşlərdə tətbiq etdikcə Vətənə sədaqətin nə oduğunu daha əhatəli dərk edirdik.
Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Bütün hərbçilər kimi, bütün azərbaycanlılar kimi, biz də Ali Baş Komandanın döyüş əmrini gözləyirdik. Bu əmr qələbə ilə tamamlanacaqdı, torpaqlarımız işğaldan azad ediləcəkdi.
Ermənistan silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də yeni ərazilər işğal etmək niyyətiylə işğal olunmuş ərazilərimizdən müxtəlif istiqamətlərdən hücum etdi. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu Vətən müharibəsi idi.
Vətən müharibəsində Azərbaycanımızın səma şahinləri olduqca mühüm döyüş tapşırıqlarını qətiyyətlə yerinə yetirərək düşmənin hərbi bazalarını, komanda məntəqələrini, döyüş texnikalarını, canlı qüvvəsini məhv etdilər. Hərbi Hava Qüvvələrimiz Zəfərin qazanılmasında olduqca gərəkli əmrləri böyük peşə məsuliyyəti ilə yerinə yetirdi...
Mən də digər silahdaşlarım kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunmuşam.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülənləri, müxtəlif orden və medallarla təltif olunanları səmimiyyətlə bir daha təbrik edirəm. Bu təbrikim həm də Hərbi Hava Qüvvələri Günü ilə bağlıdır. Hərbi Hava Qüvvələrinin bütün şəxsi heyətinə deyirəm: Bayramınız mübarək!

Mayor Sabit Hüseynov:

- 1988-ci il mayın 6-da Tovuz rayonunda anadan olmuşam. Uşaq yaşlarımdan hərb sənətinə böyük marağım olub. Bəlkə də, buna səbəb ağlım kəsəndən əzəli torpaqlarımızın düşmən işğalında olması idi.  Orta məktəbi bitirəndə Vətənimi azad görmək istəyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. Ən böyük arzum burada reallaşdı. Ali Hərbi Məktəbi pilot təlimatçı kimi bitirdim. Daha sonra biliklərimi inkişaf etdirib təkmilləşdirmək üçün Hərbi Akademiyada magistr təhsili aldım.
Döyüş və mənəvi-psixoloji hazırlığı, texniki təminatı yüksək səviyyədə olan ordumuz  illərdir Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Azərbaycan Ordusu hər an hazır olduğu əmrlə əzəli və əbədi torpaqlarımızı işğaldan azad etdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu qızıl hərflərlə tarix yazdı. Qəhrəmanlığı, qorxmazlığı ilə düşmənə meydan oxuyub dünyanın diqqət mərkəzinə çevrilən müzəffər bir ordunun zabiti olmağımla fəxr edirəm. Sentyabrın 27-də əks-hücum əməliyyatı başlayan andan döyüş helikopterləri ilə döyüşlərə atıldıq. Bizim əsas döyüş tapşırığımız hücuma keçən düşmənin canlı qüvvəsini, zirehli texnikasını məhv etmək idi. 44 gün müddətində biz bu əmrin öhdəsindən layiqincə gəldik.
Bu gün illərdən bəri yaşanılan yurd-yuva, doğma ocaq, Vətən həsrəti bitib, tarixi torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, abadlıq işləri aparılır. Bu hər bir azərbaycanlının ürəyini dağa döndərir, qəlbinə fərəh hissi gətirir. Biz sübut etdik ki, Vətənə könül verənlərin qarşısında heç bir qüvvə dayana bilməz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşam.
Yaranmış fürsətdən istifadə edərək, Hərbi Hava Qüvvələrinin yaranmasının 30 illiyi münasibətilə bu sahədə çalışan bütün hərbçilərimizi səmimi qəlbdən təbrik edir, onlara aydın səma, ölkəmizə sülh, əmin-amanlıq  arzulayıram.

Kapitan Soltan Orucov:

- Bu gün Hərbi Hava Qüvvələrinin yarandığı gündür. Otuz il bundan əvvəl yaranmış Hərbi Hava Qüvvələrinin şəxsi heyəti şərəfli döyüş yolu keçib. Həm Birinci, həm İkinci Qarabağ müharibəsində, həm də Aprel döyüşlərində iştirak edib. İştirak etdiyimiz döyüşlərdə həmişə qarşımızda dayanan tapşırıqları yüksək bacarıqla yerinə yetirərək böyük uğurlar qazanmışıq. Hələ kiçik yaşlarımdan təyyarəçilik peşəsinə böyük marağım olub. Bu maraq məni 2009-cu ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə gətirdi. Burada təyyarəçi-şturman ixtisasına yiyələndim. 2014-cü ildə təyyarəçi zabit kimi "N" hərbi hissəsində xidmətə başladım. 2016-cı ilin Aprel döyüşlərində iştirak etdik. Erməni qəsbkarlarının mövqelərinə sarsıdıcı zərbələr endirdik. Aprel döyüşlərində böyük uğurlar qazandıq. Bu uğurları Vətən müharibəsində də davam etdirdik. Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə erməni qəsbkarlarının silah-sursat anbarlarına, dayaq məntəqələrinə və başqa obyektlərinə havadan dəqiq zərbələr endirdik. Düşmənin ehtiyat qüvvələrini zərərsizləşdirdik. Apardığımız döyüş uçuşları uğurla başa çatdı. Komandanlığın verdiyi bütün tapşırıqları peşəkarlıqla yerinə yetirib bazaya qayıtdıq. Hava zərbələrindən sarsılan düşmən geri çəkilməyə məcbur edildi. Qələbənin qazanılmasında Hərbi Hava Qüvvələrinin böyük əməyi oldu. Döyüşlərdə hamı bir yumruq kimi birləşərək erməni işğalçılarına qarşı mübarizə apardı. Şükürlər olsun ki, mübarizəmiz Zəfərlə başa çatdı. Azərbaycan Ordusu Vətən müharibəsində qalib gəldi, Ermənistan ordusunu məhv etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə və "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülmüşəm. Vətən müharibəsində iştirak etdiyimə görə çox qürurluyam! Bu qürurla da Hərbi Hava Qüvvələrinin yaranması günü münasibətilə şəxsi heyəti təbrik edir, xidmətlərində uğurlar arzulayıram.
"Azərbaycan Ordusu" qəzetinin kollektivi adından Hərbi Hava Qüvvələrinin yaranmasının 30 illiyi münasibətilə şəxsi heyəti ürəkdən təbrik edir, onlara şərəfli və müqəddəs xidmətlərində uğurlar arzulayırıq.

"Azərbaycan Ordusu"