Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2022 11:00

“Təminatımız yüksək səviyyədədir”

Azərbaycan əsgərinin uğurlu xidmət etməsi üçün bütün hərbi hissələrdə yüksək məişət şəraiti yaradılıb. Hərbi qulluqçularımız dövlət başçısının və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunublar. Hərbçilərin rahatlığının təmin edilməsi, layiqli xidmət keçməsi üçün bütün lazımı şəraitin yaradılmasının diqqət mərkəzində saxlanılması da bunun bariz nümunəsidir. Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra işğaldan azad edilən ərazilərimizdə təmir, bərpa və yenidənqurma işləri yüksək sürətlə davam etdirilir. Müasir tələblərə cavab verən yeni hərbi hissələr yaradılır. Əsgərlərimiz təmiz və gigiyenik yeməkxanası, rahat yataqxanası, isti hamamı olan hərbi hissələrdə xidmət aparırlar.
"N" hərbi hissəsində əsgərlərin günün nizam qaydalarına uyğun fəaliyyəti, keçirilən dərslər, onların məişət şəraiti ilə tanış olduq. Təmiz və səliqəli  əsgər yataqxanasında müasir çarpayılar, təmiz mələfələr, hər bir çarpayının kənarında fərdi əl-üz və ayaq dəsmalları əsgərlərin yüksək sosial-məişət şəraitinin ifadəsidir. Gigiyenik vasitələrin saxlandığı fərdi tumbalarda hər cür lazımi  ləvazimat var. Bunlar ordu quruculuğunda aparılan islahatların, şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində  görülən işlərin nəticəsidir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elçin İbrahimov bütün təminatların yüksək səviyyədə olduğunu bildirdi: "Yuxarı komandanlıq hər birimizin rahat xidməti üçün belə  gözəl şərait yaradıb. Yaradılan şəraiti qoruyub saxlamaq da hər birimizin borcudur. Hərbi hissənin hər yerində olduğu kimi, yataqxanada da gündəlik səliqə-sahman, təmizlik işləri görülür.
Yataq ağları və dəsmallar hər həftə yeniləri ilə əvəz olunur. Həftənin şənbə günləri köhnə camaşırlar yuyulması üçün camaşırxanaya təhvil verilir. Orada avtomatlaşdırılmış müasir avadanlıqlar vasitəsilə tam gigiyenik qaydada yuyulub ütülənərək bölmələrə qaytarılır. Bununla bərəbər əsgərlərin də üst-başının təmiz və səliqəli olması mütəmadi olaraq yoxlanılır. Çirkli paltarlar həftə sonu yuyulmaq üçün müvafiq qaydada camaşırxanaya təhvil verilir. Əsgərlərin şəxsi gigiyenalarına nəzarət üçün təyin olunmuş günlərdə hamam fəaliyyət göstərir. Müəyyən vaxtlarda yataqxananın döşəmələri də xüsusi dezinfeksiyaedici məhlullarla silinib təmizlənir ki, bu da əsgərlərimizi virus və bakteriyalardan qoruyur", - kiçik çavuş Elçin İbrahimov dedi.
Hərbi xidmətə Saatlı rayonundan çağırılan əsgər Bəşir Zeynalov Azərbaycan Ordusunda xidmət etməkdən qürurlandığını bildirdi:
- Məndən əvvəl hərbi xidmətdə olan dostlarım xidmət etdikləri hərbi hissələrdə hər cür şəraitin yaradıldığını deyəndə tezliklə əsgər olmağı arzulayırdım. Bizim təkcə gözəl yataqxanamız deyil, həmçinin dadlı yeməklərin bişirildiyi yeməkxanamız, asudə vaxtımızı səmərəli keçirməyimiz üçün ideoloji otağımız, xəstələndiyimizdə müraciət edəcəyimiz tibb məntəqəmiz də var. Bir sözlə, təminatımız yüksək səviyyədədir. Bu cür şəraitdə xidmətimizi nizamnamənin tələblərinə uyğun quraraq Vətənimizə layiqli xidmət edirik.
Əsgərlər Sənan Əhmədov və Nihad Cavadov da heç bir çətinlik çəkmədən xidmət etdiklərini bildirdilər:
- Hərbi hissəmizdə hər bir şərait yaradılıb. Yataqxanamızda mərkəzi istilik sistemi var. Şaxtalı günlərində yataqxanamızda soyuq hiss etmirik. Belə yüksək şəraitdə xidmət etmək döyüş hazırlığımızın  yüksəlməsinə də təsir edir. Hər birimizin  amalı Vətənimizə layiqli əsgər olub, torpaqlarımızı xarici təhdidlərdən qorumaqdır. Vətən müharibəsində igid qardaşlarımız Azərbaycan Ordusunun nəyə qadir olduğunu nümayiş etdirdilər. Şəhidlərin də, qazilərin də xidmət yolu, qəhrəmanlığı bizə örnəkdir.
Hərbçilərimiz xidmətlərini rahat aparmaları üçün hər bir şəraitlə təmin olunublar. Bu, hamımızı qürurlandırır.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"