Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2022 11:00

30 ilin tarixi

Azərbaycanın dövlət müstəqilliyi bərpa edilmişdi. Gənc müstəqil Azərbaycan dövlətinin müstəqil ordusu yaranırdı. Ordumuz yaranır, yarana-yarana formalaşırdı. Belə bir vaxtda, 1992-ci ilin əvvəllərində Müdafiə Nazirliyinin orqanı kimi "Xalq Ordusu" qəzeti nəşrə başlayacaqdı. İlk hərbi mətbuatımız olacaqdı "Xalq Ordusu". "Azərbaycan" nəşriyyatında  fevralın 11-də ilk sayı nəşr edildi. Fevralın 12-si gününün dan yeri söküləndə ilk işığı "Xalq Ordusu" qəzetinin ilk nüsxələrinin üzərinə düşdü. Bu, cəmiyyətin ilk hərbi mətbu orqana ehtiram salamı idi...
"Xalq Ordusu" nəşrə başladığı ilk vaxtlardan kabinet qəzeti olmadı, bölgələrdə, səngərlərdə döyüşənlərlə nəfəs-nəfəsə dayandı, əməkdaşlar səngərli anların istisini yazacağı sözün - məqalənin, reportajın, düşüncələrin istisinə hopdururdu. Qəzetin ilk saylarından biri Cəbrayıl, Füzuli bölgəsinə həsr olunmuşdu. Azərbaycan mətbuatında ilk dəfə səyyar say belə dərc edildi. Bunu 30 il əvvəl "Azərbaycan Ordusu" qəzetinin xələfi olan "Xalq Ordusu" qəzeti etdi...
"Xalq Ordusu" qəzeti fəaliyyətini 1992-ci ilin iyununda döyüş bölgəsində davam etdirdi, əməkdaşların bir qrupu Tərtər, Bərdə rayonlarına ezam edildi. Bu da mətbuat tariximizdə ilklərdən oldu və bu, Vətən müharibəsində başqa formatda, başqa mahiyyətdə təkrarlandı.
"Azərbaycan Ordusu" qəzetinin fəaliyyəti ordu quruculuğunu da əhatələyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın ordu quruculuğu siyasəti qəzetin fəaliyyətinin başlıca qayəsi olub. Qəzet ordu quruculuğunda həyata keçirilən tədbirlərin, Müdafiə Nazirliyinin yerinə yetirdiyi irimiqyaslı tədbirlərin sədaqətli təbliğatçısı kimi tanındı və sevildi; "Azərbaycan Ordusu" şəxsi heyətin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində etibarlı qurum olub, bu vəzifəni - sözlə, sözə istinad etməklə yüksək səviyyədə yerinə yetirib.
"Azərbaycan Ordusu" qəzetinin əməkdaşları Müdafiə Nazirliyinin xətti ilə keçirilən beynəlxalq tədbirlərdə də iştirak edir, Moskvada, İranda, Qazaxıstanda, Türkiyədə keçirilən belə tədbirlərdən qəzetin əməkdaşlarının hazırladıqları təhlili məqalələr, reportajlar nəinki Azərbaycanda, tərəfdaş ölkələrdə də maraqla qarşılanmış, maraqla oxunmuşdur. Bu fakt "Azərbaycan Ordusu" qəzetinin peşəkarlığının göstəricisidir, şübhəsiz...
2016-cı ilin Aprel döyüşlərində qəzetin əməkdaşları üç qrup olmaqla döyüşlərə ezam edilmişdi. Əməkdaşların döyüşlərdən hazırladıqları məqalələr, reportajlar, “zarisovkalar”, çəkdikləri şəkillər müharibə tariximiz kimi dəyərlidir. İstər oxucular, istərsə də mətbuata maraq göstərənlər, araşdırıcılar bu materiallara yüksək dəyər verirdilər, bu dəyərvermə indi də davam etməkdədir.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi xalqımızın, dövlətimizin tarixində olduğu kimi,  qəzetimizin də tarixində mühüm bir mərhələ oldu. Belə ki, əməkdaşlarımız cəbhənin üç istiqamətində A-4 formatında gündəlik olaraq "Azərbaycan Ordusu" qəzetinin xüsusi buraxılışları - "Sən qalib gələcəksən", "Qalibiyyət döyüşü" və "Qələbə uğrunda" adları ilə qəzetləri səyyar  şəraitdə hazırlayaraq çap edirdilər. "Azərbaycan Ordusu" qəzeti 44 gün ərzində 51 nömrədə səyyar qəzetin nəşri kimi tarixləşdi, yəni, "Azərbaycan Ordusu" qəzeti həm də Vətən müharibəsinin əsgəri oldu...
Vətən müharibəsi Zəfərlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşı-sında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Bu fikirlər "Azərbaycan Ordusu" qəzetinin sonrakı fəaliyyətini, ideoloji istiqamətini də tənzimlədi. Qəzetin əməkdaşları Vətən müharibəsi iştirakçıları haqqında oxunaqlı (və tarixə sədaqətlə yazılan) məqalələr hazırladılar, bu proses indi də davam etməkdədir. Vətən müharibəsində şəhid olanlara dövlət səviyyəsində diqqət və qayğı həmişə göstərilib, indi də göstərilməkdədir. Bu diqqət və qayğı "Azərbaycan Ordusu" qəzetinin şəhidliyə münasibətini daha da həssaslaşdırıb. Bu və ya digər tədbirlər də, əməkdaşların təşəbbüsləri ilə hazırlanan yazılar da qəzetdə səxavətlə dərc edilir ki, bunlar da yeniyetmələrin, gənclərin vətənpərvərlik tərbiyəsində olduqca əhəmiyyətli olur.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra "Azərbaycan Ordusu" qəzetinin əməkdaşlarından bir qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalına və Müdafiə nazirinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına layiq görüldülər...
"Azərbaycan Ordusu" qəzetinin özünün də, əməkdaşlarının da ən böyük təltifi oxucu minnətdarlığıdır. 30 yaşın mübarək, ilk hərbi mətbuatımız, doğma qəzetimiz!

Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"