Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2022 11:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 26 Fevral - Xocalı faciəsi


Suallar:
1. Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət.

2. 26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi.

3. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması.

Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət

Çar Rusiyası və Sovetlər İttifaqı dönəmindən etibarən ermənilər Azərbaycan torpaqları hesabına öz ərazilərini böyüdərək psixologiyalarına yeritdikləri cəfəng, real əsası olmayan "Böyük Ermənistan" xülyasını həyata keçirməyə çalışdılar. Bu mənfur məqsədlərinə çatmaq üçün onlar hər hansı vicdani və insani hissləri nəzərə almadan bütün üsul və vasitələrdən istifadə etdilər. Bu vasitələr əsasən milli zəmində törədilən qırğın və terrorlardır. Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin Azərbaycan torpaqlarında kütləvi məskunlaşması, 1905-1907-ci illərdə törətdikləri qırğınlar, 1918-ci il soyqırımı hadisələri, deportasiya haqda 1947 və 1948-ci ildəki qərarları bu siyasətin həyata keçirilməsinin bir parçası idi.
Ermənistan 1988-ci ildən Qarabağ iddiası ilə Azərbaycana qarşı növbəti təcavüzkar siyasətinə başladı. Azərbaycan XX əsrin əvvəllərindən bəri bir neçə dəfə bu cür təcavüzə, soyqırımına məruz qalsa da, növbəti dalğaya hazır deyildi. 1988-ci il fevralın 13-də Xankəndidə ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə ilk mitinqə çıxdılar. Bu faktiki olaraq böyük münaqişənin ilk siqnalı idi. Həmin il fevralın 21-də Əsgəranda iki azərbaycanlının ölümü faciələr silsiləsinin ilk halqası oldu. Bu dövrdə Qafqazın mədəni beşiyi sayılan Qarabağın həyatında ciddi dəyişikliklər müşahidə olunurdu. Belə ki, artıq burada qatı erməni millətçiləri olan və türklərə, azərbaycanlılara dərin nifrəti ilə fərqlənən bir sıra erməni yazıçı, şair və ziyalılarına yubileylər keçirilir, tez-tez onlarla görüşlər təşkil edilirdi. Bundan başqa erməni Arkadi Manuçaryanın rəhbərlik etdiyi daşnakçı "Krunk" cəmiyyəti Qarabağda açıq-aşkar anti-Azərbaycan fəaliyyətinə başladı. 1989-cu ildə Ermənistan SSRİ-nin ali sovetinin Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarı vəziyyəti daha da gərginləşdi. Artıq tez-tez silah səsləri eşidilir, öldürülən dinc azərbaycanlı sakinlərin sayı artırdı. Mərkəzi hakimiyyətin zəifliyi, hadisələrə müdaxilə etməməsi bu işin nəticələrini daha da ağırlaşdırırdı. Artıq ermənilər mitinqlərlə, bəyanatlarla kifayətlənmir və silahlı mübarizəyə başlayırdılar. Onları bu işdə ruhlandıran isə Qorbaçov hakimiyyəti və onun yürütdüyü siyasət idi.
Xocalının işğalına gedən yol Tuğ və Səlakətin kəndlərinin işğalından başladı. Belə ki, bu kəndlər 1991-ci il oktyabrın 30-da, Xocavənd isə noyabrın 19-da erməni silahlı qüvvələri tərəfindən işğal edildi. 1992-ci il yanvarın 10-da Axullu kəndi və onun ardından Quşçular və Malıbəyli kəndləri fevralın 11-dən 12-nə keçən gecə işğal edildi. Xocalını işğal etmək üçün bu iki kəndin ələ keçirilməsi erməni terrorçuları üçün strateji əhəmiyyət daşıyırdı. Bir neçə gün sonra isə (17 fevralda) Qaradağlı kəndi ermənilər tərəfindən zəbt edildi. 1991-ci il hadisələri Dağlıq Qarabağ ətrafında gedən proseslərin mahiyyətini açdı. Azərbaycan Ermənistan tərəfindən gizlədilməyən təcavüz faktı qarşısında qaldı.
1992-ci ildə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Rusiyapərəst siyasət yeridən Azərbaycan prezidenti Ayaz Mütəllibov respublikanın MDB (Müstəqil Dövlətlər Birliyi) çərçivəsində Moskvanın maraqları orbitində qalmasına çalışır və milli ordunun yaradılmasını ləngidirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin əvvəllərində Azərbaycan Ordusu tam silahlanmamış iki tabordan (təxminən 300 nəfər), yaxşı təlim keçməmiş, vahid komandanlığı olmayan DİN, MTN, XTMD (Xüsusi Təyinatlı Milis Dəstəsi) bölmələrindən, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən (ümumi sayı cəmi 2000 nəfərə qədər) ibarət idi. Bu şəraitdə erməni silahlı dəstələrinin şəxsi heyəti sayca azərbaycanlılardan çox olmasa da, daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdi. Bununla yanaşı, MDB silahlı qüvvələrinin 366-cı alayının 129 zabit və gizirinin 49-u milliyyətcə erməni idi. Həmin alayın 2-ci taboruna isə  milliyyətcə erməni olan mayor Seyran Ohanyan rəhbərlik edirdi.
Artıq 1992-ci ilin fevralında Dağlıq Qarabağda Rusiyanın köməyi ilə silahlandırılmış, Azərbaycanın ərazisində işğalçı müharibə aparmağa qadir erməni ordu bölmələri var idi. Bu dövrdən etibarən ermənilər Dağlıq Qarabağın tərkibində və ondan kənarda azərbaycanlılar yaşayan iri yaşayış məntəqələrinin işğalı planının həyata keçirilməsinə başladılar. Ermənistanla quru yol əlaqələri olmayan Qarabağ erməniləri ancaq hava yolu ilə kömək ala bilərdilər. Ona görə də ermənilər Qarabağda tələsik yeni vertolyot meydançaları hazırlayır, Gorus-Stepanakert (indi Xankəndi) və Gorus-Hadrut reysləri təşkil olunurdu. Vəziyyətə tam nəzarət etmək, eləcə də bütün istiqamətlərdə maneəsiz hərəkət etmək və Dağlıq Qarabağda olan yeganə aeroportu ələ keçirmək üçün Xankəndi ilə Əsgəran arasında yerləşən, azərbaycanlıların yaşadıqları Xocalı şəhərini ermənilər ələ keçirməli idilər.

26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis-Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.
Xocalı Qarabağ hadisələri başlanmazdan əvvəl içindən Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolları keçən, Dağlıq Qarabağda yeganə təyyarə meydanı olan bir qəsəbə idi. 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlıların və Fərqanədən qaçmağa məcbur olan ahıska türklərinin bir hissəsi də Xocalıda məskunlaşmışdılar. 1991-ci ilin ortalarında artıq burada 6300 insan yaşayırdı. Həmin ilin axırında ermənilərin şəhərə hücumlarından sonra əhalinin bir hissəsi Xocalını tərk etdi. Faciəli fevral hadisələri ərəfəsində şəhərdə 3 mindən bir qədər çox adam qalmışdı. 1991-ci ilin oktyabrından Xocalı ilə avtomobil nəqliyyatı əlaqəsi kəsildi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Azərbaycanla ancaq hava yolu ilə, vertolyotlar vasitəsilə əlaqə saxlanırdı. Son dəfə fevralın 13-də hərbi vertolyot ərzaq və yanacaq gətirdi. Ermənilər tərəfindən edilən aramsız hücumlara, Azərbaycan rəhbərliyinin Xocalının taleyinə biganə münasibətinə baxmayaraq, əhali öz tarixi vətənini tərk etmək istəmirdi.
Xocalını aeroportun komendantı, milis kapitanı Əlif Hacıyevin rəhbərliyi ilə sərəncamında olan 1 "Alazan" tipli artilleriya qurğusu, 3 zirehli transportyor, yalnız atıcı silahlarla silahlanmış Milli ordunun, XTMD-nin və yerli özünümüdafiə dəstəsinin döyüşçülərindən ibarət 160 nəfərlik qüvvə qoruyurdu. 1992-ci il fevralın 26-sı Azərbaycan tarixinə ən qanlı səhifələrindən biri kimi yazıldı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri MDB-nin 366-cı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək dağıtdılar və yerli əhaliyə qarşı əsl genosid aktı törətdilər. Erməni yaraqlıları 366-cı alayın zabit və əsgərlərinin köməyilə şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütləvi şəkildə qırmağa başladılar. Xocalının müdafiəçiləri sayca qat-qat üstün, yaxşı silahlanmış, tankların və digər zirehli texnikanın dəstəyi ilə hücuma keçən düşmənin qarşısını almaq üçün fədakarlıqla döyüşdülər və dinc əhalinin şəhərdən çıxa bilməsinə şərait yaratdılar. Şəhərin müdafiəçiləri bu qeyri-bərabər döyüşdə öz mövqelərindən geri çəkilmədilər, onlardan bir çoxu əsl qəhrəman kimi döyüşdə həlak oldu. Səhərə qədər gedən döyüşdə onlarla döyüşçümüz qəhrəmancasına həlak oldu. Təəssüf ki, döyüşçülərimizin qanı bahasına şəhərdən çıxmağa müvəffəq olan dinc əhalinin çox az hissəsi xilas ola bildi. Yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 83-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəni məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Xocalı faciəsi azərbaycanlıların qəlbinə qorxu, ermənilərin üstünlüyünə inam hissləri səpməmiş, əksinə, qisasçılıq hisslərini alovlandırmışdır. 2020-ci il sentyabrın 27-nə kimi səngərlərdə, mövqelərdə döyüş növbətçiliyi aparan əsgərlər, hərbi xidmətdən tərxis olunan hər bir Azərbaycan vətəndaşı döyüşlər başlayanda döyüşənlərin sırasında olmaqla o müdhiş gecədə həlak olan vətəndaşlarımızın, qocaların, qadınların, uşaqların, əsir düşmüş, alçaldıcı təhqirlərə məruz qalmış, namusu tapdalanmış qız-gəlinlərin qisasının alınması amalı ilə yaşayırdılar.

Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər aparılmış və 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) Uqandanın paytaxtı Kompala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri, başçılarının iştirak etdiyi VI forumun təşəbbüsü ilə "İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında" qətnamə imzalanmışdır. "Xocalıya ədalət" beynəlxalq kompaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və qiymət verilmişdir. Qətnamədə "Xocalıya ədalət" beynəlxalq kompaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənddə öz əksini tapmışdır. Bu beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir. "Xocalıya ədalət" kompaniyasının fəaliyyətinin bu il 11-ci  ili tamam olur. Bu müddət ərzində Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu faciəni beynəlxalq sənədlərdə insanlara qarşı cinayət və soyqırımı kimi tanımasını kompaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 21-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
Xocalı soyqırımı 14-cü, 15-ci və 16-cı ildönümü Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-də, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd edilmişdir. 2005-2007-ci ilin fevralında  Türkiyə Böyük Millət Məclisinin xüsusi iclasında Xocalı soyqırımı ilə bağlı məsələ müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək Türkiyənin ayrı-ayrı şəhərlərində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir. Dünyanin bir sira şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almişdir. Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, dövlətçiliyimizi qorumaq üçün Azərbaycanın güclü ordusu olmalıdır. Müharibədə döyüşlər həm ordunun qüdrətinin, həm də döyüşçülərin döyüş əzminin, qələbə ruhunun göstəricisi olur. Əsgər qətiyyətlidirsə, ordu qətiyyətlidir, əsgər güclüdürsə, ordu güclüdür, əsgərin döyüş hazırlığı yüksəkdirsə, ordunun döyüş hazırlığı yüksəkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdi və Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin qisası alındı.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi