Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2022 11:00

“Mən də Vətən müharibəsi iştirakçısı olmuşam!”

Heç bir xalq müharibə arzulamayıb...
Xalqımız illərdi torpaqlarımızın işğaldan azad edilməsi üçün Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyinə, sülh danışıqlarından yayındığına, regionda status-kvonu saxlamaq istədiyinə görə müharibə istəyirdi. Ordu da, xalq da Ali Baş Komandanın döyüş əmrini gözləyirdilər.
Ermənistan 2020-ci il sentyabrın 27-də yeni ərazilər işğal etmək niyyəti ilə dövlət sərhədlərindən də, işğal etdiyi ərazilərdən də hücuma keçdi. Ordumuz hücumun qarşısını qətiyyətlə aldı. Ermənistanın hərbi birləşmələri hiss etdi ki, Azərbaycan Ordusu güclüdür. Bu hissetmə qorxuya başlanğıc oldu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əks-hücum əmri verdi. Əks-hücum əməliyyatı Vətən müharibəsinin başlanğıcı idi.
Xalq arzuladığı müharibənin mənəvi əsgəri oldu...
Əsgər Elşad Səlimovun xidmət etdiyi hərbi hissə döyüşə Talış kəndi istiqamətindən başladı.
Suqovuşan istiqamətində yüksəklik uğrunda döyüşürdülər. Az sulu çayı keçmişdilər. İkinci çayı da keçməli idilər. Körpü olmadığına görə çay yuxarı gedir, uyarlı addamac tapmağa ümid edirdilər. Bu məqamlarda yüksəklikdən atəşə tutuldular. Komandirin əmri ilə daldalandılar; belə şəraitdə atışa qoşulmaq, düşmənə cavab vermək döyüş şəraitində dəyişiklik yarada bilmir. Gözlədilər. Gözləyə-gözləyə yüksəkliyin ətəyinə yaxınlaşdılar. Belə şəraitdə əsəblər də döyüşçüyə dönür...
Şər qarışanda düşmən ünvansız-ünvanlı atışlar aparırdı. Cavab almayanda atışın səmtini sağa-sola dəyişirdi. Bu anlaşılmaz sükut düşmənin döyüşçülərini əməlli-başlı çaşdırmışdı...
Əlverişli məqam çatanda komandir hücum əmri verdi. Snayperimiz düşmənin snayperini vurdu. Düşmən bir anlığa da olsa çaşqınlıq yaşayacaqdı. Komandir bu vəziyyəti hücuma keçməyin ən uyarlı, ən əlverişli məqamı bildi və hücum əmri verdi.
Kiçik qruplarla hücuma keçdilər.
Düşmən postlarına çatmışdılar...
Düşmənlə üz-üzəydilər...
Həmin anlarda döyüşçülər ancaq qələbə haqqında, özünü və döyüşçü yoldaşını qorumaqla düşməni məğlub etmək haqqında düşünürdülər. Bu yüksəkliyin düşməndən təmizlənməsinin sonrakı döyüşlərdə nə kimi əhəmiyyəti olacağını komandir döyüşçülərə bildirmişdi.
Döyüşçülər Böyük Qələbə üçün döyüşürdülər...
Düşmənin birinci mövqeyi alınanda mövqe qələbəsi ərəfəsində olduqlarını duydular. Bu duyum qələbə ruhu idi, bu duyum döyüş əzmini daha da artırmışdı...
Əmr yerinə yetirilmişdi. Əsgər Elşad Səlimov da mərdliklə döyüşmüşdü...
Döyüşçülərimizə sevgilərlə qol açan yüksəkliyin qarşı tərəfindəki yüksəklikdə düşmən mövqelənmişdi. İlk qələbə döyüşçülərimizin döyüş əzmini kükrətmişdi, düşmənin müdafiə olunma niyyətini çilikləmişdi. Komandirin əmri ilə bir qədər "nəfəs dərirdilər". Nəfəs-nəfəsə bir azdan başlayacaq döyüşün ovqatıyla söhbətləşirdilər. O anları Elşad belə xatırlayır: "Yorğunluq hiss etmirdik. Ağır yaralımız yoxuydu. Yüngül yara alanlar da yara almamış kimi avtomatın qundağını sığallayırdı. Səbirsizliklə döyüş əmrinin veriləcəyi anı gözləyirdik. Xəyallarımız dünənlərlə yox, sabahlarla bağlı idi. Sabahların döyüşləriylə, qazanılacaq qələbələrlə, sonuncu döyüşlə, düşmənə atılacaq sonuncu güllə ilə, Şuşa ilə, Cıdır düzü ilə...".
Döyüşdüyü anları xatirində yenidən yaşayan Elşad Səlimov döyüşçü dostlarını xatırladı. "Mərdliklə döyüşdülər. Onların da döyüş yolu yeniyetmələrə örnək olacaq..." -  dedi. "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan əsgər Elşad Səlimov fikrini belə tamamladı: “Vətən müharibəsində iştirak etmək ən unudulmaz xatirəm olacaq”.
...Neçə on illər keçəcək, Vətən müharibəsi iştirakçıları hər dəfə qürurla belə deyəcək: “Mən də Vətən müharibəsi iştirakçısı olmuşam!”
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"