Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2022 11:00

Ordumuz peşəkarlığını bundan sonra da artıracaqdır

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.



Bu gün Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri inkişaf prosesinin davamlılığını təmin edən hədəflərin düzgün müəyyən edilməsidir. Bu mənada Azərbaycanın müstəqil bir dövlət olaraq tam formalaşması, güclü ordu və müdafiə potensialına malik olması, bütün bunlara istinadən qlobal səviyyədə tam müstəqil daxili və xarici siyasət yürütməsi  reallığını dünya dövlətləri etiraf edir.
Müstəqil Azərbaycanın son illər ictimai-siyasi həyatın bütün sahələrində əldə etdiyi uğurlar konkret məqsədlərə yönəlmiş çevik iqtisadi siyasətin nəticəsidir. Fərəhləndirici haldır ki, ordu quruculuğunda da aparılan islahatlar uğurla davam etdirilir.
Tarixdən də məlumdur ki, ordu dövlətin müstəqilliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olmaqla  dövlət quruculuğunun tərkib hissələrindən biridir. Ümummilli Liderimizin əsasını qoyduğu milli dövlət quruculuğu və Silahlı Qüvvələrin müasir səviyyədə qurularaq gücləndirilməsi prosesinin düzgün inkişaf etdirilməsi nəticəsində ordumuzun daha əhatəli formalaşdırılması, torpaqlarımızın etibarlı qorunması və işğaldan azad olunması işinin təşkili istiqamətində qəti addımlar atıldı, ordu quruculuğu siyasətinin əsası qoyuldu, yeni strategiya müəyyənləşdirildi. Bu gün dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.
Ali Baş Komandan İlham Əliyev yeni tələblər əsasında ordu quruculuğunu və onun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsini, maddi-texniki bazanın inkişaf etdirilməsini, müasir əsgəri-məişət yaşayış komplekslərinin tikilməsini, zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsini, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılmasını, şəxsi heyətin döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsini əsas tapşırıqlar kimi Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında qoyub.
Aparılan irimiqyaslı islahatlar, ölkə daxilində və xaricində keçirilən genişmiqyaslı təlimlər və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, müasir silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır". Müdafiə qüdrəti artan Azərbaycan Ordusunun reytinqinin yüksək səviyyədə olmasını, Ali Baş Komandanın fikirlərini Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz əməliyyatı təsdiq etmişdi, Vətən müharibəsi isə onu  tamamladı.
Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji hazırlığıdır. Mənəvi-psixoloji hazırlıq yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə belə qalib gəlmək asanlaşar. Ali Baş Komandan İlham Əliyevin dediyi "...Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmamışdır. Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun, azad edən xalqıq" fikirləri şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığa və vətənpərvərlik ruhuna malik olmasının bariz nümunəsidir.
Bu gün dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusu 30 il ərzində işğal altında olan torpaqlarımızı Vətən müharibəsi nəticəsində azad etdi - 2020-ci ilin 27 sentyabrında düşmənin hücumunun qarşısı alındı. Ali Baş Komandanımızın əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin 30 il ərzində qurub möhkəmləndirdiyi mühəndis-istehkam qurğuları qısa zamanda darmadağın edildi. Azərbaycan əsgəri döyüşlərdə yüksək peşəkarlıq sərgilədi və şücaətlə bu qurğuları darmadağın etdi.  Düşmən silah-sursatını, döyüş postunu ataraq qaçdı. Bu gün işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır.
2021-ci ildə Azərbaycan Ordusunda yeniləşməyə yol açan sürətli dəyişikliklər və komplektləşdirmə işləri həyata keçirildi. Müharibədən sonra orduya ayrılan xərclər artırılır, təchizat üçün ən müasir silahlar, texnikalar alınır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən işlər uğurla davam etdirilir. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrimizin hərtərəfli təminatı, sosial-məişət şəraiti və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər çərçivəsində modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir. Şəxsi heyətin səhra şəraitində yığcam yerləşdirilməsi üçün nəzərdə tutulan, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilən modul tipli yataqxanalarda bütün infrastruktur yaradılır. Bölmələr elektrik, su və qaz xətləri çəkilən yataqxanalar, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə təmin olunub. Görülən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji durumuna öz müsbət təsirini göstərir. Dövlət və ordu rəhbərliyi tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu görən əsgər Vətəninə xidməti borcunu sədaqətlə yerinə yetirir.
Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsinin yoxlanılması, döyüş texnikasının, müasir silahların tətbiqi imkanlarının öyrənilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyət və təminatın təşkili, döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrasının yoxlanılması məqsədilə keçirilən təlimlərə ordunun şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunları, ən müasir standartlara uyğun zirehli texnikalar cəlb edilir.  
Azərbaycan Ordusunun şəxsi heyəti ilə xalqımızın tarixi qəhrəmanlarının, İkinci Dünya müharibəsində Vətənimizin qəhrəman övladlarının, Birinci və İkinci Qarabağ müharibəsində igidlik göstərmiş qəhrəmanlarımızın həyat və fəaliyyətlərinin öyrənilməsi diqqət mərkəzində saxlanılır. Məhz qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə yüksələn oğullarımızın, igid hərbçilərimizin sayəsində torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdik.
İstənilən döyüş tapşırığını əzmlə yerinə yetirmək gücünə malik olan Azərbaycan Ordusu dövlətimizi və müstəqilliyimizi qətiyyətlə qorumağa qadirdir.

Elçin İMANOV Müdafiə Nazirliyi Mətbuat Xidməti