Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 2022 10:49

“Yoldaşlıq dostluğun başlanğıcıdı”

Qədim Roma mütəfəkkiri Siseron dostluq haqqında belə deyib: "Dost insanın ikinci özüdür". Hamı böyüdükcə "ikinci özünü" axtardığının fərqinə varmır. Məhəllədə, məktəbdə yoldaşlıq edir. Bu yoldaşlığın  az hissəsi dostluğa körpü olur. Dostluq qarşılıqlı güvən deməkdir. Münasibətlərdə inam, güvən varsa, dostluq davamlı və möhkəm olur. Çoxlu yoldaşın ola bilər, ancaq tam etibar edəcəyin şəxslər azlıq təşkil edəcək, çünki dostluq münasibətləri fərqli olur, səmimiyyətin, inamın, etibarın səviyyəsinə görə fərqlənir. Əgər yaxşı dostunun olmasını istəyirsənsə, onda özün yaxşı dost olmağı bacarmalısan. Bu münasibətləri hec nə ilə sarsıtmaq  mümkün deyil. Təsadüfi deyil ki, ən möhkəm dostluq münasibətləri hərbi xidmətdə yaranır.  Bu cür dostluq son nəfəsəcən qalır - əsgərləri bir-birilərinə bağlayan torpaq, Vətən, can əmanətidi.
"N" hərbi hissəsində xidmət edən Həsənağa Sultanov və Məhəmməd Xəlilzadə arasında da dostluq belə başlanıb, belə davam edir. Onların  dostluğu digərləri üçün örnəkdir.
"Əsl dost hər adama qismət olmur", - deyə əsgər Həsənağa Sultanov öz yaxın dostundan söhbət açdı. "Hərbi xidmətə başladığım ilk gündən xidmət yoldaşlarımla yaxşı münasibətim var. Məhəmməd ilə bir ildən çoxdur ki, dostluq edirik. Onun şəxsi keyfiyyətləri hər birimizə nümunədir. Məhəmməd kimi dostumun olduğuna görə hər zaman qürur duyuram".
Məhəmməd Xəlilzadə də Həsənağa kimi düşünür: "Kimin dostu var, onun xəzinəsi var. Hər birimizin ən azı bir dostu olmalıdı. Hərdən həyatda elə məqamlar olur ki, çətinliklərlə üzləşirsən və həmin çətinliklərin öhdəsindən gəlməyə yalnız dostun kömək edə bilir. Onu da bildirim ki,  asudə vaxtlarımızda maraqlı söhbətlər edir, qəzet, jurnal və bədii əsərlər oxuyuruq. Komandirlərimiz də bizə şanlı qələbəmizlə başa çatan Vətən müharibəsindən danışırlar. Bizim məqsədimiz tərxis olunandan sonra da rəşadətli ordumuzun sıralarına qayıtmaq, işğaldan azad olunan torpaqlarımızda xidmətimizi davam etdirməkdir. Hər ikimiz bu fikirdəyik".
Əsgərlərimizin səmimi dostluq münasibətləri bir ömrə bəs edən qırılmaz zəncirdir. Məhz belə bir yoldaşlıq, birlik, vətənpərvərlik ordumuza düşmən üzərində qələbə qazandıran amillərdən biri oldu. Mövlana deyirdi: Bir mən də var məndə məndən içəri. O mən - dostdur...

Elvin VƏTƏNDUST