Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 2022 10:48

Uğur və Qələbə yolu Vətən sevgisindən başlayır

Şəxsi heyətin müvəqqəti məskən salıb məşğələ keçdiyi əraziyə çatdıq. Ərazidə artilleriya vasitələri, o cümlədən "Qrad"lar görünürdü. Qurğuların bir az arxa tərəfində, təyin olunan yerdə dayanan zabitlər çöl məşğələsini idarə edirdilər.
Məşğələdən daha ətraflı məlumat almaq üçün mayor Elvin Hüseynovla görüşdük. Zabit dedi ki, döyüş hazırlığı planına uyğun olaraq əsgərlərə təlim keçir, onlara "Qrad" yaylım atəşli reaktiv sisteminin taktiki-texniki xüsusiyyətlərini və döyüşdə tətbiqini dərindən öyrədirik. "Şəxsi heyət səhra vərdişlərini və döyüş hazırlığını daha da artırır. Əsgərlərimiz məşğələdə fəal iştirak edir, hərbi bilik və vərdişlərini həvəslə mənimsəyirlər. Türk dünyasının böyük sərkərdəsi Mustafa Kamal Atatürk çox dahiyanə şəkildə deyib: "Təlimdə tər - döyüşdə zəfər". Doğrudan da, təlimdə nə qədər çox tər töksən, döyüşdə o qədər az itki verərsən".
Zabit Elvin Hüseynov Vətən müharibəsindən söz açaraq bildirdi ki, əsgərlərimiz İkinci Qarabağ müharibəsində böyük hünər göstərdilər, erməni qəsbkarlarına sarsıdıcı zərbələr endirdilər. "Müharibənin ilk günlərindən divizionun şəxsi heyəti müharibəyə cəlb olundu. Talış və Suqovuşan kəndləri uğrunda cəsarətlə vuruşdular. Düşmən üzərində qələbənin qazanılmasına öz töhfələrini verdilər. İşğalçının onlarla zirehli texnikasını sıradan çıxartdılar. Hər bir döyüşçü üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldi. Vətən müharibəsi göstərdi ki, şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Döyüş hazırlığımız nə qədər yüksək olsa da arxayınlaşmırıq. Daim təlim keçir, təkmilləşir, yeniliklərdən geri qalmırıq. Necə deyərlər, zamanla ayaqlaşırıq. Çünki uğur və zəfər inkişafın üzərində qurulur, qələbəyə yol isə Vətən sevgisindən başlayır. İnanıram ki, bilik və döyüş vərdişlərini təkmilləşdirən əsgərlərimiz gələcəkdə daha böyük uğurlar qazanacaqlar. Yüksək döyüş hazırlığı, zəngin hərbi biliklər həmişə zabiti də, əsgəri də zəfərlərə, qələbələrə qovuşdurur".
Söhbətimizi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Vüqar Kərimovla davam etdiririk. Öyrənirik ki, 2009-cu ildən doğma ordumuzun sıralarında xidmət edən "Qrad" döyüş maşınının komandiri də Vətən müharibəsinin iştirakçısı olub. Yurdumuzun azadlığı uğrunda vuruşub. Döyüşlərdə göstərdiyi igidliyə və cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb.
- Sentyabrın 27-də əks-hücum əməliyyatı başladı. Hərbi hissədən cəbhə bölgəsinə yola çıxdıq, - deyə Vüqar Kərimov sözə başladı. - Qısa müddət ərzində təyin olunmuş əraziyə gəldik. "Qrad" yaylım atəşli reaktiv sistemi "döyüş" vəziyyətinə gətirib düşmən mövqelərini atəşə tutduq. Bir müddət bu istiqamətdə fəaliyyətdən sonra Suqovuşan istiqamətinə göndərildik. Həmin günlərdə bu yaşayış məntəqəsi uğrunda gərgin döyüşlər gedirdi. Əlverişli mövqe tutub işğalçıların üzərinə mərmi yağdırdıq. Açdığımız atəşdən düşmənin onlarla canlı qüvvəsi və zirehli texnikası məhv oldu. Fəxr edirəm ki, Zəfərin əldə olunmasında bizim də payımız var.
Vətən müharibəsində çox gərgin və şərəfli günlər yaşadıq. Düşmən işğalında olan torpaqlarımızı azad edərək, xalqımıza qələbə sevinci yaşatdıq. Düşmən üzərində zəfərə baxmayaraq, bu gün yenə də təlim-məşğələlər keçir, döyüş hazırlığımızı artırırıq. Hərbçi kimi müharibədə bir daha şahidi oldum ki, hazırlığı yüksək olanlar qalib gəlir, zəfər qazanırlar.
"Qrad" döyüş maşınının sürücüsü əsgər Nofəl Məmmədov dedi ki, Vətən müharibəsində iştirak etməyimdən qürur duyuram. "Əks-hücum əməliyyatları başlanan kimi bizi ön xəttə göndərdilər. İlk günlər Ağdam və Tərtər istiqamətindəydik. Bir müddətdən sonra bizi Suqovuşan və Talış istiqamətinə göndərdilər. Başqaları kimi biz də döyüş tapşırığının öhdəsindən bacarıqla gəldik. Müharibədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülmüşəm".
Heyət nəfəri əsgər Elgün  Dünyamalıyev də Vətən müharibəsinin iştirakçısıdır.  O, Suqovuşan və Talış istiqamətində gedən döyüşlər zamanı üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Cəsarəti və hünəri ilə həm əsgər yoldaşlarının, həm də komandirlərinin rəğbətini qazanıb. Vətən müharibəsində göstərdiyi cəsarət və igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olumasına görə" medalına layiq görülüb.
- Xidmətdə və döyüşlərdə olduğum günlər həyatımın ən mənalı anlarıdır. Mən bunları  heç vaxt unutmayacağam. Zabitlərlə, əsgərlərlə çiyin-çiyinə xidmət etdiyim, döyüşdüyüm günləri həmişə qürur və iftixar hissləri ilə xatırlayacam, - deyə əsgər Elgün Dünyamalıyev bildirdi.
Heyət nəfərləri əsgərlər Samir Məlikov və Əli İsmayılovla da söhbət etdik. Dərs və məşğələlərdə fəal iştirak edən Samir və Əlinin məqsəd və amalı Vətənə sədaqətlə xidmət etmək və daim döyüş hazırlıqlarını artırmaqdır. Amallarına çatmaq üçün onlar xidmətlərinə məsuliyyətlə yanaşırlar.
Çöl məşğələsində hazırlığını artırmaqla, daim uğurlar qazanmağa can atan zabit və əsgərlərlə maraqlı söhbətimiz sonlandı. Zəfər qoxulu döyüş hazırlığı məşğələləri keçən şəxsi heyətdən müsbət təəssüratlarla ayrıldıq. Əminəm ki, həmişə onlardan xoş soraqlar alacağıq.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"