Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2022 18:37

Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən torpaqları uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan mayor Asiman Əliyev, leytenant Teymur Abbasov, əsgərlər Elvin İslamov, Mirsafa Rzayev və İsa Məhərrəmovun xatirələrinə həsr olunan anım mərasimi keçirildi.
Mərasimdə Müdafiə Nazirliyi, Yasamal rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, hərbçi yoldaşları və məktəblilər iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edənlər şəhidlərin həyat və döyüş yolundan söz açdılar. Mərasimdə şəhidlərin qısa, amma şərəfli həyatını əks etdirən videoçarx nümayiş olundu. Onların 44 gün davam edən haqq savaşında qanı və canı bahasına 30 ilə yaxın sürən yurd həsrətinə son qoyduqlarını bildirdilər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin zabiti leytenant Fərid Rəhimli şəhidlərin xatirəsinin yaddaşlarda əbədi saxlanılması və gənc nəslə tanıtdırılmasının vacibliyini qeyd etdi. "Şəhidlər ölməzdir. Onların xatirələrini daim uca tutmaq mənəvi borcumuzdur. Şəhidlərimizin göstərdikləri cəsarət və fədakarlıq bütün dünyaya sübut etdi  ki, Azərbaycan xalqı bir dəmir yumruq ətrafında birləşərək hər bir çətinliyin öhdəsindən layiqincə gəlməyə qadirdi. Yaşasın Azərbaycan!"
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiklərinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əliyev Asiman Vaqif oğlu "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", Abbasov Teymur Feyruz oğlu "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", İslamov Elvin Elçin oğlu "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", Rzayev Mirsafa Mircəlil oğlu "Vətən uğrunda", Məhərrəmov İsa Məhərrəm oğlu "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif ediliblər.
Şəhid ailələri Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Mərasimin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa etdilər.

Elvin VƏTƏNDUST