Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral 2022 18:08

Düşmən “Dəmir yumruğ”un gücünü gördü

2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!" deyərək, bütün dünyaya xalqımızın mənfur erməni işğalı ilə barışmayacağını bir daha bildirdi. Dəfələrlə Azərbaycan Ordusunun nəinki bölgədə, hətta dünyada güclü ordular sırasında yer aldığını vurğulayan Ali Baş Komandan 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan "Dəmir yumruq" əks-hücum əməliyyatına sərkərdəlik edərək Zəfər qazandı. Bu Zəfər bütün dünyaya Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin peşəkarlıq və yüksək döyüş hazırlığını nümayiş etdirdi.
"N" hərbi hissəsində kapitan Əli Camalzadə ilə söhbətimiz Vətən müharibəsindən və yaradılan şəraitdən oldu.
Kapitan Ə.Camalzadə uşaqlığından söhbət açaraq, hələ kiçik yaşlarından zabit olmaq arzusunda olduğunu bildirdi. "Vətənpərvərlik, millətinə və dövlətinə bağlılıq kimi hissləri cəmiyyətimiz uşaqlıqdan aşılayır. Bu xüsusiyyət bizi digər millətlərdən fərqləndirir. Azərbaycanlı olmaq - Vətəninə bağlı olmaq deməkdir", - zabit dedi.
O, ilkin hərbi təhsilini ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Cəmşid Naxçıvanski adına hərbi liseydə aldığını vurğuladı. "Həyatımı Vətənimin müdafiəsinə həsr etmək qərarını alanda yaşım az idi. 2010-cu ildə hərbi liseyi bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. Nəhayət, arzum gerçəkləşdi və leytenant hərbi rütbəsinin məsuliyyətini çiynimdə daşıdığım gün həm mənim üçün, həm də ailəm üçün böyük fəxr idi".
Vətən müharibəsindən danışan zabit ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərin iştirakçısı olduğunu da qeyd etdi. "Aprel döyüşləri nankor qonşularımıza dərs olmadı. Onlar yenidən təxribatlara əl atdılar. Amma erməni unutmuşdu ki, qarşısında "Dəmir yumruq"lu Müzəffər Ali Baş Komandanı olan xalq var. Ədalət bərpa, haqq isə bərqərar olundu", - deyən kapitan Əli Camalzadə sözünü bitirdi.
Əli Rauf oğlu Camalzadə  xidmət etdiyi hərbi hissənin qarşısına qoyduğu döyüş tapşırığını layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunub.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"