Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Yanvar 2022 15:22

Ömrün mənasıdı Vətənə sevgi!

27 sentyabr 2020-ci il tarixi unudulmaz gün kimi yaddaşlara yazıldı. Ali Baş Komandanımız illərdir işğalda olan torpaqlarımızın sülh yolu ilə, qan tökülmədən qaytarılması üçün çalışsa da, həmin tarixdə erməni qəsbkarlarının bütün cəbhə boyu həyata keçirdiyi genişmiqyaslı təxribat aparılan sülh danışıqlarının sonu oldu. Əks-hücum əməliyyatlarının başlanılması ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etmək üçün ilk addımlarını atdı. İgid oğullarımızın hər biri ayrı-ayrılıqda bu şanlı tarixin bir parçasına çevrildi. Belə qəhrəman oğullarımızdan biri ilə "N" hərbi hissəsində tanış olduq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Natiq Qəhrəmanov da xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması missiyasında iştirak edən oğullardandır. Döyüşlərdə fərqləndiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunan N.Qəhrəmanov Goranboy rayonunun Quşçular kəndində doğulub boya-başa çatıb. Qəhrəmanımızı yaxından tanımaq, döyüş xatirələrini qələmə almaq üçün onunla söhbətləşdik.
"Bu gün qürur duyuram ki, qalib ordunun hərbi qulluqçusuyam", - deyə Natiq söhbətə başladı. - Vətənə xidmət etmək ilk öncə hər kəsin vətəndaşlıq borcudur. İllərlə doğma torpaqları düşmən işğalında olan ölkənin vətəndaşı kimi mən də Ali Baş Komandanımızın “İrəli!” əmrini səbirsizliklə gözləyirdim. Xidmətə başladığım ilk gündən doğma torpaqlarımıza ilk ayaq basanlardan olmağın xəyalını qururdum. 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandanımızın əmri ilə əks-hücum əməliyyatları başladığı gün idarə etdiyim döyüş texnikası ilə cəbhə xəttini yarıb doğma torpaqlarımıza doğru irəlilədikcə qürur hissi keçirməmək mümkünsüz idi. Təbii ki, döyüşlər qansız, itkisiz olmur. Füzuli istiqamətində gedən qızğın döyüşlərdə müşahidə aparan zaman komandirim baş leytenant Elsevər Şirəlizadə yaralandı. Onun yaralandığını görən anda kömək üçün yanına getdiyimdə mən də sağ ciynimdən mərmi yarası aldım. Sevinirəm ki, yaralı olsam da komandirimi təxliyə etməyi bacardım. Hər ikimiz hərbi hospitalda müalicə olunduqdan sonra yenidən döyüşlərə qatıldıq. Döyüşlər zamanı düşmənin bir çox texnikasını, dayaq məntəqəsini və canlı qüvvəsini məhv etdik. Onların ordumuzun gücü qarşısında tab gətirə bilməyib silah-sursatlarını, texnikalarını, mövqelərini ataraq qaçmalarını görmək bizləri daha da sevindirirdi. Uğurlu döyüş əməliyyatları nəticəsində artıq doğma torpaqlarımızda şanlı Azərbaycan bayrağı dalğalanır. Qarabağımızın hər qarışı qəhrəman Azərbaycan əsgərinin nəzarətindədir. Vətən müharibəsinin iştirakçısı olmağımla qürurlanıram. Düşmən bilməlidir ki, Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu Vətənin müdafiəsində möhkəm dayanıb. Bu möhkəmlik Vətənə sevgidir. Vətənə sevgi vətənləşdirir, vətəndaş edir bizləri...
Hərbi qulluqçumuzla söhbətdən sonra bir daha əmin olduq ki, Vətənimizi etibarlı igidlər müdafiə edirlər. Belə igid oğullarımızın sayəsində düşmən və bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Və bir daha əmin oldu ki, Azərbaycan əsgərinin ömrünün mənası Vətənə sevgidir!

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"