Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Yanvar 2022 15:21

Əsgərlərimizin məişət şəraiti daima diqqət mərkəzindədir

Hərbi qulluqçuların sosial-məişət şəraiti həmişə diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Vətən müharibəsindən sonra da bu istiqamətdə mühüm addımlar atılır. İşğaldan azad olunan ərazilərdə dislokasiya edilən hərbi hissələrdə müasir standartlara cavab verən əsgər yataqxanaları, ideoloji, xidməti, tədris və istirahət otaqları, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana və digər obyektlər inşa edilir. Əsgərlərin zəruri ehtiyaclarının ödənilməsi və döyüş təminatını yerinə yetirməsi, həmçinin istirahətləri və asudə vaxtlarının səmərəli keçməsi üçün hərtərəfli şərait yaradılır.
"N" hərbi hissəsində əsgərlərimiz üçün yaradılan məişət şəraiti ilə tanış olduq. Əsgər yataqxanasında səliqə-sahman və təmizlik nəzərimizdən qaçmadı. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Çərkəz Qasımovun nəzarəti ilə bir neçə əsgər yataqxanada səliqə-sahman yaradırdı. Vətən müdafiəçiləri işlərini yekunlaşdırdıqdan sonra onlarla həmsöhbət olduq.
Yaradılan sosial-məişət şəraitindən danışan Çərkəz bildirdi ki, təmizlik imandan gəlir. Şəxsi heyətin geyimi, şəxsi gigiyenası nəzarətimizdədir. Hərbi hissədə fəaliyyət göstərən hamam-camaşırxanada mütəmadi olaraq döşək ağları, geyim əşyaları yuyulur və dəyişdirilir.
- Hərbi hissədə əsgərlərin nümunəvi xidmət etmələri üçün hər bir şərait yaradılıb. Yuxarı komandanlığın şəxsi heyətə göstərdiyi diqqət və qayğı onları xidmətlərində daha da məsuliyyətli olmağa ruhlandırır.  Hərbi qulluqçular da onlara olan etimadı hər an doğrultmağa hazırdırlar. Necə ki, Vətən müharibəsində Azərbaycanın mərd və cəsur oğulları düşmənin təxribatlarının qarşısını alaraq torpaqlarımızı işğaldan azad etdilər. Vətənin müdafiəsində dayananlar Aprel döyüşlərində başlanan Böyük Qələbəyə gedən yolu müvəffəqiyyətlə yekunlaşdırdılar.
Öyrənirik ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Çərkəz Qasımov Vətən müharibəsinin iştirakçısıdır. Döyüşlər zamanı igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Ali Baş Komandanın müvafiq Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Əsgərlər Elnur Nəsirov, Elvin Həbibli və Murad Xanıyev xidmətə gəldikləri gündən rəşadətli ordumuzun layiqli əsgəri olmağa çalışdıqlarını dedilər. "Üzərində doğulub boya-başa çatdığımız torpağın hər qarışı müqəddəsdir. Vətənimizə uzanan düşmən əllərini qopararaq, bütün dünyaya Vətənimizi canımızdan çox sevdiyimizi göstərdik. Bu gün döyüş meydanında qəhrəmanlıq salnaməsi yazan komandirlərimizin tabeliyində xidmət etməkdən qürur duyuruq. Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban verənlərin keçdiyi döyüş yolu hər birimiz üçün nümunədir."
Əsgərlər onu da vurğuladılar ki,  əsgər yataqxanası, yeməkxana, məişət, ideoloji otaqlarımız müasir standartlara uyğun olaraq, lazımi avadanlıqlarla təchiz olunub. Qalib ordunun əsgərləri olaraq üzərimizə yalnız nizam-intizamlı olmaq, verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiq yerinə yetirmək düşür.
Hərbi hissədə yaradılan yüksək şərait bir daha sübut edir ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, ordunun maddi-texniki təminatının gücləndirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdə aparılan işlərin təkmilləşməsi uğurla davam etdirilir. Bu cür şəraitdə xidmət edən hərbi qulluqçular üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Onları yaxından tanıdıqca bir daha əmin olursan ki, Vətənimizin müdafiəsi əmin əllərdədir.
 
Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"