Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Yanvar 2022 15:14

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır!

 

 

Komando - havada, quruda və dənizdə



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, 44 günlük Vətən müharibəsini zəfərlə nəticələndirən Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi prosesi davam etdirilir, onun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Vətən müharibəsi zamanı qələbənin əldə olunmasında mühüm rolu olan xüsusi təyinatlıların fəaliyyəti onu deməyə əsas verir ki, bu qoşun növü keçirilən təlim və kurslar, eyni zamanda, qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etmək qabiliyyətinə malikdir. Döyüşlər zamanı əldə olunan təcrübə göstərdi ki, xüsusi təyinatlıların çevikliyinə, onların sürətli manevr imkanlarına adekvat birləşmələrin qurulmasına ehtiyac var. Məhz ona görə də orduda həyata keçirilən islahatların tərkib hissəsi kimi Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda yeni əməliyyat hərbi hissələrinin - Komando birliklərinin yaradılmasına başlanılıb. Bu bölmələrin təşkili xüsusi təyinatlı qüvvələrlə birgə icra olunacaq əməliyyatlarda olduqca önəmlidir.     
Azərbaycan Ordusunda peşəkarlığın artırılması, digər bölmələrlə qarşılıqlı tapşırıqların daha effektiv yerinə yetirilməsi üçün artıq bir neçə yeni komando hərbi hissəsi yaradılıb və bu proses davam  etdirilməkdədir.
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni yaradılan komando hərbi hissəsinə döyüş bayrağının təqdim olunması mərasimində deyib: "Komando hərbi hissəsinin yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır".
İşğaldan azad olunan ərazilərdə çətin coğrafi relyefin - dağların, sıx meşələrin mövcud olması nəzərə alınmaqla komandolar xüsusi təlimlərdən keçir. Hərbi qulluqçular komando kursunda əlbəyaxa döyüş növlərinə yiyələnməklə yanaşı, paraşüt, dağ xizəkçilik, snayper, eləcə də digər fiziki və döyüş hazırlığı təlimlərinə də cəlb edilirlər. Kursu uğurla bitirən heyət komando bölmələrinə daxil edilir və onlara mavi beretlər təqdim olunur. Komandoların əsas fəaliyyət istiqaməti çətin şəraitdə döyüş tapşırıqlarını icra etməkdir. Bu bölmələr hərbi texnikaların hərəkət edə bilmədiyi ərazilərdə əməliyyatları yerinə yetirə bilmək vərdişlərinə sahibdir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan komando hərbi hissələrindən birində Türkiyədə uzun müddətli "Komando hazırlığı kursu" keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində çıxış edərək bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kurslar bundan sonra da davam etdiriləcək.
 Komandolar orduda ən tələbkar, qabaqcıl təlim və təhsil görmüş hərbi qulluqçulardan seçilir. Komando qısa müddətdə hədəfin kəşfiyyatını aparan, mövcud vəziyyətin qiymətləndirməklə hədəfi məhv edərək tapışırığı uğurla başa vuran hərbi qulluqçulardır.
Dünyada müxtəlif dövlətlərdə mövcud olan komandolar, həmin ölkələrin müdafiəsində ən təsirli qüvvələrdən biri olaraq qəbul edilir.
İllərdir PKK və digər terror təşkilatları ilə ən çətin ərazilərdə və şəraitdə inamla mübarizə aparan, onlara göz açmağa imkan verməyən Türkiyə Silahlı Qüvvələrinin komando birlikləri, xüsusilə dağ komandoları dünyanın ən qabaqcıl komandoları sırasında yer alır. Bu sahədə böyük təcrübəyə malik qardaş Türkiyə ilə Azərbaycan arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə çərçivəsində Türkiyənin Sparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında hərbi qulluqçularımız komando kurslarını  uğurla bitirərək Vətənə qayıdırlar. Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığı dünyada ən çətin hərbi təlimlərə ev sahibliyi etməsi ilə tanınır.
Yeni yaradılan komando hərbi hissələrində şəxsi heyətin döyüş hazırlığının daha da artırılması məqsədilə mütəmadi təlim-məşqlər keçirilir.
Yaradılan Komando birlikləri düşmənə qorxu, dosta isə güvən verir. İşğaldan azad edilən ərazilərin coğrafi relyefi nə qədər çətin olsa da, ağır təlimlərdən keçmiş yüksək fiziki dözümlülüyə və döyüş qabiliyyətinə malik olan Azərbaycan komandosu gecə-gündüz, isti-soyuq demədən havada, quruda, dənizdə  hər zaman və hər yerdə verilən istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə qadirdir.

Ariz CƏFƏROV Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi