Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2022 17:55

Əbədiyyət qazanan sərkərdə ömrü

Ümummilli lider Heydər ƏLİYEV:
Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir.    
İkinci Dünya müharibəsində qəhrəmanlığı dillərdə, ellərdə dolaşan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun dünya hərb tarixinə verdiyi töhfələr əvəzsizdir. Görkəmli sərkərdənin anadan olmasından 112, həlak olmasından 77 il keçir. Hər il Azərbaycan Ordusunun şəxsi heyəti görkəmli hərb xadiminin anım günlərini keçirir, məzarını ziyarət edir.
29 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyinin qeyd edilməsi  haqqında sərəncam imzalamışdı. Sərəncamda bildirilirdi ki, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.
Həzi Əhəd oğlu Aslanov 22 yanvar  1910-cu ildə Lənkəran şəhərində dünyaya göz açmışdı.  İbtidai təhsilini doğma şəhərində alan Həzi 13 yaşında atasını itirir. O, çox erkən yaşlarından zəhmətə qatlaşır, kərpic zavodunda fəhlə işləməyə başlayır. Gənc Həzi təhsilini artırmaq məqsədilə qısamüddətli kurs bitirir və Lənkəran şəhərində orta məktəblərin birində pioner baş dəstə rəhbəri işləyir. Həzi Aslanov 1924-cü ilin oktyabrında Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir.
1929-cu ilin avqustunda Bakıya qayıtdıqdan sonra Həzi Aslanov Zaqafqaziya Hərbi Dairəsi Hərbi  Şurasının əmri ilə hərbi təhsilini Borisoqlevski-Leninqrad süvari məktəbində davam etdirir. Hərb sənətinə bütün varlığı ilə bağlanan Həzi Aslanov döyüş texnikaları ilə ciddi maraqlanırdı, hərbi texnikaların sirlərini dərindən öyrənməyə çalışırdı.
Həzi Aslanov iki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari  diviziyasında vzvod komandiri kimi xidmətə başlayır.
1938-ci ildə Həzi Aslanov Ukraynanın Kiyev şəhərində xidmət edirdi. Xidmətində bacarıqlı bir komandir kimi özünü təsdiqləmişdi. Həmin il xidmətini  Kotovski adına III Bessarabiya süvari diviziya məktəbinin rəisi vəzifəsində davam etdirir. 1939-cu ildə Sovet-Finlandiya müharibəsi başlayanda könüllü olaraq Kareliyaya göndərilir, döyüşlərdə yüksək peşəkarlığı ilə fərqlənir.
Faşist Almaniyası Sovet İttifaqına hücum edərkən kapitan Həzi  Aslanovun komandiri olduğu avtomobil batalyonu Lvov şəhəri  yaxınlığında yerləşirdi.
1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi Aslanov əsl sərkərdə bacarığı nümayiş etdirir. O, öz döyüşçüləri ilə birlikdə beş ay Donbas ətrafında düşmənin şiddətli hücumlarının qarşısını mərdliklə  alır və işğalçıları ağır itkilərə məruz qoyur.
1941-cı ilin dekabrında Moskva ətrafında gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Həzi Aslanov "Qırmızı Ulduz" ordeni ilə təltif olunur.
Xarkov  və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzi Aslanovun komandanlığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə sarsıdıcı zərbələr endirirdilər. Bu briqada feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində əhəmiyyətli döyüşlər apararaq, cəbhədə əsaslı dönüş yaranmasında böyük rol oynayır.
Stalinqrad uğrunda gedən döyüşlərdə də Azərbaycan xalqının sərkərdə oğlunun dərin hərbi bilik və bacarığı da əhəmiyyətli oldu. Bu döyüşlərdə cinahlardan zərbə  taktikasının bilicisi kimi tanınan qəhrəman dövrün hərb elminin zirvələrinə yüksələrək mahir komandir kimi təsdiqləndi.
55-ci tank briqadasının komandiri Həzi Aslanov 31 dekabr 1942-ci ildə nəzəriyyəni təcrübəyə tətbiq edərək yazırdı: "Üzbəüz həmlə nə qədər cəlbedici görünsə də, mən həmişə üstünlüyü düşmənin cinahlarına zərbə endirməyə verirəm. Düşmənin cinahlarını  axtarmaq, ona ən zəif yerlərindən zərbə vurmaq asan deyildir, bunun üçün hər bir komandirdən böyük əmək, zirəklik və mətnlik  tələb olunur".
Dövrün tanınmış hərbçiləri müharibə illərində qeyd edirdilər ki, tank briqadası komandiri Həzi Aslanovun keçirdiyi böyük əhəmiyyətə malik irimiqyaslı döyüş  əməliyyatları uzun müddət tədqiq və tədris olunmalıdır.
1942-ci il dekabrın 22-də Həzi Aslanov Stalinqrad uğrunda göstərdiyi rəşadətə və şücaətə görə "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülür. Bu haqda SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılıb: "Cəbhə komandanlığının döyüş tapşırıqlarını nümunəvi surətdə yerinə yetirdiyinə, qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq  etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir".
1944-cü ilin yazında general Obuxovun göstərişi ilə Həzi Aslanov Moskvada Zirehli Tank Qoşunları Akademiyasında qısa müddətli kurs keçir. Qısa müddət ərzində 13 mart 1944-cü ildə Həzi Aslanova tank qoşunları general-mayoru rütbəsi verilir. Yenidən 35-ci qvardiya tank briqadasında xidmətini - döyüşünü davam etdirir. Həzi Aslanov Volqa çayından başlayaraq bütün gərgin döyüşlərdə yenidən özünü bacarıqlı sərkərdə kimi göstərir. Tank qoşunları general-mayoru təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alır.
Qəhrəman həmyerlimizin komandiri olduğu tank briqadası Belarusiya, Pribaltika respublikalarının, Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk döyüşündə fəal iştirak edir. Döyüşlərdə xüsusilə fərqlənən bu briqada 2-ci dərəcəli Suvorov ordenli və Qırmızı bayraqlı 35-ci qvardiya briqadası adlanırdı. Bu qələbələrin qazanılmasında göstərdiyi şəxsi igidliyə görə Həzi Aslanov ikinci dəfə " Qırmızı Bayraq" ordeni ilə təltif edilir.
Həzi Aslanovun tankçıları 1944-cü il 23-30 iyun tarixlərində keçirilən "Baqration" əməliyyatında da xüsusilə fərqlənərək Minsk  və Borisov şəhərini düşməndən azad edirlər. 7 iyul 1944-cü ildə Belorusiya cəbhəsinin komandanı İvan Daniloviç Çernyaxovski onu "Baqration" əməliyyatı zamanı  şəxsi igidliyinə görə 2-ci  dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim etdi.
General-mayor Həzi Aslanov Belorusiya cəbhəsində  şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, erməni fitnəkarlığı nəticəsində - general Baqramyanın qərəzliyi bu təqdimatın reallaşmasını əngəlləyir. Ölümündən 47 il sonra, 21 iyun 1991-ci ildə Əməkdar incəsənət xadimi, professor, tədqiqatçı-jurnalist Musa Bağırovun uzun illər apardığı gərgin mübarizəsi, zəhməti və səyləri sayəsində tank qoşunları qvardiya general-mayoru Həzi Aslanova ikinci dəfə "Sovet İttifaqı Qəhrəmanı" adı verilir.
M.Bağırov uzun illik axtarış və tədqiqatlarından ibarət yazdığı "Sərkərdənin taleyi" sənədli əsərində qeyd edir: "Bəli, nəhayət, 47 ildən sonra, çox çətin axtarış-tədqiqat işlərindən sonra haqq-ədalət işi qalib gəldi. Tarix heç vaxt məhv olub itə bilməz. O, bir güzgü kimi nə vaxtsa bütün keçmiş hadisələri - pisi də, yaxşısını da əks etdirir! Aradan on illər keçmiş olsa da, indi Aslanovun adı tarixin səhifələrində, daş, mərmər, qranit heykəllərdə, xalqımızın ürəyində, yaddaşında yaşayır".     
...Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepeya rayonunda ağır yaralanır və  hospitala yerləşdirilir. Hərbi hospitalda tibbi sanitar xidməti komandiri mayor Georgi Rafailoviç Beqişvili qəhrəman həmyerlimizə öz qanından verir, lakin bir gün sonra onun Moskvaya köçürülməsi tapşırılsa da, gec olur. Tapşırıqdan üç saat sonra Azərbaycan xalqının sərkərdə oğlu elə yolda olarkən gözlərini həyata əbədi yumur...
Qəhrəman sərkərdəmizin cənazəsi 1945-ci il yanvarın 26-da təyyarə ilə Bakıya yola salınır. Dəfn günü Bakının küçələri izdihamla dolu idi, xalq qəhrəman oğlunu son mənzilə yola salmaq üçün Dağüstü parka  axın edirdi...
Qəhrəmanın iki oğul övladı Tofiq və Arif Vətəni Azərbaycana əmanət qalır.
Azərbaycan xalqının şanlı oğlu Həzi Aslanov  İkinci Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi  qəhrəmanlıq və igidliyinə görə 3 dəfə Qırmızı Bayraq ordeninə, 2-ci dərəcəli Suvorov ordeninə, Aleksandr Nevski ordeninə, 1-ci dərəcəli Vətən müharibəsi ordeninə, 2 dəfə Qırmızı Ulduz ordeninə, saysız medallara layiq görülüb.
Tədqiqatçı M.Bağırov xatirələrində yazır: "Böyük Vətən müharibəsində göstərdikləri igidlik və qəhrəmanlığa görə cəmi 16 nəfər tankçı iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür: 17-ci bizim millətin nümayəndəsi Həzi Aslanov oldu. Mən çox şadam ki, iyirmi illik ağır, çətin tədqiqat işlərim hədər getmədi, nəticədə haqq-ədalət öz yerini tapdı".
Görkəmli alim, tanınmış ədib Mir Cəlal Paşayevin "Böyük Vətəndaş" adlı yazısı qəhrəman həmyerlimizin ölməzliyindən bəhs olunur. "Bütün gənc nəsil Həzinin şanlı həyat yoluna qibtə edir, onun həyatı ilə döyüş tərcümeyi-halı yüz minlərlə Tofiqlərə və Ariflərə ideal olacaqdır. Bu da Həzi üçün böyük xatirədir!.. Həzi böyük vətəndaş kimi öldü. O, böyük vətəndaş kimi də həmişə xalqımızın qəlbində yaşayacaqdır".
Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun əbədiyyət qazanan sərkərdə ömrü  heç zaman yaddaşlardan silinməyəcək.  Həzi Aslanovun adı ölməzdir. Bu ad xalqımızın qəlbində yaşayır. Tarix bu adı Vətənə sədaqətli xidmət nümunəsi kimi əsrlər boyu yaşadacaqdır.
Tank qoşunlarının mahir bilicisi, əvəzolunmaz sərkərdə Həzi Aslanovun şanlı döyüş yolunu özlərinə örnək bilən Azərbaycan Ordusunun tankçıları müharibə cəbhələrində torpaqlarımızın azadlığı uğrunda Vətənə sədaqətli xidmət nümunəsi göstərdilər.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"