Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2022 17:55

Görkəmli sərkərdə general-mayor Həzi Aslanovun xatirəsi yad edilib

Azərbaycan  Hərb Tarixi Muzeyində xalqımızın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə həkk etmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anım gününə həsr olunmuş "Cəsur döyüşçü, görkəmli sərkərdə Həzi Aslanov" adlı tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və təşkilatlarının, ictimaiyyətin nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Ümummilli lider Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək bildirdi ki, İkinci Dünya müharibəsində faşizm əleyhinə aparılan qanlı qadalı döyüşlərdə Azərbaycan xalqının igid oğlu, Böyük Vətən müharibəsinin əfsanəvi sərkərdələrindən biri Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat və döyüş yolu Vətəninin azadlığı uğrunda vuruşan hər bir vətəndaş üçün nümunədir. "Müharibənin ilk günlərindən od-alov içərisinə atılan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə birlikdə neçə-neçə şəhərin faşistlərdən azad olunmasında fəal iştirak etmiş, orden və medallara layiq görülmüşdür...".
Tank qoşunları general-mayoru Həzi Aslanovun xidmətləri haqqında geniş məlumat verən muzey rəisi Sovet İttifaqı Qəhrəmanının xalqımız tərəfindən hər zaman qürur və hörmətlə yad ediləcəyini vurğulayaraq çıxışını ümummilli lider Heydər Əliyevin Həzi Aslanov haqqında dediyi "Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır" kəlamlarıyla bitirdi.
Anım mərasimində çıxış edənlər qəhrəmanın mənalı həyat və şərəfli döyüş yolundan danışaraq bildirdilər ki, 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general-mayor rütbəsinə layiq görülən həmyerlimizin adı Azərbaycanda qəhrəmanlıq simvoluna çevrilib.
Anım tədbirində qəhrəmana həsr olunmuş sənədli film nümayiş olundu.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin əməkdaşları tərəfindən ifa edilən hərbi vətənpərvərlik  mahnıları  ilə başa çatdı.

 

* * *

Kürdəmir Qarnizonunda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 112-ci ildönümü münasibətilə tədbir keçirildi.
Hərbi hissənin klubunda keçirilən tədbirdə zabit, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, matroslar və başqaları iştirak etdilər.
Şəxsi heyət üzrə müavin kapitan Qorxmaz Mehdiyev çıxış edərək vurğuladı ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.
İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə bölmənin rəisi polkovnik-leytenant Zaur Tağıyev də görkəmli sərkərdənin müharibədə göstərdiyi igidliklərdən danışdı, onun mənalı həyat və şərəfli döyüş yolunun gənc nəslə nümunə olduğunu vurğuladı.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"