Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2022 17:55

Yüz illik ömrün işığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın 100 illik yubileyinə həsr olunan tədbir keçirildi.
Yubiley tədbirində Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Respublika Ağsaqqallar Şurasının nümayəndələri, Bakı şəhəri üzrə Veteran Təşkilatlarının sədrləri və digər dövlət qurumlarının əməkdaşları iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edərək yubilyarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İstiqlal" ordeninə layiq görülməsi münasibətilə təbrik etdi və onun şərəfli ömür yolundan danışdı: "Hörmətli qonaqlar, bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovanın anadan olmasının 100 illik yubileyidir. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında günlərlə, hətta aylarla danışmaq olar. Gəncliyini faşizmə qarşı ağır döyüş cəbhələrində keçirmiş, hospitallarda yaralıları xilas etmiş müharibə veteranı Fatma  xanım məhz həmin dövrün qaynar xatirələri ilə dolu qiymətli xəzinədir. İkinci Dünya müharibəsinin unudulmaz, veteranlarından olan Fatma Səttarovanı bütün Azərbaycan ictimaiyyəti və xalqı tanıyır. O, bir ziyalı kimi bu gün də ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir. 2021-ci ildən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsində çalışır".
Yubiley tədbiri Fatma Səttarovanın 100 illik ömür yolundan bəhs edən filmin nümayişi ilə davam etdi və yubilyara ünvanlanan təbrik məktubları oxundu.
Tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri Fatma xanımı yubileyi və "İstiqlal" ordeninə layiq görülməsi münasibətilə təbrik edərək bildirdilər ki, müharibə cəbhələrində şanlı döyüş yolu keçən,  şərəfli ömür yaşayan Fatma xanım Azərbaycan qadınının məğrurluq, əyilməzlik, şücaət və qəhrəmanlıq simvoludur.
Sonda qonaqlar Fatma Səttarovaya möhkəm cansağlığı,  işlərində uğurlar arzulayaraq hədiyyələr, gül dəstələri təqdim etdilər.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"