Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2022 09:41

Zəfər ovqatını yaşamaqla ömür səhifəmə unudulmaz an yazmışam

Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin "Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır" inamını gerçəkləşdirdi. Böyük Qələbə qazanıldı. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. Bu Zəfər xalqın torpaq həsrətini dindirdi.
Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi haqqında ata-babasından, müəllimlərindən eşitdiklərini dərk edə-edə böyümüş, böyüdükcə düşmənə nifrət hissi mənəviyyatını silkələmişdi. Tarix boyu mənfur qonşumuzun xalqımızın başına gətirmiş olduğu bəlaları öyrənə-öyrənə Ruslan Sadıqov əsgər olacağı günü səbirsizliklə gözləmişdi.
İstər ailədə, istərsə dostları arasında olanda işğalda olan torpaqlarımızdan tez-tez söz açar, qisasın qiyamətə qalmayacağını deyərdi. Bu, balaca qəlbə sığmayan böyük Vətən sevgisinin təzahürü idi.
18 yaşı tamam olanda hərbi xidmətə çağırıldı. Hərbi and içdi. Vətəni qorumağın ilk addımlarını atdı. Bu addım müddətli həqiqi hərbi xidmət bitdikdən sonra sonlanmadı. Ruslan Sadıqov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq ordu sıralarında addımlamağı seçdi.
Vətən müharibəsi başlayanda Ruslan sürücüydü. Xidmət etdiyi hərbi hissə döyüşlərə cəlb olundu. Xidməti vəzifələrinə məsuliyyətlə yanaşdı. Verilən tapşırıqları tərəddüdsüz, düzgün və dəqiq yerinə yetirdi. Ruslan dedi ki, Vətən müharibəsi zamanı sükan arxasına oturanda düşünürdüm ki, avtomobili Böyük Qələbə yolu ilə sürürəm, Zəfərə bir az da yaxınlaşıram.
Ruslan və onun timsalında xidməti vəzifələrini layiqincə yerinə yetirənlərin əzmkarlığı, cəsarətilə Vətən müharibəsi qələbə ilə başa çatdı. Zəfər ovqatı böyük sevinclə yaşandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq" kəlmələr onları da qürurlandırdı. Azərbaycan Ordusunun qüdrəti Vətən sevgisinin vəhdəti oldu.
Əsgər Ruslan Sadıqov dedi ki, Zəfər ovqatını yaşamaqla ömür səhifəsinə unudulmaz anlar yazıb. "Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını, bir sözlə, Qarabağı görmədən bu həyatdan köçsəm, nakam qalardım. İndi quruculuq işləri davam edir. Ali Baş Komandan deyib ki, biz bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq  və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Əhdim var. Quruculuq işləri bitsin, məzuniyyətimi Qarabağda keçirəcəyəm".
Nümunəvi xidmət edən hərbi qulluqçularla mütəmadi söhbət etmək, onların Vətən sevgisinin işığını yaddaşımızın dərinliklərinə həkk etmək, həkk etdikcə qələmə almaq həm də vətənpərvərliyi əhatələyən təşəbbüslərdir. Bu təşəbbüslər mənəvi-psixoloji hazırlığın göstəricisidir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ruslan Sadıqov da ömür yolunu sonuna qədər Vətən üçün yaşayanlardandı...

Ceyhun CƏFƏRLİ "Azərbaycan Ordusu"