Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2022 11:34

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti. Hərbi hissə və birləşmələrin əsas vəzifələri.

Suallar:
1. Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti.
2. Hərbi hissə və birləşmələrin əsas vəzifələri.

Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıraraq, cəmiyyətdə dövlətçilik ənənələri güclənib, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilib. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitliyə və artıma mühüm töhfə verib, təhlükəsizliyin təmini üçün güclü potensial yaradıb.
Vətən müharibəsində qazanılan qələbə sayəsində işğaldan azad edilən ərazilər ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası (işğaldan azad edilmiş ərazilərin siyasi, iqtisadi, sosial, mədəni həyata qovuşması), yeni beynəlxalq və regional nəqliyyat-loqistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir, iqtisadi müstəqillik, əlbəttə ki, siyasi müstəqilliyin təminatçısıdır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusunun olması ilə də diqqəti cəlb edir. Sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birinə sıx bağlıdır. Bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Silahlı Qüvvələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasəti nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab  verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələri kimi, ordu quruculuğu sahəsində də keçirilən uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, orduda struktur islahatlarının onun qarşısında duran vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanılması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan respublikanın hərbi məktəbləri ilə yanaşı, hərbçilərimiz bir sıra vacib ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə, Rusiya, Ukrayna, Pakistan və digər ölkələrə göndərilir. Eyni zamanda, Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir. Bu isə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
Ötən 19 ildə ölkəmizin müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktiki fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli, məqsədyönlü iş aparılıb. Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması və ən müasir tələblər səviyyəsinə çatdırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir. 44 günlük Vətən müharibəsi ordumuzun qüdrəti barədə söylənənlərin təsdiqi oldu. 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda qısamüddətli döyüşlər zamanı ordumuz işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirərək onu geri çəkilməyə məcbur etdi. Vətən müharibəsi isə işğalçı Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi. Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillərdən oldu. Ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümünələr yaratdı. Ötən 19 ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.
Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Bu gün ən müasir silah-sursat, daha çox yüksək dəqiqliyə, böyük dağıdıcı qüvvəyə malik olan silahlar alınır və müasirləşmə prosesi daim aparılır. Görülən bütün işlərlə yanaşı Azərbaycanda hərbi sənaye də çox sürətlə inkişaf edir. Bu sahəyə də böyük vəsait ayrılır, xüsusi diqqət göstərilir. Bu günə qədər Müdafiə Sənayesi Nazirliyində 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunub və proses davam etdirilir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində müdafiə təyinatlı məmulatların istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir.

Hərbi hissə və birləşmələrin əsas vəzifələri

Azərbaycanda ordu quruculuğu dövlət səviyyəsində, dövlətin yaxından iştirakı və qayğısı ilə aparılmaqdadır. Bu iş şəxsən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrinin hərbi quruculuq təcrübəsi öyrənilir və müasir tələblərə cavab verən ordu yaratmaq istiqamətində işlər aparılır. Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub və yüksək hərbi intizamın saxlanılması üçün müvafiq tədbirlər görülərək islahatlar aparılır.
Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğunu təsdiq edir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, müasir silahlarla təminatı istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.
Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı uğurlu əməliyyatlar bir daha sübut etdi ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsi və peşəkarlığına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə səylərimizi davam etdirərək, hər an dövlətimizin müstəqilliyini qorumağa hazır olmalıyıq.
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən də işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərlər etməsi və hərbi qulluqçularla görüşməsidir. Bu görüşlərdə hərbi qulluqçulara sonsuz mübarizə əzmi aşılayan Silahlı Qüvvələrin Ali Baş Komandanı bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyin əsas təminatçısı olduğundan dövlətimizin regionda müstəqil siyasət apara bilməsi üçün yüksək döyüş hazırlıqlı ordusu qurulmalıdır. Yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilən hər bir təcavüzə layiqli cavab verməyə, işğaldan azad edilmiş ərazilərdə anti-terror əməliyyatlarının aparılacağı təqdirdə hazır olmağını tələb edir. Bunun üçün isə Azərbaycan Ordusunun qarşısında 2022-ci tədris ilində aşağıdakı əsas vəzifələr qoyulmuşdur.
- 2022-ci tədris ilində döyüş və mənəvi-psixoloji hazırlıqda əldə olunmuş nəticələrlə kifayətlənməmək, döyüş hazırlığını daha da təkmilləşdirmək, şəxsi heyətin döyüş ruhunu yüksək səviyyədə saxlanılması;
- şəxsi heyətin Azərbaycan xalqına, dövlətinə və Prezidentinə sədaqətli olmaq, respublikanın suverenliyinin, ərazi bütövlüyünün və dövlətçiliyinin müdafiəsi üçün şəxsi məsuliyyət, hərbi yoldaşlıq, dostluq və qardaşlıq, hərbi hissəsinin döyüş ənənələrinə hörmət, hərbi borcu şüurlu surətdə yerinə yetirmək və döyüş bayrağına sədaqət ruhunda tərbiyə edilməsi;
- Azərbaycan Ordusunun nüfuzunun artırılması, hərbi qulluqçularda yüksək vətənpərvərlik təfəkkürünün, şəxsi heyətin azərbaycançılıq, Vətəninə, Hərbi anda və xalqına sədaqət ruhunda tərbiyə edilməsi, hərbi qulluqçularda Azərbaycan xalqının tarixinə, milli adət və ənənələrinə dərin hörmətlə yanaşma tərzinin, Konstitusiyaya və vətəndaşlıq borcunun yerinə yetirilməsinə, yüksək döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin formalaşdırılması.
Bu gün Azərbaycan Ordusunun qarşısında respublikanın suverenliyini, ərazi bütövlüyünü və dövlətçiliyin müdafiəsini ayıq-sayıq qorumaq  vəzifəsi durur. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə, hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla Azərbaycan Ordusunun inkişafının yeni bir səviyyəsinə yüksəldəcək.
Qeyd: İctimai-siyasi hazırlıq qrupunun rəhbəri mövzunu şərh edərkən hərbi hissənin, öz bölməsinin 2021-ci tədris ilində döyüş və ictimai-siyasi hazırlığında qazandağı nəticələri bir daha dinləyicilərin nəzərinə çatdırmalı, 2022-ci tədris ilində hərbi hissənin, bölmənin qarşısına qoyulmuş tapşırıqların çatdırılmasına və izah edilməsinə xüsusi diqqət yetirməlidir.

  İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi