Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2022 15:29

20 Yanvar - tarixin qan yaddaşı

Həzi Aslanov adına Ordu İdeoloji  və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "N" hərbi hissəsində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "20 Yanvar - tarixin qan yaddaşı" mövzusunda tədbir keçirildi. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Əvvəlcə 20 Yanvar faciəsinin ağrı-acılarını əks etdirən video-çarx nümayiş olundu.  
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin zabiti Fikrət Səmədov çıxış edərək dedi:
- 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qanla yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinini baş katibi Mixail Qorbaçovun əmri ilə dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. M.Qorbaçov SSRİ Konstitusiyasının 119, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini kobudcasına pozaraq Bakı şəhərində fövqəladə vəziyyət elan etdi. Amma bu barədə əhaliyə məlumat verilməmiş, sovet əsgərləri günahsız, əliyalın insanların üzərinə ağır texnikaları yeritmişdi. İttifaq rəhbərliyi bu hücumla xalqımızın azadlıq və müstəqillik arzusunu qanla boğmaq istədi. Amma məqsədinə nail ola bilmədi. 20 Yanvar gecəsində Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 nəfər amansızcasına qətlə yetirildi, yüzlərlə vətəndaşımız yaralandı.  
"N" hərbi hissəsinin zabiti Ceyhun Məmmədov çıxışında dedi:   
- 20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlığı və müstəqilliyi yolunda canlarından keçdilər. Adlarını xalqımızın qəhrəmanlıq tarixinə yazdılar. 20 Yanvar 1990-cı il səhifəsini vərəqləyən bugünkü gənc nəsil şəhidlərin qəhrəmanlıq və ömür yolları ilə yaxından tanış olacaq, cəsarət və hünəri onlardan öyrənəcəklər. Əminəm ki, bu gün anım mərasimində iştirak edən zabit və əsgərlər gələcəkdə şəhidlərimizin qəhrəmanlıq yolunu ləyaqətlə davam etdirəcəklər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi ədəbi-bədii kompozisiya nümayiş etdirdi. Solistlər qəhrəmanlığı, mübarizliyi və igidliyi tərənnüm edən mahnılar ifa etdilər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"