Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 2022 15:45

“Yaxşı dost ən dəyərli hədiyyədir”

Məşhur Şotland ədəbiyyatçısı Robert Lui Stivenson dostluq və dost haqqında deyib ki, doğrudan da, əsl dosta sahib olmaq insanın həyatda qazandığı ən böyük nailiyyətlərdəndir. Dostu olan insan özünü yalnız hesab etməz. Həyatda elə anlar olur ki, insan dost köməyinə, dost dəstəyinə ehtiyac duyur. Ancaq dostluqda gərək daim tarazlığı qoruyasan. Necə ki, dostun ehtiyac duyduğun hər an yanında olur, ən özəl günlərində yanında olmadıqda belə varlığını hiss etdirməyə çalışırsa, sən də onunla eyni şəkildə davranmalısan. Yaxşı dostluğun sirlərindən biri də budur.  
Dostluq münasibətləri müxtəlif yaşlarda, müxtəlif məkanlarda yaransa da, nəticə etibarilə mehribanlığın, səmimiyyətin sarsılmaz bağıdır. Məktəb vaxtı sinif yoldaşların arasında hansısa xarakterinə, düşüncə tərzinə görə özünə yaxın bildiklərin olur. Zaman keçdikcə qurulan münasibətlərdə əlaqələriniz möhkəmlənir, dürüst dostluğa çevrilir. Eləcə də hərbi xidmət illərində sarsılmaz dostluğu, əsl dostu tapanlar, bu dostluğu həyatının sonrakı mərhələlərində də davam etdirənlər az deyil. Təsadüfi deyil ki, hərbi xidmət dövründə qazanılan dostluq daha möhkəm və qırılmaz olur.
"N" hərbi hissəsində xidmət edən əsgər Rüfət Talıbovla əsgər Rəvan Abbasovun dostluğu əsgərlərimiz arasında bu münasibətlərinin yüksək səviyyədə olmasına bir nümunədir. "Yaxşı dostun varsa, zəngin insansan", - deyə əsgər Rüfət Talıbov dostu barədə söhbətə başladı: "Hərbi xidmətə başladığım gündən əsgər yoldaşlarımın hər biri ilə səmimi münasibətim olub. Onlarla aramızda qarşılıqlı hörmət və mehribançılıq  yaranıb. Burada özümə çoxlu dost qazanmışam. Asudə vaxtlarımızda bir yerə yığışıb öz aramızda maraqlı diskusiyalar edir, domino, şahmat, dama kimi stolüstü oyunlar oynayırıq. Doğrudan da, dostlarla keçirilən zaman insan üçün çox dəyərlidir. Xidmət zamanı müəyyən xasiyyətlərinə görə özümə ən yaxın bilib dost olduğum əsgərlərdən biri də Rəvan Abbasovdur. Rəvan xidmətə məndən əvvəl başladığı üçün ilk günlərdən öz dəstəyini əsirgəməyib, mənimsəyib öyrəndiyi bilikləri mənə də aşılamağa çalışıb. Əlbəttə ki, bizim dostluğumuz hərbi xidmətdən sonra da davam edəcək".
Əsgər Rəvan Abbasov da Rüfət kimi dost qazandığından məmnun olduğunu bildirdi. "Dostluq insan üçün çox müqəddəsdir. Hər bir insan həyatı boyu yaxşı dost axtarışındadır. Əsl dost insanın arxa və dayağıdır. Bəzən elə zamanlar olur ki, insan ailəsi ilə belə bölüşə bilmədiyi problemləri dostu ilə paylaşır. Asudə vaxtlarımızda Rüfətlə söhbətləşir, gələcək planlarımızdan danışırıq. Hərbi xidməti başa vurduqdan sonra bir arzumuz var. İstəyirik ki, düşmən işğalından azad olunan doğma Qarabağımızı qarış-qarış gəzib dilbər güşələrini görək. Gözəlliyi barədə valideynlərimizdən eşitdiyimiz qədim şəhərimiz Şuşada olan Gövhər ağa məscidini ziyarət edib, İsa bulağının sərin suyundan içək. Çox sevinirik ki, 30 illik həsrətə son qoyuldu, doğma torpaqlarımız düşmən işğalından azad edildi".
Əsgərlərimiz arasında belə səmimi dostluq münasibətlərinin olması sevindirici haldır. Hərbçilərimizi bir-birinə bağlayan Vətən sevgisi, onlar arasında olan birlik, yoldaşlıq, dostluq bizlərə qələbə sevincini yaşatdı. İnanıram ki, xidmət dövründə əsgərlərimiz arasında yaranan dostluq əbədi olacaqdır.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"