Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 2022 15:45

“Komando hərbi hissəsində xidmət etməkdən qürur duyuram”

Komando hərbi hissəsində xidmət edən zabitlərimizi, gizirlərimizi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımızı bir-birindən bacarıqlı və peşəkar gördük. Bütün bunlar bizdə onlar haqqında xoş təəssüratlar oyatdı, rəğbət hissini artırdı.
Gizir Mirmehdi Babazadə 1992-ci ildə Lənkəran rayonunda dünyaya göz açıb. Lənkəran şəhərindəki 4 nömrəli orta məktəbdə təhsil alıb. Ordu sıralarına çağırılıb. Gənc əsgər kursunu "N" hərbi hissəsində keçib. Üç aydan sonra xidmətini cəbhə bölgəsində yerləşən hərbi hissədə davam etdirib. 2012-ci ildə əsgəri xidmətini başa vurub.  Hərbçi olmaq istəyi ilə 2016-cı ildə yenidən ordu sıralarına qayıdıb. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxuyub. Hərbi təhsilini uğurla başa vuraraq gizir kimi xidmətə başlayıb. 2017-ci ildə kəşfiyyatçı kursu keçərək istəyinə çatıb.
Mirmehdi Vətən müharibəsində iştirak edib. Qorxmadan, çəkinmədən həmişə öndə vuruşub, döyüşlərdə igidlik göstərib. Dəqiq atəş zərbələri ilə neçə-neçə erməni qəsbkarını məhv edib. Suqovuşan, Talış kəndləri, Murovdağ və Ağdam rayonu istiqamətində gedən əməliyyatlarda xüsusi fəallıq göstərib. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun hərbçisi kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Döyüşlərdə göstərdiyi igidliyə və cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" medallarına layiq görülüb.  
- Yoldaş gizir, necə oldu ki, komando hərbi hissəsində xidmət etdiniz?
- Hələ kiçik yaşlarımdan filmlərdən, verilişlərdən xüsusi təyinatlı hərbi hissələrdə xidmət edən əsgərlərin təlimlər zamanı nümayiş etdirdikləri hərəkətləri maraqla izləyirdim. Gördüklərimə heyran olurdum. Həmin anlarda özümü onların sıralarında hiss edirdim. Yaşa dolduqca ürəyimdəki arzular da böyüyürdü - mən də onlar kimi əsgər olmaq istəyirdim. 2017-ci ildə arzuma çatdım, kəşfiyyatçı oldum. Vətən müharibəsində də iştirak etdim, torpaqlarımızın azadlığı uğrunda vuruşdum. 2021-ci ilin iyulunda komandanlıq bacarığımı, səriştəmi nəzərə alaraq məni Türkiyə Respublikasında komando kursu keçməyə göndərdi. Keçirilən təlim-məşqlərdə, dərslərdə fəal iştirak etdik. Bu müddət ərzində bilik və bacarığımızı daha da təkmilləşdirdik. Kurslardan uğurla keçib Vətənə döndük. Sentyabrda komando hərbi hissəsi yaradılanda xidmətimi davam etdirmək üçün məni bura göndərdilər. Hərbi hissənin təntənəli açılışında da iştirak etdim, həyatımın xoş günlərindən birini yaşadım. İndi böyük həvəslə, yüksək ovqatla xidmətimi davam etdirirəm.
- Arzuna çatdığına görə özünü xoşbəxt hiss edirsənmi?
- Bəli, komando hərbi hissəsində xidmət etdiyimə görə çox xoşbəxtəm. Həyat amalım belədir ki, mən sıradan yox, həmişə fərqli, seçilmişlərdən biri olmaq istəmişəm. İndi istəyimə çatmışam, seçilmişlərdənəm. Bu gün bir vaxtlar verilişlərdə gördüyüm əsgərlər kimiyəm.
- Komando hərbi hissəsində xidmət etmək çətindirmi?
- İnsan güclü, qüvvətli yaranıb. Bu güc, bu qüdrət yenilməzdir, məğlubedilməzdir. Deməli, insan hər şeyə qadirdir. Ən çətini çətinliyin özünü dəf etməkdir. Mən artıq bütün çətinlikləri arxada qoymuşam. Düşünürəm ki, komando olmaq zəiflər üçün çətindir. Güclülər üçün isə elə bir çətinlik yoxdur. Mən də bu məsuliyyətli ixtisası seçmişəm və bundan qürur duyuram.
- Türkiyə Respublikasında komando kurslarında olmusan. Bilik və bacarığını təkmilləşdirmisən. İndi peşəkarsan. Bu günə qədər əxz etdiyin bilikləri gənc əsgərlərə öyrədirsənmi?
- Əlbəttə, keçirilən təlim-məşqlərdə sabahın komandoları olacaq əsgərlərə hərbi bilikləri öyrədirəm. Təkcə öyrətməklə kifayətlənmirəm. Həm də əsgərlərdə komando olmağa həvəs oyadıram, onlarda bu sahəyə sevgi aşılayıram. İstəyirəm ki, əsgərlərimiz ordumuzda sevə-sevə xidmət etsinlər, xidmət edə-edə sevsinlər. Bu sevgi heç vaxt tükənməsin.
- Sənə və bütün xidmət yoldaşlarına uğurlar arzulayırıq. İnanırıq ki, yeni-yeni hərbi biliklər və döyüş vərdişlərinə yiyələndikcə gələcək xidmətlərinizdə  böyük uğurlar qazanacaqsınız.
- Çox sağ olun, buna tam əmin ola bilərsiniz. Günlər keçdikcə, yeni komando hərbi hissələri yarandıqca ordumuz daha da güclənəcək, xalqımızı yeni uğurlarımızla sevindirəcəyik.  

Müsahibəni apardı: Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"