Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 2022 15:45

“Xalqımızın etimadını doğrultduğumuz üçün qürurluyuq”

Müzəffər Ali Baş Komandanın döyüş əmri ilə rəşadətli Azərbaycan Ordusu 27 sentyabr səhər saatlarında bütün cəbhə boyu Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi növbəti təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başladı. Döyüşlərin ilk anlarından cəsur əsgərlərimiz düşmənə göz açmağa macal vermədilər. Onların şücaəti nəticəsində mənfur düşmən itki verərək geri çəkildi. İllərlə işğalda olan torpaqlarımız ard-arda əsl sahibinə qovuşurdu. Vətən sevgisindən güc alan əsgərlərimiz qorxu bilmədən düşmən üzərinə şığıyırdılar. Bunun nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 günə işğala son qoyuldu. Haqq savaşımızda bütün qoşun növləri qarşıya qoyulan tapşırıqların öhdəsindən məharətlə gəldi.
"N" hərbi hissəsində Vətən müharibəsində düşmənə ağır zərbələr vuran tank heyəti ilə tanış olduq. Gizir Tural Söhbətov gənc yaşlarından hərbçi olmaq arzusunda olub. Xidmətə başladığı gündən torpaqlarımızın azadlığı uğrunda gedəcək döyüşlərdə iştirak etmək istəyib. 2020-ci ilin sentyabrında gizir T.Söhbətov da Füzuli istiqamətində gedən döyüşlərə qatılır. Döyüşlərin ilk günündə komandiri olduğu tank düşmən minasına düşərək partlayır. Daha sonra isə "Faqot" tipli tank əleyhinə raket kompleksinin hədəfinə çevrilərək vurulur. Tankın heyəti bu zərbə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alsa da, hərbi qənimət kimi əldə edilən düşmən tankı ilə əməliyyatları davam etdirir. Füzulidən sonra Qubadlı istiqamətində gedən ağır döyüşlərə qatılırlar. Burada da Tural xüsusi peşəkarlıq göstərir və düşmən hədəflərini dəqiq atəşlə məhv edir. Müxtəlif dərəcəli xəsarətlər almağına baxmayaraq, döyüşdən çıxmaq haqqında düşünmür. Cəbrayıl, Hadrut və Şuşa istiqamətində gedən əməliyyatlarda da vətənpərvər döyüşçü dəqiq atəşlə işğalçılara sarsıdıcı zərbələr vurur. Noyabrın 5-də Daşaltı istiqamətində ikinci dəfə düşmən hədəfinə tuş gəlir. Bu dəfə isə döyüşü davam etdirə bilməməyin təəssüfünü yaşayır.
Gizir Tural Söhbətov Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Gizir Tural Söhbətov bildirdi ki, döyüşlərdə qazandıqları uğurlarda komandirlərin, heyət üzvlərinin rolu danılmazdır. "Komandirlərimizin bizə öyrətdiklərindən, təcrübələrindən bəhrələnərək, döyüşlərdə düşmənə qalib gəldik. Ən çətin və ekstremal şəraitdə verilən tapşırığın öhdəsindən gəlməyi bacardıq. Bunun nəticəsidir ki, düşmən məğlubiyyətə düçar oldu. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni məhv etdi".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ramil Abbasov da İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, Vətən müharibəsi başladığı gündən etibarən Füzuli rayonunun azadlığı uğrunda gedən döyüş əməliyyatlarına qatılır. Çətin tapşırıqların öhdəsindən layiqincə gələrək, durmadan irəliləyir.  Cəbrayıl və Qubadlıya qədər vuruşa-vuruşa gedən cəsur döyüşçü əməliyyatlarda böyük hünər göstərib. Dəfələrlə ağır vəziyyətlərdən çıxmağı bacarıb. Kiçik çavuş Ramil Abbasov İkinci Qarabağ döyüşləri zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi və verilən bütün tapşırıqların öhdəsindən bacarıqla gəldiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
- Tarixi qələbəmizlə bağlı müzəffər Ali Baş Komandan demişdi: "...Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!". Qürur duyuram ki, tarixi qələbəmizin əldə edilməsində mənim də payım var. Həmişə o günləri fərəhlə xatırlayacam", - kiçik çavuş Ramil Abbasov dedi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Vasif Zeynalov Ağcabədi rayonunda dünyaya göz açıb. Hərbi formaya olan hörmət və sevgisi onu ordu sıralarına gətirib. Xidmətə başladığı ilk gündən yuxarı komandirlərin verdiyi bütün əmr və tapşırıqları məsuliyyətlə yerinə yetirir. Peşəkar zabitlərin köməkliyi ilə hərbi sirlərə dərindən yiyələnib. Sentyabrın 27-dən başlayan döyüşlərdə şücaət nümayiş etdirib. Füzuli, Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən ağır döyüş əməliyyatlarında iştirak edərək, şücaət və igidlik göstərdiyinə görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Vasif Zeynalov Ali Baş Komandanın müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
- Torpaqlarımızı işğalçılardan azad etdiyimiz, xalqımıza illərdir gözlədiyi Qələbə gününün sevincini yaşatdığımız üçün sevncliyəm. Çünki hər bir azərbaycanlı bu anı illərdir səbirsizliklə gözləyirdi. Xalqımızın bizlərə olan etimadını bir daha doğrultduğumuz üçün qürurluyam. Fəxr edirəm ki, regionun ən güclü Azərbaycan Ordusunun sıralarında xidmət edirəm.

Orxan HÜSEYNLİ fotolar Namiq PƏNAHOVUNDUR "Azərbaycan Ordusu"