Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Yanvar 2022 11:12

“Döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti böyükdür”

Döyüşdə uğur əldə etməyin əsas məqsədlərindən biri şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olması, möhkəm nizam-intizam, qorxmazlıq, düşmənə nifrət və ruh yüksəkliyidir. Ona görə ordu sıralarında bu amillərin formalaşmasında əhəmiyyətli rol oynayan ictimai-siyasi hazırlıq dərslərinə xüsusi önəm verilir.
Günün nizam qaydasına uyğun olaraq "N" hərbi hissəsində şəxsi heyətin ictimai-siyasi hazırlıq məşğələsinin keçirilməsi prosesini izlədik. Dərslərin keçirilməsi üçün nəzərdə tutulan ideoloji otaq müvafiq standartlara uyğun formalaşdırılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ön xətdə şəxsi heyətlə görüşlərini əks etdirən və tarixi qələbəmizlə başa çatan Vətən müharibəsindən fotoşəkillər, dövlət atributları hər birimizdə xoş təəssürat yaratdı.
Dərsin bitməsini gözlədik. Məşğələ rəhbəri baş leytenant Abasəli Bəşirov şəxsi heyətə günün mövzusunu - "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür" - bildirərək dərsə başladı. O, bildirdi ki, Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
- 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu əlamətdar günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib, - baş leytenant Bəşirov dedi. Məşğələ rəhbəri bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev martın 16-da Bakıda "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" 8 fevral 2006-cı il tarixli sərəncam imzaladı. Heç şübhəsiz, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində bu yeni addım Azərbaycanın tarixində mühüm bir hadisə oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı.
Zabit onu da qeyd etdi ki, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti böyükdür. Keçirilən dərslərlə şəxsi heyətin hərb tarixi biliklərini zənginləşdirir, həmçinin onlarda ruh yüksəkliyi yaradırıq.
Ağcabədi rayonundan ordu sıralarına çağırılan əsgər Şükür Abbasov bildirdi ki, savadlı və təcrübəli zabitlərimizin köməkliyi ilə tarixi biliklərimizi artırırıq. "Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi, Vətən müharibəsində düşmənə göz açmağa imkan verməyən qəhrəmanlarımızı tanıyırıq. Məhz onlar sayəsində illərdir işğalda qalan torpaqlarımız azad edildi. Xalqımızın qisası alındı. Regionun ən güclü ordusu olan Azərbaycan Ordusunun sıralarında xidmət etdiyim üçün fəxr edirəm".
Əsgər Kamil Qarayev dedi ki, komandirlərimizin rəhbərliyi altında keçirilən bütün dərsləri mükəmməl dərəcədə mənimsəməyə çalışırıq. "Məhz onların peşəkarlığı nəticəsində düşmən darmadağın edildi. Rəşadətli ordumuz düşmənin illərlə yürütdüyü işğalçılıq siyasətinə son qoydu".
Əsgər Musa Əlizadə Vətən uğrunda hər an canından keçməyə hazır olduğunu dedi. "Buna görə hər birimiz Vətən qarşısında övladlıq borcumuzu layiqincə yerinə yetirməyə çalışırıq. Komandirlərimizin rəhbərliyi ilə hərb tariximiz haqqında biliklərimizi artırırıq. Keçirilən təlimlər, döyüş və fiziki hazırlıqların sayəsində əsl döyüşçü kimi formalaşırıq. Bundan sonra da xidmətimizə məsuliyyətlə yanaşacaq, verilən bütün əmr və tapşırıqları sözsüz yerinə yetirəcəyik".
Əsgərlər Kənan Paşazadə, Tərlan Məlikov, Mirnicat Ağayev, Surxay Bağırov və başqaları ictimai-siyasi hazırlığın əhəmiyyətindən, xidmətlərindən, şanlı Qələbə ilə başa çatan Vətən müharibəsindən söhbət etdilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"