Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 2022 13:05

Bayraq sevdalısı Vətən oğlu

"Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim", - deyib bu misradan ruh aldılar bayraq, torpaq, Vətən sevdalılarımız. Onların sanki ruh bağlantısı idi Məmməd Araz şeiriyyətinin zirvəsi sayılan bu misra. Ruhun qələbəsinə köklənən "Vətən", deyən oğullar  torpağının daşına, qayasına sarılıb uğrunda döyüşdülər, canlarından keçdilər, ölümün gözünə dik baxıb qalib gəldilər. Ömürləri dastanlara dönən Mübariz ruhlu bu oğulların Vətən savaşındakı qələbəsi ruhumuzun, zehniyyətimizin qələbəsi idi.  

Vətən sevdalısı olan, ruhunda, canında bayraq sevgisi, torpaq heysiyyatı yaşadan oğullardan biri də Xuduş idi. O oğullardan ki, ruhunun dərinliklərinə, mənəviyyatına düşmən işğalındakı torpaqlarımızı azad  görmək istəyi hakim kəsilir. "Öncə Vətəndir", - deyib sinəsini sipər edən oğullardan biri idi Xuduş Həsən oğlu Kazımov. Vətənimizin keşiyində dayanmaq, onu erməni işğalçılarından azad etmək arzusu ilə ömrünü şərəfli, müqəddəs bir peşəyə - hərbə bağlamağı qarşısına məqsəd qoyur... 

44 günlük Vətən savaşında tarix yazan oğulların sırasında Xuduş Kazımovun da öz adı, öz yeri var. Ağır günlərdə o da Vətənə əsl oğul oldu. Düşmənə qarşı amansızcasına döyüşdü. Hər qarış torpağımız uğrunda komandirlərinin "İrəli" əmri ilə düşmənin üzərinə şığıdı. Döyüşlərdə fədakarlıq nümunələri göstərdi.

O, 1988-ci il sentyabrın 8-də Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində 20 nömrəli tam orta məktəbdə təhsil alır. Orta məktəbi başa vurduqdan sonra  Gəncə Texniki Kollecində təhsilini davam etdirir. Xuduş Kazımov vətənpərvər, milli-mənəvi dəyərlərimizə bağlı yetkin bir gənc olaraq yetişir. Təhsil aldığı illərdə müəllimlərinin, tələbə yoldaşlarının hörmətini qazanır. Yaxınlarının, doğmalarının, el-obasının xeyir-duası ilə  hərbi xidmətə yola salınır. 2008-2009-cu illərdə "N" hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçir. O zaman üçrəngli Azərbaycan bayrağına gənc əsgər Xuduş Kazımov Vətənimizin ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olacağına and içir. Vətənə şərəflə xidmət edir. Bütün hazırlıqlarını ən yüksək səviyyədə artırır. Hərbi biliklərə yiyələnir. Dərslərdə, təlimlərdə əla nəticələr göstərir. Komandirlərinin döyüş tapşırıqlarını vaxtında yerinə yetirməsinə daima məsuliyyətlə çalışır. Üstün mənəvi və şəxsi keyfiyyətləri ona komandirlərinin, əsgər yoldaşlarının hörmətini qazandırır. 

Hərbi xidmətini şərəflə başa vuran Xuduş illər sonra yenidən Azərbaycan Ordusunun sıralarına geri dönür. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov çətin dağlıq ərazidə, mürəkkəb relyefdə yerləşən "N" hərbi hissəsində qumbaraatan vəzifəsində xidmətə başlayır. Ona təhkim olunmuş silahın göstəricilərini mükəmməl bilir və onu döyüş meydanında düşmənə qarşı tətbiq etməyi bacarır.

Ard-arda keçirilən təlimlərdə tər tökən əsgər Xuduş Kazımov döyüşdə qələbə qazanacağını əminliklə deyirdi. Vətən müharibəsi başlayanda o, Murovdağ istiqamətində xidmət etdiyi ön xətt birləşməsinin şəxsi heyəti ilə birlikdə düşmənlə ölüm-dirim savaşına girir. Azərbaycan Ordusunun igid əsgəri irəli atılır, son damla qanınadək vuruşur, düşmənə ağır zərbələr endirir. Hərbi hissənin qarşısına qoyulan döyüş tapşırığı yüksək səviyyədə yerinə yetirilir. Xuduş Vətən müharibəsinin ilk günlərində oktyabrın 2-də Murovdağ-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunur. Vətən, bayraq, torpaq sevdalısı igid Azərbaycan əsgəri şəhidliyi ilə ruhuna tapınır. 

Beş yaşlı qızı Fatma, iki yaşlı oğlu Əbdülkərim Vətənə əmanət qalıb şəhidimizdən. 

Şəhidin həyat yoldaşı Əfsanə xanımla Gəncə şəhərində yerləşən  evlərində - xatirələrlə  dolu mənzilində görüşürük. O deyir ki, şəhid xanımı adını daşımaq onun üçün məsuliyyətdir, fəxrdir, şərəfdir. "Mən Xuduşla son telefon danışığımızı unutmayacağam. Son dəfə oktyabrın 1-də danışdıq. Həmin gün onları döyüş tapşırığını yerinə yetirmək üçün Murovdağ-Ağdərə istiqamətinə yola salıblar. Həmişə olduğu kimi uşaqları mənə tapşırdı. Mənimlə vidalaşdı. Bircə kəlmə onu dedi ki, biz güclüyük, qalib gələcəyik, gələcək nəsillər bir daha müharibə görməyəcək, övladlarımız xoşbəxt yaşayacaq. Xuduş çox vətənsevər, torpağa bağlı, sözünə bütöv, mükəmməl bir insan idi. O, gözəl ata, gözəl ailə başçısı, sadiq dost olduğu kimi, Vətənə, elə, obaya da əsl oğul oldu. Vətənin, elin, obanın dar günündə irəli atıldı. Hərtərəfli bir insan idi. Doğrudan da, şəhidlər  seçilmiş insanlardır. Bayrağımızı, dövlətimizi, xalqımızı çox sevirdi. Onun əlamətdar, tarixi günlərdə Azərbaycan bayrağı ilə çəkilmiş fotolarına, videolarına indi xatirə kimi baxıram. Xuduş hər zaman bizim fəxrimiz idi. Bu gün isə onun şəhidliyi bizə daha böyük fəxarəti əmanət edib. O  bu zirvəsi ilə övladlarına əbədi qürur yaşadacaq."  

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Xuduş Həsən oğlu 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən bayraq sevdalısı Vətən oğlunun şərəfli döyüş yolu hər zaman belə qürurla anılıb, qürurla xatırlanacaq.

 

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"  

foto Namiq PƏNAHOVUNDUR