Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 2022 13:04

Vətən bizimdir və onu daim qorumalıyıq

Bu gün rəşadətli ordumuzun qəhrəman əsgərləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını daim hiss edirlər. Bu qayğı nəticəsində ordumuzun bütün bölmələrində yüksək məişət şəraiti yaradılır. İşğaldan azad edilən çətin relyefli ərazilərdə də gecə-gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin bütün təminatları yüksək səviyyəyə çatdırılır. Hərbi qulluqçular normaya uyğun ərzaq və isti geyimlə təmin edilirlər. İnzibati binalar tikilir. Bir sözlə, döyüş növbətçiliyi aparan bölmələrdə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün hər cür şərait və təminat yaradılır.

Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı bununla kifayətlənmir. Ali Baş Komandanın tapşırıqlarına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti mütəmadi olaraq hərbi hissələrdə olur, xüsusən də işğaldan azad olunan ərazilərə dislokasiya olunan bölmələrdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşür, onların qayğıları ilə maraqlanır və həlli istiqamətində göstərişlər verir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunun birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, qoşun növlərində, eləcə də əlahiddə hərbi bölmələrdə olaraq şəxsi heyətin sosial-məişət şəraiti, maddi-texniki təminatı, mənəvi-psixoloji vəziyyəti ilə tanış oldu, həmçinin bayram münasibətilə əsgər və zabitləri təbrik edərək, şəxsi heyətə bayram sovqatları təqdim etdi. Hərbi xidmətdə fərqlənənlər təltif olundular. 

Bayram tədbirlərindən biri də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında baş tutdu. Müdafiə Nazirliyinin rəhbər heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan, o cümlədən Vətən müharibəsində yaralanan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlandı, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzuladı. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq, onlara  dövlətimizin başçısı adından bayram sovqatlarını təqdim etdi.

Tədbirdən sonra hospitalda müalicə alan hərbi qulluqçularla həmsöhbət olub düşüncələrini öyrəndim. Onlar da öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısına, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Səkkiz aydan çoxdur ağır xəstəlikdən əziyyət çəkən mayor Əli Məhərrəmov Əlahiddə Ümumqoşun Orduda xidmət edir. Əslən Gəncə şəhərindən olan zabit qardaş ölkə Türkiyənin Kara Harb Okulunun məzunudur. Artıq xəstəlikdən xilas olduğunu bildirən mayor Əli Məhərrəmov fikirlərini bölüşdü. "Səkkiz ay bundan əvvəl səhhətimdə yaranan narahatçılıqla bağlı müayinə olundum və lenfoma deyilən qan xərçəngi xəstəliyi aşkarlandı. Müalicə üçün Baş Klinik Hospitala təxliyə olundum. Bu ağır xəstəlikdən qurtulacağıma ümidim yox idi. Gələn ilk gündən həkimlərin diqqət və qayğısı ilə əhatə olundum. Müalicəm sürətlə davam etdi. Bütün dərman vasitələri ilə təmin edildim. Şükürlər olsun ki, artıq tam sağalmışam. Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm ki, biz hərbçilərin bütün qayğılarını diqqətdə saxlayır. Məhz dövlət başçımızın diqqətinin nəticəsidir ki, sağlamlığımızın keşiyində dayanan müasir şəraitli hospitalımız fəaliyyət göstərir.  Hospitallar ən müasir tibbi avadanlıqlarla təchiz olunub.  Peşəkar və savadlı həkimlərimiz bizlərin sağlamlığımızın keşiyindədirlər. Bu xəstəlikdən xilas olmağımda mənə köməklik göstərən hospitalın həkimlərinə və tibb işçilərinə təşəkkür edirəm. Bayram günü Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hospitala gəlməsi, müalicəmizlə, qayğılarımızla maraqlanması bizi çox sevindirdi. Bu görüşün hər birimiz üçün dəyəri böyükdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə, başda Ali Baş Komandanımız olmaqla, bütün xalqımızı və rəşadətli ordumuzun şəxsi heyətini təbrik edirəm".

Mayor Əli Məhərrəmova Allahdan şəfa arzulayıb digər palatalarda müalicə alan əsgərlərlə söhbətləşdim. Gözündə yaranan narahatçılıqla bağlı müalicə alan əsgərlər Natiq Bağırov və Elcan Vəzirovun düşüncələrini öyrəndim. "İşğaldan azad olunan Kəlbəcər rayonunda xidmət edirik. Ali Baş Komandanımızın diqqət və qayğısı nəticəsində bölməmizdə hər cür şəraitimiz var. Döyüş növbətçiliyini inamla aparır, sərhədlərimizi qətiyyətlə qoruyuruq. Hospitalda həkimlər bizə qayğı ilə yanaşır, müalicəmizi yüksək səviyyədə aparırlar. Tez vaxtda sağalıb bölməmizə qayıtmağın arzusundayıq. Sağolsun Müdafiə nazirimiz bayram günündə də bizi yaddan çıxarmadı. Bizə göstərilən diqqətə və xidməti şəraitimizin gündən-günə yaxşılaşdırılmasına görə, bütün əsgər yoldaşlarımız adından Ali Baş Komandanımıza və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edirik". 

Kəlbəcər rayonunda xidmət edən əsgər Kamran Həsənov İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. 2021-ci il noyabrın 16-da Kəlbəcər rayonu ərazisindəki Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən yaralanıb. Ayağından güllə, sol gözündən isə qəlpə yarası alan Kamran hospitala təxliyə olunub. Hal-hazırda özünü yaxşı hiss etdiyini bildirən Kamran həkimlərdən razılıq etdi. "Onların apardığı uğurlu əməliyyatlar nəticəsində yaralarım sürətlə sağalır. Qısa vaxtda sağlamlığıma qovuşacağam. Müdafiə nazirimizin bayramımızı təbrik etməyə gəlməsi, bizə hədiyyələr gətirməsi  ən yaddaqalan günlərdən oldu. Hər birimiz çox sevindik. Dövlət rəhbərliyinin diqqət və qayğısının daim üzərimizdə olduğuna bir daha əmin olduq. Sağalıb xidməti yerlərimizə qayıdacaq, ərazi bütövlüyümüzü göz bəbəyimiz kimi qoruyacaq, sərhədlərimizin keşiyində ayıq-sayıq dayanacağıq. Bizim üçün yaradılan yüksək şəraitə və göstərilən diqqətə görə Ali Baş Komandanımıza dərin minnətdarlığımızı bildiririk", - əsgər Kamran Həsənov dedi. 

Onu da qeyd edim ki, Kamran Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə  yetirərkən şücaət və fədakarlıq göstərdiyinə görə "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 

Söhbətləşdiyim əsgərlərin hər birinin xidməti şəraitlərinin qaydasında olmasından ağızdolusu danışması bir daha onu sübut edir ki, ordu quruculuğu dövlət rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Bunun bariz nümunəsi olaraq bir il ərzində işğaldan azad olunan ərazilərə dislokasiya olunan bölmələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri göstərmək olar. Həmin ərazilərdə sürətlə yenidənqurma və tikinti işləri aparılır, hərbi qulluqçularımızın təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, eləcə də qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir. Ezamiyyətdə olarkən Kəlbəcərdə, Laçında, Qubadlıda, Xocavəndə, Şuşada və digər ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyətinin nümunəvi xidmət etməsi üçün fasiləsiz enerji, yumşaq yataq dəsti, müasir istirahət otaqları və yaşam üçün zəruri olan digər avadanlıqlarla təchiz edilən modul tipli komplekslərin hərbçilərin istifadəsinə verildiyinin şahidi olmuşuq.

Nefrologiya bölməsində müalicə alan əsgərlər Şəhriyar Cəfərov, Valeh Əsədov, Vahid Quliyev və Nihad Əliyev hərbi hissələrində olduğu kimi, burada da qayğı ilə əhatə olunduqlarını bildirdilər. Həkimlərin hər gün onlarla maraqlandığını və vaxtaşırı müayinə etdiklərini dedilər. Bayram gününün sevincini yaşayan əsgərlər fikirlərini belə ifadə etdilər. "Biz fəxr edirik ki, rəşadətli, qalib Azərbaycan Ordusunun,  Müzəffər Ali Baş Komandanın  əsgərləriyik. Bu gün Müdafiə nazirimiz bizimlə görüşüb, cənab Ali Baş Komandanımızın bizə olan təbriklərini çatdırdı. Bu görüş hər birimizin könlünü şad etdi, qürurlandırdı. Dövlətimizlə və ordumuzla bir daha qürur duyduq. Başda Ali Baş Komandanımız olmaqla bütün silahdaşlarımızın bayramını təbrik edirik".

Vətəni hər an sevməlisən. Sağlam olanda da, yaralananda da... Vətən müharibəsində yaralansalar belə döyüş meydanından çıxmayanların da, həkiminə “yaramı tez sarı qayıtmalıyam, yoldaşlarımı tək qoya bilmərəm” deyənlərin də şahidi olduq. Vətən sevgisini son nəfəsinədək içində yaşadanlara sağlam can arzu edərək demək istəyirəm ki, Vətən bizimdir və onu hər an qorumalıyıq, Azərbaycan əsgəri!

 

 

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"