Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 2022 13:01

Şəhid bulağı ehtiram bulağıdır

Şəmkirdə anadan olmuşdu. Şəmkirdə orta təhsil almışdı. Həmyaşıdları kimi o da müəllimlərindən, evdə atasından eşitdiklərinin ovqatıyla boya-başa çatmışdı. Bu ovqat torpağa sevgi ovqatıydı, Vətənə sədaqət ovqatıydı. O da xəyalən özünü əsgərlərimizin sırasında, səngərlərdə hiss edirdi. Ona elə gəlirdi ki, qələm tutan barmaqları avtomatın tətiyini daha böyük niyyətlərlə sıxa bilər, sıxacaq. Düşündüklərini müəllimlərinə də deyərdi. Onda eşitdiyi kəlmələr ümidinin işığına dönərdi: Böyüyəndə sən də əsgər olacaqsan, onda Vətənə sədaqətlə xidmət edərsən. Onda gerçək avtomatı sinənə sıxarsan...

İllər keçdi...

Emin Alməmmədov orta təhsilini başa vurdu. Onu da hərbi xidmətə çağırdılar. Şagird olanda müəlliminin dediyi kəlmələri unutmamışdı. Komandirlərinin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirirdi. Bunu Vətənə sədaqət bilirdi. İlk dəfə avtomatı köksünə sıxanda gülümsünmüşdü. Əsgər yoldaşlarına neçə illər əvvəl xəyalən yaşadıqlarından söz açmışdı. Məlum olmuşdu ki, bu xəyal hamısının ortaq xəyalı olub...

Həqiqi hərbi xidməti başa çatanda komandirinə düşüncələrindən söz açmışdı. Komandir gülümsünmüşdü, yəni, niyyət insanın həyat yolunu müəyyənləşdirir...

Emin Alməmmədov xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirdi. Sədaqətlə, məsuliyyətlə, həm də şükranlıqla...

Komandirinin təklifi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda təhsil aldı. Başlanğıcın davamı kimi. Ona elə gəlirdi ki, bu təhsil hərbi xidmətə bağlılığın təsdiqidir. "Bu təsdiq mənim ömrümün davamıdır...", - kursant yoldaşları onun səmimiyyətlə dediklərini səmimiyyətlə təsdiqləyirdi...

Gizir Emin Alməmmədov nümunəvi xidmətiylə fərqlənirdi...

Vətən müharibəsi başlayanda onun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olundu.

Gizir Emin Alməmmədov top komandiri idi. Komandiri olduğu heyət də əmrləri vaxtında və dəqiqliklə yerinə yetirirdi. 

Murovdağ istiqamətində döyüşürdülər.

Gizir Emin Alməmmədovun komandiri olduğu top heyətinin dəqiq atışları da düşmənin mövqelərini dağıdır, komanda məntəqələrini, döyüş texnikalarını, canlı qüvvəsini məhv edirdi. Düşmən getdikcə zəifləyən müqavimət göstərirdi...

Gizir Emin Alməmmədov döyüşdə şəhid oldu...

Şəmkirdə şəhid Emin Alməmmədovun anım günündə onun xatirəsinə bulaq quruldu. Ötüb-keçənlər burada ayaq saxlayacaq və Eminin timsalında bütün şəhidləri ehtiramla yad edəcəklər...

Anım tədbirində rayon icra hakimiyyətinin səlahiyyətliləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Çıxış edənlər şəhidin döyüş yolundan danışdılar. Şəhidlərə və şəhidliyə diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Məktəblilər vətənpərvərlik şeirləri səsləndirdilər. Bu səslənişin mahiyyəti "Şəhid ömrü ömürlərdə yaşayır" fikrinin təsdiqi kimi yaşanıldı...

Şəhid gizir Emin Alməmmədov Vətən müharibəsində "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib...

Gizir adını yaşadacaq bu bulaq ehtiram bulağıdır...

 

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"