Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 2022 12:59

Məğrur tankçılarımız

Tankçılarımız da İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərdilər. Hərbi əməliyyatların başlandığı ilk gündən tank bölmələrimiz cəbhənin bütün istiqamətlərində komandanlıq tərəfindən verilən və üzərlərinə düşən döyüş tapşırığını uğurla yerinə yetirdilər.

Tankçıların döyüşdə uğur qazanacağına əmin idik. Çünki müharibədən əvvəl onların təlimlərində, tədris məşğələlərində yaxından iştirak edirdik. Tank heyətlərinin yiyələndikləri peşənin incəliklərini dərindən öyrəndiklərinin şahidi olurduq. Hərbçilərlə hər dəfə görüşəndə onların bir məqsədi, bir amalı vardı: o da Vətən torpaqlarını erməni işğalından azad etmək. Sevindirici haldır ki, 28 ildən sonra istəklərimiz həyata keçdi və  illər öncə arzusunda olduğumuz işğaldan azad edilən rayonlarımıza bu gün rahat gedib-gələ bilirik. 

Zabit Vurğun Mənsimov qeyd etdi ki, İkinci Qarabağ savaşında tankçılarımızın döyüş fəaliyyəti dövlət və ordu rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Hərbçilərimiz düşmən hücumunun qarşısını qətiyyətlə alaraq əks-hücum əməliyyatına uğurla başladılar. Onlar təyin olunan düşmən hədəflərini sərrast atəşlə məhv etdilər. Təlimlərdə, döyüş atışlarında əldə etdikləri təcrübə döyüş zamanı onlara uğur qazandırdı.

Baş leytenant Ramiz Bədəlov təcrübəli döyüşçüdür. O bildirdi ki, düşmən möhkəm səngərlər qursa da, ordumuz onların "top dağıtmaz" istehkamlarını, sədlərini məhv etdi.

Leytenant Vəfadar Qasımov həmsöhbət olduğum hərbçilər arasında ən gəncidir. Təmkinlə onların söhbətlərini dinləyirdi. İlk baxışdan mülayim xarakterli adam təsiri bağışlayırdı. 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Vəfadar zabit kimi cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmətə başlayıb. Gənc zabit bildirdi ki, o, döyüşlərdə taqım komandiri olub. Füzuli, Xocavənd, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb. O, düşmən işğalından azad olunan ərazilərdə xidmət etməkdən qürur duyur. "Vətənimizin hər qarışı bizim üçün əzizdir. İllər uzunu erməni daşnaklarının işğalı altında qalan yurd yerlərimizin azad edilməsində xidməti olan hər bir Vətən övladı daim ürəklərdə yaşayacaq", - zabit dedi.

Tank komandiri gizir Murad Verdiyev 10 ildən artıqdır hərbi xidmətdədir. Tovuz və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Tankçı olmaq onun ən böyük arzusu olub. Hərbi xidmətə yenicə başlayanda qarşısına məqsəd qoyub ki, zirehli texnikanın sirlərini mükəmməl öyrənəcək və Ali Baş Komandanın döyüş əmrinə hazır olacaq. Gizir M.Verdiyev də artıq illərin həsrətinə son qoyulduğuna görə çox məmnundur. 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular Musa Namazov, Rəşad Rəcəbov bilik və bacarıqları ilə seçilən tank heyətinin üzvləridir. Bu tankçılarımız da komandirlərin verdiyi döyüş əmrlərini bacarıqla yerinə yetiriblər. Onların hər biri Vətənimizin ayrı-ayrı bölgələrindəndir. Bu cəsur hərbçilərimizi birləşdirən Vətənimizin bütövlüyünə, ona göz dikən yağılara qarşı apardığımız haqq savaşıdır. Dövlətimizin başçısının sərəncamı ilə təltif olunan döyüşçülər arasında əsgər Rəşad Nəcəfovun da adı var. O, "Qubadlının azad olunmasına görə" medalına layiq görülüb. 

Cəsur tankçılarımız bu gün məğrurcasına erməni işğalından azad olunan qədim yurd yerlərimizin və bütövlükdə Vətənimizin keşiyində mətin dayanıblar. Nə Murovun şaxtası, nə də mürəkkəb relyef Vətənin müdafiəsində qətiyyətlə, ayıq-sayıq dayanan bu döyüşçülərimizin nümunəvi xidmətinə təsir edə bilməz. Düşmən artıq Azərbaycan Ordusunun qüdrətini düzgün dərk etməli və nəticə çıxarmalı, işğalçı mövqeyindən çəkinməlidir. Əks halda dövlətimizin başçısının qeyd etdiyi kimi "Dəmir yumruq" hər zaman onların başının üstündə olacaq.

 

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"