Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2021 17:21

Qalib ordunun qürurlu əsgərləri

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü 50 milyondan çox azərbaycanlı böyük coşquyla qeyd edir. Bu coşqu həm də işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə bağlıdır. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq, Böyük Qayıdış işğalın izini tamamilə siləcək. O illər ancaq yaddaşlarda qalacaq. Qalacaq ki, Vətəni daha böyük məhəbbətlə sevək, daha məsuliyyətlə qoruyaq.
Vətəni qoruyan əsgərlərin ürək sözlərini dərc edirik.

"Azərbaycan Ordusu"



Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əsgər Quliyev:

- Torpaqlarımızın uzun illər düşmən işğalında qalması bir hərbçi kimi məni çox narahat edirdi. İnanırdım ki, gündən-günə güclənən ordumuz yurdumuzu işğaldan azad edəcək. Bu inamımız 27 sentyabr 2020-ci ildə erməni qəsbkarlarının təxribatı nəticəsində başlanan Vətən müharibəsində çiçək açdı. Ermənilər həmin gün yeni ərazilərimizi işğal etmək üçün mövqelərimiz üzərinə hücum çəkdilər. Yurdumuzun keşiyində dayanan zabit və əsgərlərimiz yağıların hücumlarını dəf edərək əks-hücuma başladılar. Onlar yurdumuzun azadlığı uğrunda başlanan İkinci Qarabağ müharibəsində böyük hünər və qəhrəmanlıqlar göstərdilər.
Bu il də qarşıdan gələn əziz bayramlar - Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü sevinclə qarşılayırıq. Olduqca xoşdur ki, biz bu bayramları qalib ordunun qalib əsgərləri kimi qeyd edirik. Bu bayramlar münasibətilə xalqımızı təbrik edirik. Qoy hamı əmin olsun ki, biz Vətəni daim göz bəbəyimiz kimi qoruyacağıq.  

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əli Cəbrayılov:

- Orta məktəbdə bizə tez-tez hansı peşəyə yiyələnəcəyimiz haqqında suallar verilərdi. Sinif yoldaşlarımdan kimi mühəndis, kimi kosmonavt, kimi polis... olacağını deyirdi. Mən isə hərbi forma geyinib Vətənə övladlıq borcumu layiqincə ödəmək, yəni, hərbçi olmaq istəyirdim.
Hərbi xidmətə çağırış vərəqinin gəldiyi vaxt sevincimin həddi-hüdudu yox idi. Mən də Azərbaycan Ordusunun əsgəri olacaqdım. Hərbi xidmətə başladığım ilk anlardan günün nizam qaydalarına ciddi əməl edərək komandirlərimin əmrlərini məsuliyyətlə icra edirdim. Əsgər yoldaşlarımın ruh yüksəkliyi, hərbi xidmətə sevgisi bu peşəyə olan marağımı gündən-günə artırırdı. Xidmətimi başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb bu şərəfli peşəni davam etdirmək istəyimi reallaşdırdım. İşğaldan azad olunmuş ərazilərdə hərbi xidmətimi böyük qürurla davam etdirirəm.
Xalqımızı Dünya Azərbaycanılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə səmimi qəlbdən təbrik edirəm. Arzum budur ki, bir də torpaqlarımıza yad ayağı dəyməsin.

Əsgər Vüsal Kazımov:
- Ordu sıralarına çağırıldığım günü heç vaxt unutmayacam. Həmin gün həyatımı dəyişdi. Vətənə əsgərəm. Keçirilən təlim-məşqlərdə hərbi bilik və döyüş vərdişlərinə dərindən yiyələnmişəm. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə xidmət edirəm. Ordumuzun cəsur zabit və əsgərləri bu torpaqlar uğrunda cəsarətlə vuruşaraq qalib gəldilər. Biz qalib əsgərlərin davamçıları kimi xidmət edirik.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xalqımızı Şuşadan təbrik edir, uğurlar arzulayırıq.    

Əsgər Nurlan Qarayev:
- Valideynlərim 1993-cü il oktyabrın 28-də erməni qəsbkarlarının hücumu nəticəsində doğma ocaqlarını - Zəngilan rayonunun Məmmədbəyli kəndini tərk etmişdilər. Uzun illər idi ki, onlar dədə-baba yurdlarının həsrətini çəkərək yaşayırdılar. Mən həmin yerləri yalnız şəkillərdə görmüşdüm. Ürəyimdən keçirdi ki, günlərin birində ayağım o torpaqlara dəysin. Böyüdükcə torpaqlarımızı işğal etmiş ermənilərə nifrətim artırdı. Yaşıdlarım kimi mən də ordu sıralarında xidmət etməyə böyük maraq göstərirdim.
2021-ci ilin iyulunda hərbi xidmətə çağırıldım. İndi həyatımın ən mənalı və dəyərli günlərini yaşayıram. Doğma ordumuzun sıralarındayam. Ordumuz Vətən müharibəsində 28 ildən çox işğalda qalmış torpaqlarımızı düşməndən azad etdi. Yaxın zamanlarda bütün torpaq həsrətində olanlar, o cümlədən mənim valideynlərim də doğma ocaqlarına dönəcəklər. Həmin gün toy-bayram, hicranın sonu olacaq. Bu gün Şuşadan təbrik edirəm, gələn il ürək sözlərimi xalqıma Zəngilandakı evimizdən çatdıracam.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni il bayramlarının sevincini yaşayırıq. Bu əlamətdar bayramlar münasibətilə xalqımızı ürəkdən təbrik edir, uğurlar arzulayırıq. Həmişə çalışacağıq ki, xalqımızı, doğmalarımızı qələbələrimizlə, zəfərlərimizlə sevindirək.

Əsgər Elnur Bağışov:
- Vətən müharibəsində qazandığımız Zəfər hər birimizin örnək yeridir. Böyük qələbədən sonra qalib xalqın əsgəri olmaqdan qürur duyuram.
27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə Vətən müharibəsi kimi davam edən əks-hücum əməliyyatları başladı. Döyüşlər Zəfərlə başa çatdı. Dünya dövlətlərinin Azərbaycana münasibəti kökündən dəyişdi. Bu sevinci, bu zəfəri bizlərə yaşadan oğullar arasında mən də olmaq istərdim. Amma həmin günlər yaşım hərbi xidmətə çatmadığından çox təəssüfləndim. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidmət etmək mənim üçün böyük xoşbəxtlikdir.
Mən də Azərbaycan Ordusunun şəxsi heyətini və xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edir, hamıya uğurlar arzulayıram.