Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2021 09:14

Texnikaların sazlığı vacib şərtdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara əsasən, işğaldan azad olunmuş ərazilərdəki mövqelərimizdə və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatının gücləndirilməsinə yönəlik tədbirlər planı bu gün də uğurla həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizdə yeni hərbi hissələr tikilir, yenidənqurma işləri aparılır, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılır. Diqqət yönəldilən məsələlərdən biri kəskin iqlim şəraitində belə bölmələrin fəaliyyətinin lazımi səviyyədə təşkil olunması və şəxsi heyətin sosial rifahının tələblər səviyyəsində qurulmasıdır. Son illərə nəzər salsaq görərik ki, müasir ordu quruculuğu sahəsinə yönəlik aparılan islahatlar - maddi-texniki təminatın müasir standartlar üzərində qurulması, keçirilən müxtəlif miqyaslı təlimlər, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin təkmilləşdirilməsi, vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlər Azərbaycan Ordusunun qüdrətinin artmasına müsbət təsir etdi. Bu təsirin məntiqi nəticəsi idi ki, 44 günə tarix yazan Şanlı Ordumuz ərazi bütövlüyümüzü və tarixi ədaləti təmin etdi. Vətən müharibəsini qələbə ilə taclandıran Azərbaycan Ordusunun təkmilləşdirilməsi və gücləndirilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir.

"N" hərbi hissəsinin avtomobil parkında şəxsi heyət günün nizam qaydasına uyğun olaraq park təsərrüfat günündə texnikaya qulluq göstərirdi. Zabit İsmət Əvəzzadə bildirdi ki, silah və texnikanın istismarını fasiləsiz və dayanıqlı etmək məqsədilə ona lazımi səviyyədə planlı qulluq göstərmək lazımdır. "Bölmənin şəxsi heyətinin əsas vəzifələrindən biri ona təhkim olunan texnika və silahlara lazımi qaydada qulluq etmək və  baş vermiş nasazlığı vaxtında aradan qaldırmaqdır. Hazırda gördüyünüz hərbi qulluqçular öz vəzifələrinin öhdəsindən məharətlə gəlməyi bacarırlar. Bir komandir üçün öz işini bilən və qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəlməyi bacaran şəxsi heyətin olması hər zaman arzuolunandır. Texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və praktiki bilik tələb edir. Məlumdur ki, əgər avtomobil və ya döyüş texnikasında qarşıya qoyulan tapşırığın yerinə yetirilməsinə mane olan bir səbəb yaranarsa və bu problem vaxtında aradan qaldırılmazsa bölmənin döyüş qabiliyyəti də aşağı düşər. Belə problemlərlə üzləşməmək üçün hər bir hərbi qulluqçu silah və ya texnikanın incəliklərini öyrənməli, ona lazımi səviyyədə texniki qulluq göstərməyi bacarmalıdır. Hər birimiz tabeliyimizdəki şəxsi heyətə, müddətli əsgərlərə üzərlərinə düşən vəzifənin yerinə yetirilməsində dəstək oluruq ki, bu da döyüş potensialımızın möhkəmlənməsinə müsbət təsir edir. Lakin texnikaya qulluq təkcə yaranan nasazlıqları aradan qaldırmaq deyil, həmçinin təmizliyini qoruyub saxlamaq, sazlığını təmin etməkdir. Döyüş hazırlığının başlıca şərti yüksək bilik, bacarıq, döyüş ruhudursa, onun tətbiq vasitəsi silah, texnikadır ki, onun da sazlığı vacibdir.

Bu gün Azərbaycan Ordusunun hərbi qüdrəti möhkəmlənməkdə davam edir. Müharibədən yeni çıxmış ordumuzun təcrübəli və peşəkar hərbi qulluqçuları sayəsində ordumuzun gücü getdikcə daha da artır. Mən də Vətən müharibəsi iştirakçısıyam. Çox qürurluyam ki, uzun illərdir arzusunda olduğumuz Böyük Qələbəni yaşayan və yaşadanlar sırasındayam. Xidmətimin bundan sonrakı hissəsini də Vətənə layiq övlad olaraq, əsgərlər yetişdirib davam edəcəm".

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Murad Qasımov uzun illərdir ki, ordu sıralarındadır. "Bir söz var, sülh istəyirsənsə hər an döyüşə hazır olmalısan. Döyüşə hazır olmaq, səninlə bərabər silahının və texnikanın da hazır olması deməkdir. Silahın və texnikanın hər zaman döyüşə hazır vəziyyətdə olması üçün isə ona lazımi səviyyədə qulluq göstərməlisən. Mənə təhkim olunan maşının texniki qulluğunu vaxtlı-vaxtında göstərməli, onu çöl çıxışına hər zaman hazır vəziyyətdə saxlamalı, təmizliyinə və işlək olmasına daim nəzarət etməliyəm". 

Öyrənirəm ki, Murad da 44 günlük haqq savaşımızda iştirak edib, təminat və digər təyinatlı tapşırıqları uğurla yerinə yetirib. 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Tural İbrahimov isə qeyd etdi ki, müharibə bir ildən çoxdur geridə qalıb və bu gün də ordumuzun inkişafına yönəlik görülən işlər günümüzün tələblərinə uyğun, planlı şəkildə davam etdirilir. "Böyük Qələbəmizi şərtləndirən əsas amil Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası oldu. Prezidentimizin çıxışlarından birində dediyi kimi: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur”. Lakin təkcə Hərbi Qənimətlər Parkına baxmaq kifayətdir ki, gücümüzün düşməndən müqayisəyəgəlməz dərəcədə yüksək olduğunu görə biləsən. Eləcə də düşməndən əldə etdiyimiz işlək, saz vəziyyətdə olan texnikalarla düşmənin özünə verilən itkiləri də xatırlatmaq yerinə düşərdi. Bu gün Zəfər tarixinin bir parçası olmaq qürurvericidir. Şəhidlərimizin şəhadəti mübarək olsun, qazilərimizə şəfa diləyirəm. Biz polad iradəli, cəsur ürəkli oğullarımızla tarix yazmışıq. O oğullar ki, qarşıya qoyulmuş tapşırıqları şərəflə, vicdanla yerinə yetirdilər. Lakin qələbə bizi arxayınlaşdırmır. Daim öz üzərimizdə çalışıb, hərbi bilik və bacarıqlarımızı artırırıq. Hamımız ordumuzun daha da güclənməsinə çalışmalı, bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Qoy bütün dünya bilsin ki, Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın dəstəyi ilə bundan sonra da Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmışıq. Xalqımız əmin olsun ki, bu gün Vətənimizin müdafiəsi etibarlı əllərdədir. Necə deyərlər - Vətən gözdür biz kirpik, gözümüzün keşiyini çəkirik”.

 

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"