Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2021 09:14

“Komando - cəldlik, çeviklik, mübarizlik və məğlubedilməzlikdir...”

Hərbi hissə və birləşmələrdə müntəzəm olaraq keçirilən təlim-məşqləri yaxından izləmək, zabitlərin, əsgərlərin hərəkətlərini müşahidə etmək ovqatımıza ovqat qatır, ürəyimizi qürurla doldurur. Təlimlərdə zabit və əsgərlərimizin nümayiş etdirdiyi peşəkarlıq, göstərdiyi müsbət nəticələr ordumuzun gücündən, qüdrətindən xəbər verir. Dünya ordumuzun qüdrətini, bacarığını 2020-ci ilin payızında daha da yaxından gördü, düşmən üzərində qazandığı uğurlardan, zəfərlərdən xəbər tutdu. Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızı azad etdi. Ordumuzun gücü və qüdrəti artdıqca xalqın da inamı, sevgisi artır. Bu gün ölkəmizin vətəndaşları əsgəri xidmətə böyük həvəslə, yüksək ovqatla yollanırlar. Ona görə ki, artıq onlar İkinci Qarabağ müharibəsində yağıları məğlub etmiş qalib ordunun sıralarında xidmət edəcəklər.

Zabit və əsgərlərin mütəmadi iştirak etdiyi genişmiqyaslı təlim-məşğələlər, döyüş atışlı taktiki çalışmalar, müxtəlif idman yarışları və başqa mühüm tədbirlər orduda döyüş hazırlığının prioritet məsələ olduğunun göstəricisidir. Belə tədbirlər zamanı, bir növ  şəxsi heyətin bacarığı sınağa çəkilir. Sevindirici hal odur ki, hərbçilərimiz təlim-məşqlərdə yüksək peşəkarlıq nümayiş etdirərək qazandığı uğurlar, təkcə onların özlərini deyil, təlim-məşqləri izləyənləri də fərəhləndirir.

Hazırda Azərbaycan Ordusu tarixinin çox şərəfli günlərini yaşayır. Vətən müharibəsindən qalib çıxmış ordumuzda həyata keçirilən islahatlar davam edir. Ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün daha da etibarlı qorunması üçün yeni komando hərbi hissələri yaradılır. Keçirilən təlim-məşqlərin müsbət nəticələri aydın şəkildə göstərir ki, yeni yaradılan komando hərbi hissələri ordumuzun indiyədək qazandığı uğurlarını gələcəkdə daha da artıracaqdır.    

Komando hərbi hissələrinin birindəyik. Şux duruşlu, iti yerişli, qartal baxışlı, səliqəli geyimli hərbçilərimizi gördükcə qürur hissi keçiririk. 

Mayor Ramin Nuriyev şəxsi heyətin döyüş hazırlığından söz açaraq deyir ki, komando hərbi hissəsində xidmət etməkdən qürur duyuram. “Şəxsi heyət daim təlim-məşğələlər keçir, döyüş hazırlığını artırır. Havanın soyuq keçməsinə baxmayaraq, dərs və məşğələlər təsdiq olunmuş döyüş hazırlığı planına uyğun davam edir”. Komandoların çöl məşğələlərini izləmək üçün zabitlə  onların yanına yollanırıq. R.Nuriyev deyir ki, şəxsi heyət müntəzəm olaraq həm nəzəri, həm də praktiki məşğələlərə cəlb edilir, döyüş hazırlıqlarını artırır, daim öz üzərlərində çalışır. Çalışqanlıq isə hər zaman onlara başucalığı gətirir.

Hərbçilərimiz ağ örpəyə bürünmüş dağların zirvəsində məşğələ keçirlər. Onların tapşırığı yerinə yetirərkən göstərdiyi cəld və çevik hərəkətlər ovqatımızı xeyli yüksəldir. Havaların xeyli soyumasına məhəl qoymayan şəxsi heyət xidmətini davam etdirir. Qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirir.

Söhbət edə-edə zabit və əsgərlərə yaxınlaşırıq. Dünəndən yağan qar dayanıb, hava bir az açılıb, buludlar göy üzündən çəkilib. Xüsusi geyimdə olan və qarda çox da nəzərə çarpmayan komandolar məşğələnin mövzusuna uyğun olan hərəkətlər edir, tapşıqları yerinə yetirirlər.

- Əsgərlərimiz komando hərbi hissəsində həvəslə, maraqla xidmət edir, üzərlərinə düşən tapşırıqları məsuliyyətlə yanaşırlar, - deyə kapitan Taleh Əlcəfərov söhbətə başladı. - Onlar komando əsgərinin bacarmalı olduğu hərəkətləri mənimsəmək üçün məşğələlərdə fəal iştirak edirlər. Bunun sayəsində onlar tez bir zamanda xüsusi vərdişləri mənimsəyirlər. Hərbçilərimizin bir qrupu Türkiyə Respublikasının hərbi məktəblərində komando kuslarını bitirib. Onlar dərslər zamanı əxz etdikləri bilik və döyüş vərdişlərini əsgərlərə böyük həvəslə aşılayırlar. Bəzən əsgərlər mənə sual verirlər ki, komando nə deməkdir. Onlara cavab verirəm ki, komando - cəldlik, çeviklik, mübarizlik, məğlubedilməzlikdir. Yəni, döyüşdə hər şeyi bacaran deməkdir! Bu sözlər əsgərlərin dillərinin əzbəridir.   

Qısa söhbətdən sonra komandolar məşğələlərini davam etdirirlər. Zabit onlara müxtəlif komandalar verir. Komandirin əl işarələri ilə bir göz qırpımında gah yerə uzanır, gah da ətrafa səpələnib görünməz olurlar. Əlverişli mövqe tutaraq atəş açırlar. Atəş açandan sonra bir an içində mövqelərinə çəkilirlər. Çöl məşğələsi davam etdikcə əsgərlər komandirin verdiyi digər tapşırıqları da qısa zaman ərzində yerinə yetirirlər. Hər addımda, hər hərəkətdə şəxsi heyətin peşəkarlığı, bacarığı diqqəti cəlb edir. Onlar bu vərdişləri gərgin keçən təlim-məşqlərdə qazanıblar ki, döyüşlərdə düşməni tez bir zamanda üstələyib məğlub etsinlər. Çöl məşğələsi keçən komandoların hərəkətlərindəki məğrurluq, məğlubedilməzlik, mübarizlik onların ruhlarına da, qəlblərinə də hopub. İnanırıq ki, bu ruh əsgərlərimizi yeni-yeni qələbələrə, zəfərlərə qovuşduracaq.

Fasilədə komandolarla görüşüb söhbət edirik. Gizir Cəlil Xəlilov dedi ki, komando hərbi hissəsində xidmət etmək həyat amalımdır. “Təlim-məşğələlərdə iştirak etdikcə təcrübə və səriştəmiz artır. Özümüzü məğlubedilməz hiss edirik. Həmişə güclü və bacarıqlı olmağa çalışırıq. Çünki güclülər həmişə qalib gəlirlər. Biz komandolar da qalib gəlmək üçün daim gücümüzü artırırıq”. 

- Hərbi xidmətə çağırılanda komando hərbi hissəsində xidmət edəcəyimi gözləmirdim, - deyə əsgər Rüfət Xəlilov söhbətimizə qoşulur. - Amma taleyimdə belə bir xoşbəxtlik varmış. Hərbi həyata marağım sonsuzdur. Ona görə də keçirilən təlim-məşqlərdə hərbi bilikləri həvəslə mənimsəyirəm. Günlər arxada qaldıqca hərbi biliyim daha da artır. İndi bacarıqlı əsgərlərdən biriyəm. Silahla düzgün davranmağı, ərazinin təbii relyefinə uyğun mövqe tutmağı, hədəfə dəqiq atəş açmağı, manevr etməyi və tələb olunan başqa döyüş vərdişlərini yaxşı mənimsəmişəm. Buna  görə də təlimlər zamanı verilən tapşırıqların öhdəsindən layiqincə gəlirəm. 

Əsgərlər Saleh Sultanov, Bəkir Əfəndiyev, Aslan Məmmədli və başqaları ilə də söhbət edib, onların ürək sözlərini dinlədim. Onlar da komando hərbi hissəsində xidmət etməkdən qürur duyduqlarını dedilər. 

...Əsgərlər yorulmaq bilmədən döyüş hazırlıqlarını artırırlar. Artan bu döyüş hazırlığı isə komandoları addım-addım qələbələrə, zəfərlərə yaxınlaşdırır.

 

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR