Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2021 09:14

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə silsilə tədbirlər keçirilir

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il bayramı münasibətilə "Biz birlikdə güclüyük!" adlı tədbir keçirildi. 

Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup zabit və müəlllim heyəti, respublikamızın mədəniyyət və incəsənət nümayəndələri və başqa qonaqlar iştirak etdilər. 

"Biz birlikdə güclüyük!" adlı tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbir iştirakçıları "Dünya azərbaycanlılarının həmrəyliyi milli birliyin təntənəsidir"  və "Sərhədlərin sökülməsi hərəkatının meydana gəlmə şəraiti və tarixi" adlı məruzə və çıxışları dinlədilər. 

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. "Azərbaycançılıq ideologiyasının güclənməsində, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin yaranmasında, formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsində, onların birliyinin və həmrəyliyinin təmin olunmasında, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər ölkəmizin sərhədlərindən kənarda yaşayan bütün dünya azərbaycanlılarının ruh yüksəkliyinə səbəb oldu."

31 Dekabr tarixi günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr qurmaq və onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm  rol oynadığını  deyən muzey rəisi vurğuladı  ki, bu gün iqtisadi, siyasi, mədəni və sosial sahələrdə nail olduğu inkişafa görə Vətənimiz hər bir vətənpərvər azərbaycanlı üçün iftixar mənbəyinə çevrilib. 

Tədbir  "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdi.

Muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov ötən əsrin sonlarında baş verən  hadisələrin qısa şərhini təqdim edərək həmin dönəmdə sərhədlərin sökülməsi hərəkatının meydana gəlmə şəraitindən və tarixindən maraqlı faktlar söylədi. 

Tədbirin sonunda respublikamızın mədəniyyət və incəsənət nümayəndələrinin ifasında hərbi vətənpərvərliyi və böyük Zəfərimizi tərənnüm edən musiqi nömrələri səsləndirildi.

 

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"