Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2021 11:00

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin plenumu keçirildi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 2021-ci ildə görülən işlərlə bağlı 4-cü plenumu keçirildi. Plenumda Müdafiə Nazirliyinin tabeliyində olan birləşmə, birlik, idarə və müəssisələrinin həmkarlar təşkilatlarının sədrləri iştirak etdilər.

Plenumda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himninin ifasından sonra ilin yekunlarına həsr olunmuş tədbir açıq elan olundu.

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova plenumun gündəliyinə daxil olan məsələləri iştirakçıların diqqətinə çatdırdı. 30 noyabr 2020-ci ildən 17 dekabr 2021-ci il tarixədək olan dövr ərzində komitənin gördüyü işlərdən söz açdı. Bildirdi ki, bəşəriyyəti ağuşuna alan COVID-19 bəlası ölkəmizdən də yan keçməyib. Lakin pandemiya dövründə bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqı da fəaliyyətini məhdud çərçivədə olsa da layiqincə davam etdirib.

- Otuz ilə yaxın torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğala məruz qalıb. Bu illər ərzində Azərbaycan xalqı və dövləti səbir nümayiş etdirərək sülh danışıqları yolu ilə torpaqlarımızın azad olunmasına çalışdı. Lakin düşmən yeni ərazilər işğal etmək iddiasına düşdü. Vaxtaşırı dövlət sərhədlərində, eləcə də işğalda olan torpaqlarımızda təxribatlar törətməyə cəhd etdi. Ötən il sentyabrın 27-də erməni qəsbkarlarının hücumunun qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alındı. Ordumuz Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başladı. Qısa müddət ərzində qəhrəman döyüşçülərimiz düşmənin "keçilməz" istehkamlarının külünü göyə sovurdu, xeyli canlı qüvvəsini, döyüş texnikalarını məhv etdi.  Ermənilər döyüş meydanındakı məğlubiyyətilə barışmaq istəmir, cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Bərdə, Ağcabədi, Goranboy, Mingəçevir, Naftalan və Tərtər şəhərlərini raket atəşinə tuturdu. Nəticədə 94 nəfər dinc sakin (onlardan 11 nəfəri azyaşlı olmaqla) müharibənin qurbanı oldu. Bombardman nəticəsində 400-dən artıq mülki şəxs yaralandı. Bu təxribatlara baxmayaraq 44 gün ərzində Azərbaycan Ordusu düşməni məğlub edərək işğal altında olan ərazilərimizi azad etdi, - deyə Abiyat Ağadadaşova bildirdi.

Sədr qeyd etdi ki, Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanovun göstərişi ilə müharibə vaxtı və müharibədən sonra həmkarlar müntəzəm olaraq  döyüşçülərin yanında olub, onlara həm maddi, həm də mənəvi dəstək göstəriblər. 

Müdafiə Nazirliyində mülki şəxslərin işə qəbulu ilə bağlı ötən ilin müvafiq dövründə Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Respublika Həmkarlar İttifaqı Komitəsinin sədri Hikmət Osmanov növbəti üç il müddətinə Sahə Kollektiv Sazişi imzalamışlar. Qalan 9 təşkilatda isə kollektiv müqavilələrin bağlanması istiqamətində iş getdiyi bildirildi. 

İkinci Qarabağ müharibəsində yüzdən artıq həmkarlar təşkilatının üzvü iştirak edib. Onlardan üç nəfər şəhid olub, on nəfər isə yaralanıb. Şəhid ailələrinə və qazi həmkarlara komitə maddi yardım göstərib.

Məruzədə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi idarə heyətinin üzvləri ilə şəhid ailələrinə, qazilərə, Böyük Vətən müharibəsi və Silahlı Qüvvələr veteranlarına maddi dəstək göstərib. 1500 nəfərdən artıq üzvün ölkəmizin müxtəlif bölgələrində istirahəti təmin edilib. 

Abiyat xanım qeyd etdi ki, sədri olduğu komitə həmkar üzvlərinin bu il ali məktəbə qəbul olan və 1-ci sinfə gedən uşaqlarını da nəzərə alıb. Tələbə adı qazananlara birdəfəlik pul mükafatı verilib. 1-ci sinif şagirdlərinin hər birinə məktəbli çantaları bağışlanıb. Silahlı Qüvvələr günündə düşməndən azad olunmuş ərazilərdə xidmət edən bir qrup əsgərə qiymətli hədiyyə təqdim olunub. "Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aparat rəhbəri Şaiq Əhmədovun və  bir neçə rəyasət heyəti üzvünün iştirakı ilə hərbi hissələrdə görüşlər keçirilib. "Qarabağ Azərbaycandır!" devizi altında 8 Noyabr - Zəfər Günü münasibətilə ermənilərdən azad edilən ərazilərdə və digər hərbi hissələrdə xidmət edən hərbçilərə müxtəlif sovqatlar və gündəlik istifadə edilən gigiyenik ləvazimatlardan ibarət bağlamaları təqdim edərək qəhrəman əsgərlərimizi təbrik etmişik".

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova komitənin təşkilati məsələlərindən də söz açdı.  Rəyasət heyətinə yeni üzvlərin seçilməsi üçün namizədlər təklif olundu, onlar yekdilliklə seçildilər.

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin COVID-19 pandemiyası ilə əlaqədar 2024-cü ilə qədər təşkilatlarda hesabat-seçki yığıncaqlarının keçirilməsinin təxirə salındığı qeyd olundu.

 Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin yeni seçilmiş sədr müavini Zakir Müslümov çıxışında komitə rəhbərliyinin gördüyü işlərdən danışdı və onun uğurlu fəaliyyətini xüsusi qeyd etdi. 

Abiyat Ağadadaşova yerli təşkilat sədri Alim Məmmədovu 55 illik yubileyi münasibətilə təbrik edərək fəxri fərman təqdim etdi. 

Sonda Abiyat xanım yerli təşkilat sədrlərini maraqlandıran sualları cavablandırdı.

 

Bəxtiyar ƏLİYEV  "Azərbaycan Ordusu"