Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2021 11:00

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olundu

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan "Şəhidlər ölməz, Vətən bölünməz" adlı silsilə tədbirlər keçirildi.

Tədbirlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Müharibə veteranları, şəhidlərin ailə üzvləri, yaxın qohumları, döyüş yoldaşları, qazilər və  ictimaiyyət  nümayəndələrinin iştirak etdiyi mərasimlərdə şəhidlərin döyüş yolundan bəhs edən videoçarx təqdim olundu.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid Bəhruz Səttar oğlu Əhmədovun anası Gülnar Əhmədova oğlunun həyat və döyüş yolu haqqında mərasim iştirakçılarına məlumat verdi: 

- Bəhruz 27 iyun 1997-ci ildə Sabirabad rayonunun Balakənd kəndində dünyaya göz açıb. 2003-cü ildə Zeynalabdin Tağıyev adına 6 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. 9-cu sinfi bitirdikdən sonra təhsilini rayondakı texniki-peşə məktəbində davam etdirib. Traktorçu-çilingər ixtisasına yiyələnib. 2015-ci ildə ordu sıralarına yollanıb. Əsgəri xidmətini cəbhə bölgəsində yerləşən hərbi hissədə yerinə yetirib. 2017-ci ildə xidmətini uğurla başa vuraraq doğmalarının yanına qayıdıb. Ordu sıralarından qayıtdıqdan sonra idmana maraq göstərib, qaydasız döyüşün sirlərinə yiyələnib. Müxtəlif yarışlarda gücünü sınayıb. Gürcüstanda, Rusiyada və başqa yerlərdə keçirilən yarışlarda ölkəmizi layiqincə təmsil edib. Vətən müharibəsi başlayanda cəsur əsgər kimi döyüşlərə yollanıb. Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda vuruşub. Bəhruz həmişə öndə olmağa çalışırdı. İkinci Qarabağ müharibəsində də öndə vuruşub. Tez-tez zəng vurub uğurlu döyüşlərindən danışırdı. Təəssüflər olsun ki, 19 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə oğlum "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb. 

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Təşkilatının Səbail rayon üzrə sədri Müslüm Rzayev, əsgər dostu Zaur Qasımov və başqaları çıxış edərək Bəhruz Əhmədovun döyüşlərdə göstərdiyi igidliklərindən söz açdılar.

Şəhid Bəhruz Əhmədovun atası Səttar Əhmədov çıxış edərək oğlunun xatirəsini əziz tutduqlarına görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Anım mərasiminin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən mahnılar oxudular.

 

* * *

 

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhidlər - əsgər İslam Həsən oğlu Eyvazovun, tibb xidməti leytenantı Turqut Nadir oğlu Xəlilbəylinin və əsgər İlkin Rəfail oğlu Quliyevin xatirələrinə həsr olunmuş anım mərasimində çıxışlar zamanı bildirildi ki, Vətən müharibəsində Azərbaycanın cəsur, mərd və qəhrəman oğulları torpaqlarımızı işğaldan azad edərək, illərdir həsrətində olduğumuz qələbə sevincini bizlərə yaşatdılar. Turqut, İslam və İlkin kimi minlərlə oğullarımız şəhadəti ilə müasir tariximizi yenidən yazdılar. Bu gün dünya dövlətləri tərəfində tanınan sərhədlərimiz onların fədakarlığı sayəsində bərpa olunub. Şəhidlərin döyüş yolunu öyrənib, gələcək nəslə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur. 

Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İslam Eyvazov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin  azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları, Turqut Xəlilbəyli "Azərbaycan bayrağı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları, İlkin Quliyev isə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları təltif olunublar.

Şəhid valideynləri çıxışlarında övladlarının xatirəsini əziz tutduqlarına görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən mahnılar ifa etdilər.

 

Vahid MƏHƏRRƏMOV  "Azərbaycan Ordusu"

 

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü  uğrunda şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Adəm Əliyevin anası Akifə Ağayeva nə qədər çətin olsa da, Adəmin ona bəxş etdiyi şəhid anası adını qürurla daşıdığını, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarımızı heç zaman unutmayacağını dedi: "Adəm bu gün Kürdəmir rayonunda Şəhidlər xiyabanında uyuyur... O, rayonumuzun 44 günlük Vətən müharibəsində ilk şəhid olanlarından biridir".

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi polkovnik-leytenant İlkin Qayıbov anım mərasimində çıxış edərək   bildirdi ki, biz şəhidlərimizin qanı, canı bahasına Zəfər qazandıq. Azərbaycanımızın ərazi bütövlüyü bərpa olundu. “Vətənimizin igid oğulları döyüşdülər, şəhidlərimizin qisasını aldılar, torpaqlarımızı  erməni işğalçılarından azad etdilər. Şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq, adları  heç zaman unudulmayacaq”.

Anım mərasimində çıxış edən şəhidin dostu Vətən müharibəsi qazisi  Ramin Şirinov  Adəm Əliyevin şərəfli döyüş yolundan - vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi igidliklərindən danışdı. Eyni zamanda, döyüş yoldaşları Adəm Əliyevlə  bağlı  xatirələrindən söhbət açdılar.

Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid Adəm Əliyev "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.

Şəhid valideynlərindən Mehriban Əbdürrəhmanova, Tünzalə Abdullətimova  çıxışlarında onlara göstərilən diqqət və qayğıya, övladlarının adının və xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan  Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.  

Anım mərasimi Həzi Aslanov adına Ordu İdeoloji  və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında  qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən, şəhidlərimizin xatirəsinə həsr olunan mahnı və marşlarla davam etdi.

 

Lalə HÜSEYNOVA  "Azərbaycan Ordusu"